“Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın”

16:53 - 06 Avqust
    5850 oxunma

"Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır".

Bu sözləri Prezident İlham Əliyev bugünkü müşavirədə deyib. O bildirib ki, aparılan islahatlar nəticəsində 6 ay ərzində proqnozdan əlavə vəsait yığılıb: "Əfsuslar olsun ki, bu il turizm sektoru tam tənəzzülə uğrayıb və əlbəttə, bizi məyus edir. Çünki çox böyük perspektivlər var idi. Ancaq indi yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, kifayət qədər imkanlar var.

Onu da bildirməliyəm ki, bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir.

Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi.

Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi - bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir.

Ancaq narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84