.
.

SOCAR: "Süveyş kanalının bağlı qalması əməliyyatlarımıza təsir etmir"

15:51 - 29 Mart
    16480 oxunma


Süveyş kanalının bağlı qalması hazırda SOCAR-ın əməliyyatlarına, demək olar ki, təsir göstərmir. Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. 

Onun sözlərinə görə, Azərbaycan neftinin satışı baxımından əsas hədəf bazarı Avropa və Aralıq dənizinin hövzəsində olan ölkələrdir. Şərq istiqamətində də zaman-zaman Azərbaycan nefti göndərilir, lakin bu günlərdə həmin istiqamətdə hələlik tanker nəzərdə tutulmayıb.

"Fars körfəzindən Aralıq dənizinə Süveyş üzərindən neftin daşınması azalsa da, həmin neftin xassələri bizim neftdən fərqlənir. Odur ki, hazırkı vəziyyətdən irəli gələn qıtlıq Azərbaycan neftinə olan tələbata da birbaşa təsir göstərməz", - İ. Əhmədov qeyd edib.

O həmçinin vurğulayıb ki, hazırda pandemiya ilə əlaqədar neftə olan tələbat ümumilikdə nisbətən aşağı olaraq qalır. Belə görünür ki, Avropadakı neft emalı zavodları da hələ ki, mövcud həcmlərə qane olur. Beləliklə, yaranmış vəziyyət fraxt qiymətlərinin artması istisna olmaqla, neft bazarına hələ bir o qədər təsir göstərməyib.

"Vəziyyət yaxın günlərdə aradan qaldırılarsa, ortamüddətli perspektivdə də yəqin ki, hər hansı problem yaranmaz", - İ. Əhmədov bildirib.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan "Ever Given" gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və kanalın dibinə oturub. Nəticədə kanalla hərəkət bloklanıb və 100-ə gəmi öz keçidini gözləyir.

Bu gün bildirilib ki, gəmi artıq saydan çıxarılıb. Kanalın gəmilər üçün nə vaxt açılacağı hələ bəlli deyil. /apa/

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84