.
.

TƏBİB rəsmisindən qapanma ilə bağlı açıqlama

11:45 - 18 Mart
    7040 oxunma


"Son günlər dünyada və eləcə də ölkəmizdə COVID-19-a yoluxma hallarının artmasının "üçüncü dalğa” adlandırılmasını doğru hesab etmirəm. Çünki ilk dalğa, var olan infeksiya bütün dünyada davam edir. Virusa yoluxma tamamilə sıfırlanmır və yenisi yaranmırsa, bu elə birinci dalğanın davamıdır. Sadəcə prosesə insan faktoru təsir göstərir”. 

Bizimxeber.az xəbər verir ki, bunu dünyada COVİD-19-a yoluxmada "üçüncü dalğa” və Azərbaycandakı vəziyyətlə bağlı Modern.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib.

V.Əliyev bunun səbəbini qapanmalara gedildikdən sonra yoluxma sayının tamamilə yox olmaması ilə izah edib: "Qapanmalara gedildikcə yoluxma sayı azalır, amma tamamilə yox olmur, infeksiyanın yayılması az da olsa davam edir. Təbii olaraq yumşaldılmalara gedildikcə, insanlar arasında təmaslar artdıqca yoluxma sayı da artır. Bu da normaldır, üçüncü dalğa deyil. Var olan baryerin götürülməsilə infeksiyanın artmasıdır.

Avropa ölkələrində yoluxma sayı artmaqdadır, buna həmin yerlərdə qeydə alınmış mutasiyalar da təsir edir. Eyni zamanda, qapanma sonrası yoluxma sayındakı azalma ilə yumşaldılmalara gedilməsi daha sonra xəstə sayının artımına səbəb olur. Məhdudiyyətlərin aradan qaldırılması insanlarda arxayınlığa, tələb olunan qaydalara əməl etməmələrinə gətirib çıxarır. Nəticədə virus da artmağa başlayır. Proses Azərbaycanda da belədir, bu, üçüncü dalğa yox, var olan infeksiyanın mərhələli gedişatıdır.

Əvvəlki təcrübələrdən də məlum olduğu kimi yumşaldılmara gedildikcə xəstəliyin artacağı gözlənilən idi. Bunu daha əvvəl də yaşamışıq, ona görə say artımı sürpriz olmadı. Məsələ burasındadır ki, qapanmaların uzunmüddətli tətbiqi bütün sahələrə mənfi təsir edir. Amma insan sağlamlığı əsas götürüldükdə qapanmalar qaçılmaz olur”.

İnfeksionistin sözlərinə görə, xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsilə bağlı müəyyən təcrübə formalaşıb: "Bir ildən artıqdır ki, xəstəxanalar COVID-19 xəstələrinin qəbulu, müalicəsilə məşğuldurlar. Bununla bağlı bəlli təcrübələr toplanıb, sistem formalaşıb, həkimlərin bu sahədə məlumatları artıb. Bu baxımdan hazırda xəstəxanalarda çarpayı sayı, həkim çatışmazlığı kimi hansısa problem yoxdur”.

V.Əliyev qarşıdan gələn bayram günlərində vətəndaşları daha məsuliyyətli olmağa çağırıb: "Bir həkim kimi tövsiyəm odur ki, daha əvvəl yaşadığımız qapanmaları yaşamamaq üçün mütləq şəkildə yaxın təmasdan uzaq olmalıyıq. Yaxşı olar ki, insanlarımız bayramı öz evlərində qeyd etsin, bir-birinin evinə qonaq getməsin, kütləvi toplaşma olmasın. Qapanmaların olub-olmayacağı yoluxmanın dinamikasından və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq.

Biz TƏBİB olaraq qapanma və açılmalarla bağlı qərar vermirik. Qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan qurumların birgə təkliflərinə əsasən verilir. Verilən qərarlar isə ümumi vəziyyət qiymətləndirilərək və insanların sağlamlığı əsas götürülərək qəbul edilir”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84