. .

Tacikistanla Qırğızıstan arasında toqquşmalar davam edir, ölənlərin sayı artır

11:20 - 30 Aprel
    22000 oxunma

Bu gün səhər saatlarında Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalırdı. Xəbərlərə görə iki ölkənin sərhəd postları arasında qarşılıqlı atışmalar qeydə alınır. Qırğızıstanın Səhiyyə Nazirliyi tacik tərəfinin açdığı atəşlər nəticəsində 13 dinc sakinin həlak olduğunu bildirir, sərhədçilər arasında həlak olanlar barədə məlumat açıqlanmır. 130-dan çox dinc sakinin yaralandığı məlumdur.

Tacikistan hakimiyyəti isə hələlik öz tərəfindən ölən və yaralananlarla bağlı rəqəmlər vermir. Bu gün səhər saatlarında Qırğızıstanın Batken vilayətinin sərhədə yaxın yerləşən İnternasional kəndinin başçısı Mırzabek Jumabayevin taciklər tərəfindən girov götürüldüyü də məlum olub. O, tacik hərbçilərinin kəndə hücumu zamanı həlak olan 2 dinc sakinin meyitini götürmək üçün gedibmiş. Kənd rəhbəri Tacikistan ərazisinə aparılıb, onun taleyi barədə məlumat yoxdur.

Habelə səhər saatlarında “Kızıl-Bel” nəzarət-buraxılış məntəqəsinin yaxınlığında da atəşma olub və nəticədə qırğız gömrükçüsü yaralanıb. Qırğızıstan və Tacikistan hər ikisi KTMT üzvüdür və baş verənlər bu hərbi blokda ciddi narahatlıq yaradıb. KTMT-nin baş katibi Stanislav Zas Düşənbədə bloka daxil olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin toplantısı çərçivəsində Tacikistan və Qırğızıstan təhlükəsizlik şuraları katibləri ilə situasiyanı müzakirə edib.

“KTMT hesab edir ki, bu münaqişə bitməlidir. Onu dinc yolla nizamlamaq lazımdır. Münaqişənin nizamlanması üçün bütün zəruri tədbirlər görülür”,-Stanislav Zas bildirib. Son məlumatlara görə, Qırğızıstan hakimiyyəti sərhədboyu kəndlərdən 3 minə yaxın sakini evakuasiya edib. Baş nazirin birinci müavini Artem Novikov sərhəddə lokal toqquşmaların hələ də davam etdiyini bildirirb. “Danışıqlar nəticəsində qoşunların geri çəkilməsi barədə razılıq əldə olunub, amma hazırda lokal toqquşmalar davam edir, böyük gərginlik ocaqları yoxdur. Tacikistan tərəfi ara-sıra təxribatlara əl atır”,-o deyib.

Bundan əvvəl Qırğızıstan və Tacikistan iki respublikanın sərhədində münaqişənin həllinə dair birgə qrupun yaradılması barədə razılığa gəliblər. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib.

“Tərəflər iki dost xalqın və dövlətin mənafeyi naminə səmərəli danışıqlar prosesinin aparılması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və müvafiq sabitləşdirici şəraitin yaradılması məqsədilə hüquq-mühafizə orqanları və iki ölkənin icra hakimiyyəti əməkdaşlarının birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər”, - məlumatda deyilir. Qırğızıstan XİN-in məlumatına görə, bu qərar iki dövlətin işçi qruplarının görüşü zamanı qəbul edilib.

“Həmçinin Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqdi vilayətinin sərhədyanı sahələrində vəziyyətin sabitləşdirilməsi üzrə danışıqlar prosesinin davam etdirilməsinə dair razılıq əldə olunub”, - XİN qeyd edir. Xatırladaq ki, münaqişə iki ölkə sərhədində yerləşən mübahisəli su kanalı üstündə başlayıb. Hər iki tərəf münaqişəyə görə bir-birlərini ittiham edir. 

 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84