SOCAR işğal olunmuş ərazilərin azad olunması işində bütün resurslardan istifadə etdi

16:42 - 09 Dekabr
    1940 oxunma

Böyük Vətən müharibəsi dövründə faşizm üzərindəki qələbədə Bakı neftinin əhəmiyyəti haqqında çox deyilib və yazılıb. O vaxt birbaşa döyüşən ordunun ehtiyaclarını ödəmək üçün təyyarə benzini, dizel yanacağı, təyyarə sürtkü yağları və s. neft məhsullarının istehsalı ön plana çıxarılmışdı. Bakı nefti SSRİ-nin tanklarını, təyyarələrini hərəkətə gətirərək cəbhədə yeni-yeni qələbələr üçün zəmin yaratmışdı.

Report xəbər verir ki, müasir dövrdə də Azərbaycanda 1994-cü ildən etibarən həyata keçirilən irimiqyaslı neft-qaz layihələri ölkəmizin iqtisadi artımını təmin edərək Qafqazın iqtisadi liderinə çevrilməsinə vəsilə olmaqla hərbi qüdrətini artıran başlıca amilə çevrilib.

Bu gün neft-qaz müqavilələrindən əldə edilən gəlirlərin toplandığı Dövlət Neft Fondunun (DNF) aktivləri 43,3 milyard ABŞ dollarıdır. Lazım gəlsə, DNF Ordumuzun ehtiyaclarına mühüm maliyyə dəstək verə bilərdi. Lakin buna ehtiyac qalmadı, ötən illər ərzində tədarük edilmiş silah və hərbi texnika ehtiyatı 44 gün davam edən müharibə üçün artıqlaması ilə kifayət etdi. Ordunun neft məhsulları sarıdan korluq çəkməməsi üçün SOCAR-ın Bakı Neftayırma Zavodunun anbarlarında 1 sentyabr tarixinə olan vəziyyətə görə 104 min ton avtomobil benzini, 57,5 min ton təyyarə yanacağı, 142,5 min ton dizel yanacağı, 11,8 min ton soba mazutu, 12,6 min ton sürtkü yağları vardı.

Ali Baş komandan İlham Əliyevə müraciətlərində neftçilərimiz düşmən üzərində qələbə naminə istər ön, istərsə də arxa cəbhədə bütün imkanlarını işə salmağa hazır olduqlarını bildiriblər. Bunu həmin 44 gün ərzində dəfələrlə əməldə sübut ediblər.

Qələbə qazandığımızdan sonra SOCAR-ın, neftçilərimizin missiyası, əlbəttə ki, nəinki başa çatmadı, işğaldan azad olunmuş torpaqlarda həyata keçiriləcək quruculuq işlərində, Qarabağın sənayesini, kənd təsərrüfatını dirçəltməkdə onlara, bəlkə də, ən böyük iş düşür.

Məlum olduğu kimi, Qarabağ bölgəsində bilinən enerji daşıyıcıları ehtiyatlarının olmaması, təbii ki, heç də SOCAR-ın bölgədə həyata keçiriləcək layihələrin başlıca sərmayədarı olmayacağı demək deyil. Unutmayaq ki, bu gün SOCAR qeyri-neft sektorumuzun da ən böyük ixracatçısıdır.

Şirkətin maliyyə imkanları ilə yanaşı, yeritdiyi çevik sərmayə siyasəti, ölkədə və xaricdə irimiqyaslı layihələr icra etməklə topladığı təcrübə Qarabağda da mövcud sənaye potensialını üzə çıxarmaq üçün mühüm layihələrdə də həm təşəbbüskar, həm də sərmayədar qismində iştirak etmək üçün əlverişli zəmin yaradır. Həmin ərazilərdə mövcud olan zəngin təbii ehtiyatlar, habelə bölgənin əlverişli coğrafi mövqeyi də burada yaradılacaq yeni müəssisələrin nəinki yerli iqtisadiyyata, həm də bütövlüklə ölkəmizin qeyri-neft sektoruna böyük töhfələr verəcəyinə möhkəm inam yaradır.

İqtisadi İslahatların Təhlili və Komunikasiyalar Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlının fikrincə, Qarabağ bölgəsində mədənçilik, metallurgiya, emal, meşə sənayesi, kreativ sahələri, ərzaq və elektrik enerjisi istehsalı üçün əlverişli şərtlər var. “Dağlıq Qarabağda mövcud olmuş müəssisələrin böyük əksəriyyəti Azərbaycanın müxtəlif rayonlarından gətirilən yanacaq, xammal və s. materiallarla işləyirdi, bəziləri də Bakıdakı iri müəssisələrin filialı olub”.

İİTKM-nin hesablamalarına görə işğaldan azad olunmuş 250 min hektar torpaq sahələri, üstəgəl keçmiş təmas xətti boyu 120 min hektar istifadəsiz qalmış torpaqlar əkin üçün istifadə oluna bilər. Ekspertin qənaətincə, bunlar da Qarabağda qida və emal sənayesi üçün sağlam bünövrə deməkdir.

Hazırda ölkəmizin qeyri-neft sənayesinin ən böyük layihəsi SOCAR-ın “Carbamid Plant” müəssisəsidir ki, ammiak, karbamid, karbamid qranulları istehsal edən üç əsas bölmədən ibarətdir. Belə ki, gündəlik 1,2 min ton ammiak bə 2 min ton karbamid istehsal edən bu müəssisənin bənzəri olan eyni istehsalat gücünə malik daha birinin Sumqayıt şəhərində inşa olunması nəzərdə tutulur. Sözsüz ki, işğaldan azad olunmuş torpaqlarımızda da gələcəkdə oxşar layihələr həyata keçirmək mümkündür. Həm də daşıma imkanları burada daha əlverişli olacaq.

Bildiyimiz kimi, artıq müxtəlif dövlət qurumları və müəssisələri azad olunmuş torpaqlarda gələcək fəaliyyətlərinə dair planlarını qurmaqla məşğuldur. Aparılan təhlillər nəticəsində burada yaradılacaq infrastrukturla da bağlı təfərrüatlar dəqiqləşəcək. Hər halda bu 28 il ərzində xəyalları ilə yaşadığımız bu gözəl diyarımızda həyata keçiriləcək bütün bu layihələrin böyük mənəvi güc, rahatlıq verəcəyi şəksizdir. 

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84