“Tədris ilinin başlanmasına hazır deyildik” - Niyə 6 ayda heç bir iş görülmədi?

15:23 - 22 Sentyabr
    1255 oxunma

“Tədris ilinin başlanmasına hazır deyildik” 

Tədris ili başlayandan bu günədək Azərbaycan məktəblərində 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfər koronavirusa yoluxub. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar. Bu isə insanlar arasında müəyyən qədər xof yaradıb. Nəticədə ibtidai sinifdə oxuyan 7 868 şagirdin valideyni könüllü şəkildə uşaqlarını məktəbə buraxmır. Bildirək ki, ibtidai sinifdə distant təhsil yoxdur.

Maraqlıdır, uşaqların təhsildən kənarda qalması gələcəkdə hansı problemlərə yol aça bilər? Təhsil eksperti Elşən Qafarov açıqlamasında bildirib ki, 700 min nəfər arasında 121 nəfərin koronavirusa yoluxması gözləniləndir:

“Təhsil Nazirliyinin açıqlamasına görə, hazırda 1-4-cü siniflərdə 600 mindən çox şagird təhsil alır. Əgər prosesə 100 min civarında müəllim cəlb olunubsa, ümumilikdə 700 min nəfər olur ki, onların içərisində 121 nəfərin virusa yoluxması gözləniləndir, yəni bu, elə də böyük rəqəm deyil. Biz hələ bilmirik ki, onlar virusa məktəbdə, yoxsa kənarda yoluxublar. Təhsil Nazirliyi elan etmişdi ki, hansı məktəbdə yoluxma halı olarsa, həmin məktəblərdə araşdırma aparılacaq və hazırda məsələ ətrafında Operativ Qərargah, o cümlədən də Təhsil Nazirliyi araşdırmalar aparır. Hansı sinifdə yoluxma varsa, distant təhsilə keçmək adı ilə orada tədris dayandırılır. Ümumilikdə pandemiya bütün dünyaya, o cümlədən də Azərbaycan təhsilinə böyük zərbə vurdu. Onsuz da təhsilimizdə çox şey qaydasında deyildi, vəziyyət daha da gərginləşdi”.

Mütəxəssis qeyd edib ki, bu rəqəbmlərə əsaslanaraq tədris prosesini dayandırmaq lazım deyil:

“Azərbaycanda internet probleminin olması doğrudan da faciədir, ölkədə internet böhranı yaşanır. Əgər biz şəhərdə internetlə bu çətinlikləri yaşayırıqsa, ucqar ərazilərdə yaşayanlar üçün təhsil almağın olduqca çətin olduğu məlumdur. Digər tərəfdən Təhsil Nazirliyinin onlayn dərslər keçən virtual məktəb platforması texniki səbəblərə görə demək olar ki, çöküb, fəaliyyət göstərmir. Belə bir zamanda distant təhsilə keçmək mümkün deyil. Çox ciddi problemlər var. Kompüter, planşet və telefonun olmaması da təhsildəki maneələri artırır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ibtidai təhsil təhsilin bazasıdır. Burada elementar zəiflik göstərmək belə uşaqların psixologiyasına ciddi təsir edər:

“Bizdə distant təhsil yoxdur. Bizdə dərsləri onlayn və hibrit formada keçmək var. Konkret olaraq biz tədris ilinin başlamasına hazır deyildik. Keçən altı ay ərzində çox işlər görə bilərdik, amma görmədik və yaxud da lazımi səviyyədə görə bilmədik. Onun nəticəsidir ki, bu gün çox böyük çətinlik çəkirik. İbtidai təhsil ümumtəhsilin bazasıdır, burada hətta müəllimin dəyişməsi belə uşaqların psixologiyasına çox ciddi təsir göstərir.

Onun sonrakı illər ərzində təhsil almasında ciddi fəsadlar üzə çıxır. Nəticə budur ki, biz bunun ağrısını hələ çox çəkəcəyik. Bunun çıxış yolu var idi, amma biz etmədik. 20 il idi ki, biz distant təhsildən imtina edirdik, istəmirdik, halbuki dünyanın bütün ölkələri buna çoxdan keçmişdilər. Martın 3-dən etibarən tədris dayanıb. Keçən bu müddətdə ölkədə internetin yaxşılaşdırılması üçün işlər qismən görülsə də, bu, tam tələbatı ödəmədi. Başqa bir tərəfdən, ən azından ibtidai təhsil alanlara planşetlər paylanıla, dərslər verilə bilərdi.

Biz bunu da etmədik. Xaricdə biznesmenlərin təhsil sahəsində şagirdlərə dəstək olduğunu gördük. Bizdə isə bu kimi işlərdə yardım edən yoxdur. Mühit elədir ki, iş adamları xüsusilə də bu tip sosial layihələrə yaxın durmurlar. Xoş olmayan vəziyyətdir. Amma bunlara baxmayaraq, təhsilin bütün tərəflərinə səslənirəm ki, Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il 332 nömrəli qərarı, o cümlədən Təhsil Nazirliyinin göndərdiyi bir neçə təlimatlar var ki, onlar xüsusi karantin rejimində sanitar-gigiyenik qaydaların gözlənilməsi ilə bağlıdır. Həmin tələblərə ciddi əməl etsinlər. Yoluxma hallarının artmasına imkan verməsinlər”. /Yenisabah.az/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84