. .

Silaha güvənib qüdrətlənən adamların sonu bəllidir...

15:06 - 28 Mart
    9438 oxunma

Dünyanın əksər ölkələrində, eləcə də qardaş Türkiyədə silah gəzdirmək adi hala çevirilib. Baxdığımız filmlərdən aydın görünür ki, əksər ölkələrdə qanuni və ya icazəsiz silah gəzdirmək, sahiblənmək, istifadə etmək olduqca asandır. Bəlkə də bu filmlərdəki silahdan istifadə səhnələrinin hansısa ideoloji məqsədi var. Amma dövlətlərin ideoloji sistemi belə halların qarşısının alınması üçün özünəməxsus formada mübarizə aparmalıdır. 

Sovetlər dövründə yaşayan insanlar yaxşı bilir. Filmlərdə, şairlərin şerlərində belə ideoloji sistemin qorunması ən vacib faktorlardan biri idi. Bu məsələyə ciddi diqqət ayrılmışdır.

Ölkəmiz inkişaf etdikcə, imkanlar dairəmiz genişləndikcə ideoloji nəzarət də artmalıdır. Bizim ölkədə bu məsələ çox ciddidir və nəzarətdədir.

Azərbaycanda, yaxud xarici ölkədə, elə lap Türkiyədə silah gəzdirən azərbaycan vətəndaşları üçün hansı qanun və qaydalar var? Bu necə tənzimlənir? Yaxud, insanlar, əsasən də iş adamları, biznesmenlər nədən silah gəzdirməlidir? Onların silah gəzdirməsi üçün hansı səbəb ola bilər?

Azərbaycanda silaha sahib olmaq üçün konkret qanun və qaydalar mövcuddur. 

Bizimxeber.az bildirir ki, qanunun tələblərinə müvafiq olaraq 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var. Mülki silahı əldə etmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə xüsusi icazənin etibarlılıq müddəti altı aydır.

Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir: mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.

Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

Bütün bunlar silah gəzdirməyin qanuni tərəfidir, dövlətin göstəricisidir.

Bəs biz niyə silah gəzdirməliyik? Silah gəzdirən insanlarda hansı psixologi rahatlıq və ya narahatlıq olur? Üzərimizdəki silah bizi nədən qoruyur?

Təsəvvür edin ki, belimizdəki silahı qarşımızdakı adama doğruldub atəş açırıq, Allahın yaratdığı insanı qanına qəltan edirik. Bu hansı insanlıqdır?

Bütün dövrlərdə silahdan istifadə edilib və biz bunun kütləvi istifadəsini əsasən filmlərdə görmüşük. Böyük mafiyaların, qara əməllərlə məşğul olan şəxslərin silahdan özlərini müdafiə deyil, sağ qalmaq məqsədilə istifadə etdiyinin də fərqindəyik.

Dəfələrlə şahidi olmuşuq ki, silahla ehtiyatsızlıq ailələri gözüyaşlı qoyub. Sovet dövründə milis orqanlarında işləyən insanların azyaşlı övladları bilmədən silahdan istifadə edərək dünyasını dəyişib. Yəni, bu silah ancaq problem yaradıb və heç kimə xeyir gətirməyib.

Müasir dünyada, sivil cəmiyyətlərdə, rahat həyat qaydalarının formalaşdığı bir əsrdə silah daşımaq nəyin əlamətidir?

Əlbətdə bu məsələyə kompleks yanaşdıqda silahın dövlət məmurlarının mühafizəçilərində, güç strukturuna rəhbərlik edən şəxlərin özündə və ya sürücüsündə, polisdə, millət vəkillərində olması üçün əsas və səbəblər var. Onların mühafizəsi üçün silah daşımaq normaldır və onlar dövlət məmurlarıdır.

İş adamlarının, bizneslə məşğul olan şəxslərin silaha sahiblənməsi isə anlaşılan deyil. Əgər sən doğru əməl sahibisənsə, sənin fəaliyyətində qara iş yoxdursa nədən və kimdən qorxmalısan ki, belində silah daşıyasan? Axı insan düşünməlidir ki, silah gəzdirmək onu ölümdən xilas etmir və səni qoruyan Allahdır.

Məhşur kinoloqlar deyir ki, balacalığında hansısa səbəbdən cəzalandırdığın it günün birində səndən əvəzini çıxacaq. Təcrübə göstərir ki, belə itlər məhz onu döyən adamlara ciddi xəsarətlər yetirir. Demək ki, itin sahibinə qayıtması üçün səbəbi var. Silah gəzdirmək üçün də səbəb varsa demək ki, problemin var, düşmənin var. Düşmən isə öz-özünə yaranmır.

Silah öz həyatını sakit yaşayan, cəmiyyət üçün xeyirli insanlara heç zaman gərəkli və müdafiə vasitəsi olmayıb və olmayacaq da. Silaha etirbar edənlərin, ona güvənib qüdrətlənən adamların, biznesmenlərin, iş adamlarının mafiya balalarının sonu bəllidir. Buna bariz milyon misal göstərmək olar.

Odur ki, Allahın bizə bəxş etdiyi bu ömrü silahsız, çata-patsız yaşamaq üçün əlimizdəki fürsətdən istifadə edək. Bu dünyanın ləzzəti sakit yaşamaqdır, silah gücünə milyardlara sahib olmaq bizə yalnız qəbir bəxş edə bilər. Zatən çox pul özü silahdır və bizi qəbirə tez aparan bir vasitədir.

Ədil Hüseynli
Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84