Stoltenberq: “NATO Qara dənizdə iştirakını artırır”

14:23 - 11 Fevral
    15680 oxunma

“NATO Rusiyanın regiondakı hərəkətlərinə cavab olaraq Qara dənizdə iştirakını gücləndirir” PİA.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu açıqlama ilə çıxış edib.

Ukraynanın Baş naziri Denis Şmiqal ilə Brusseldə keçirilən görüşün yekunlarına dair mediaya açıqlamasında Stoltenberq bildirib ki, Qara dəniz NATO müttəfiqləri - bizim sahilyanı dövlətlərimiz - Türkiyə, Bolqarıstan və Rumıniya üçün strateji əhəmiyyətə malikdir: “Bundan əlavə, regionda iki yaxın və çox dəyərli tərəfdaşımız var:

Ukrayna və Gürcüstan. Eyni zamanda, biz Qara dənizdə Rusiya qoşunlarının xeyli artmasının şahidi olmuşuq, bu da Krımın qanunsuz ilhaqı, həmçinin bölgədə bu il Hərbi-Dəniz Qüvvələrini artırması ilə bağlıdır", — deyə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransındakı çıxışında bildirib.

Alyans rəhbərinin fikrincə, Şimali Atlantika bloku Rusiyanın regiondakı hərəkətlərinə cavab olaraq Qara dənizdə iştirakını gücləndirib. "Son bir neçə həftə ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmisi Qara dənizdə idi. O cümlədən Ukrayna donanması ilə təlimlər keçirilib. Bizim Rumıniyanın Krayova şəhərində yerləşən Rumıniya komandanlığı altında çoxmillətli hərbi qüvvələrimiz var. İspan təyyarələri isə hazırda NATO — nun regiondakı hava məkanında patrul xidməti həyata keçirirlər", - deyə Stoltenberq bildirib.

Ukraynanın Baş naziri Denis Şmiqal isə öz növbəsində qeyd edib ki, Kiyev NATO ilə birgə bu il Odessada komanda-qərargah təlimləri ("Sarsılmaz Mətanət") keçirəcək. Beləliklə, bu il Rusiyanın sərhədləri yaxınlığında blokun miqyaslı hərbi təlimlərinin növbəti seriyası başlayacaq.

Xatırladaq ki, hələ ötən ilin dekabrında Ukraynanın müdafiə naziri Andrey Taran 2021-ci ildə 22 çoxmillətli təlimdə iştirak edəcəklərini, onlardan 14-nün xaricdə, 8-nin isə öz dövlət ərazisində keçiriləcəyini bildirmişdi. Ukraynanın hərbi təlimlərini əsasən Qara dəniz sahildaş ölkələri ilə birgə keçirəcəyini nəzərə alsaq belə çıxır ki, ABŞ-ın Aralıq dənizindəki hərbi donanması 2021-ci ildə Qara dənizdə lövbər salacaq.

NATO-nun Qara dənizdə öz mövqelərini möhkəmləndirməsi təşəbbüsləri bir il əvvəl başlayıb. Ötən ilin dekabrında NATO ölkələri xarici işlər nazirlərinin görüşünün əsas mövzularından biri Qara dəniz regionunda təhlükəsizliyin gücləndirilməsi olub. Məsələni videokonfrans rejimində müzakirə edən NATO rəsmiləri Ukrayna və Gürcüstanın xarici siyasət idarələrinin rəhbərləri Dmitri Kuleba və David Zalkaliani da sessiyaya dəvət etmişdilər.

Həmin toplantıda alyansın baş katibi Rusiyanı "Krımda hərbi gücün artırılmasında və Silahlı Qüvvələrin Qara dəniz regionunda fəal şəkildə yerləşdirilməsində" ittiham edib. Bununla əlaqədar Stoltenberq Ukrayna və Gürcüstanla münasibətlərin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Qara dənizdə Rusiyanın sıxışdırılması planı NATO-nun rəsmi sənədlərində də öz əksini tapıb. "NATO 2030" Alyansının islahatı haqqında məruzəsində Rusiya Şimali Atlantika blokunun təhlükəsizliyi üçün ən azı yaxın 10 il üçün əsas hərbi təhlükə hesab olunub.

Sənəddə deyilir: "Moskvanın Gürcüstan və Ukraynaya qarşı hərbi qüvvələrin artırması, Baltik və Qara dəniz regionlarında, Aralıq dənizində, Uzaq Şimalda təcavüzkar siyasəti Avroatlantik regionun təhlükəsizliyinə mənfi təsir göstərir. Rusiya daimi olaraq NATO — nun yaxınlığında hərbi əməliyyatlar aparır, həmçinin hava məkanını təhdid edir və Atlantik məkanını naviqasiya etmək üçün öz imkanlarını artırır".

Qara dənizdən uzaqda yerləşsək də, NATO-nun hərbi planlamasında Azərbaycan da yer alır. Naxçıvandakı Əlahiddə qoşunumuzun əsgərlərinin hazırda Türkiyədə “Qış təlimləri – 2021”-ə qatılmaları da bu məqsəddən irəli gələ bilər. Görünür, NATO-nun hədəflərində təkcə dəniz hegemonluğu yox, həm də Qara dənizdən Xəzərə qədər ərazilərdən Rusiyanın çıxarılması da var.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84