"Şəhidlərimiz üçün etdiklərimizi reklam etməməliyik" – Aslan İsmayılov

10:17 - 17 Dekabr
    1500 oxunma

“Çoxları kimi mən də koronavirus keçirdim. Xəstəlik təxminən 2 həftə çəkdi. Yenidən test verib (neqativ) sağaldığımı bildim. Elə xəstə vaxtımda bir çoxları zəng edib yer olmadığından xəstəxanaya yerləşdirilmələrində köməklik istədilər. Tanıdığım vəzifə sahiblərinə zəng edib kömək etmələrini xahiş etdim. Ancaq özümlə bağlı heç kimə müraciət etmədim, hərçənd ki, öz xəstəliklərimlə bağlı bu virusun təhlükəli olduğunu bilirdim.

Onu da bilirdim ki, hakimiyyət rəsmilərinə zəng edib xahiş etsəm ən yüksək səviyyədə qorunacam. Ancaq etmədim. Soruşacaqsınız ki, niyə heç kimdən xahiş etmədim. Etmədim ona görə ki, sadəcə utandım, çünki bu gün də ehtiyac içində, qayğıya ehtiyacı olan onlarla, yüzlərlə şəhid ailələrinin, müharibədə sağlamlıqlarını itirmişlərin, bu gün də cəbhə bölgəsində olanların ailələrinin də qayğıya ehtiyacı olduğunu hər gün sosial şəbəkələrdən görürdüm”.

Bizimxeber.az bildirir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bunlar hamısı müharibənin ilk uğurlu günlərindən keçirdiklərim, yaşadıqlarımdır. Hər dəfə müharibə ilə bağlı sevinc hissi keçirəndə gözümün önünə bizə bu şərəfli hissləri yaşadan əsgər və zabitlərimiz gəldi. Müharibənin hər günü keçdikcə, hər sevincli xəbəri aldıqca şəhid olan balalarımız gözümün önündə daha da müqəddəsləşdi. Bu günə qədər də torpaq uğrunda şəhid olanların müqəddəs olduğunu bilirdim, ancaq bu qədər olduqlarını heç vaxt bu cür hiss etməmişdim.

Sosial şəbəkələrdə şəhid şəkillərinə rast gəldikcə onların necə də bir-birilərindən qamətli, qürurlu, gözəl olduqlarını görüb ətrafdakılardan da soruşurdum ki, onlardamı məni kimi görürlər?! Onların sağ ikən bəzən zarafatla, bəzən ciddi söylədikləri fikirlər, adi qısa ifadələri, oxuduqları mahnılar mənim üçün məna və məzmunca əvəzsiz, təkrar edilməz idi. Bu günlərdə bu barədə kimlərlə fikirlərimi bölüşdümsə eyni hissləri keçirdiklərini gördüm.

Bütün bunlardan sonra onların ailələrinin, bəzən özlərinin ehtiyaclarını eşitdikcə utandım. Belə olmamalıdır. Biz buna bir daha yol verməməliyik. Məni kimi yüz minlər bu sevinci keçirdilər, hisslərini küçələrdə, məclislərdə, sosial şəbəkələrdə paylaşdılar, bəziləri bolluca sevinc göz yaşları axıtdılar. Biz bütün həmin xoş günləri bizə yaşadanları heç vaxt unutmamalıyıq. Bəzən bu hissləri keçirdikcə gözümün önünə birinci Qarabağ müharibəsi şəhidlərinin, qazilərinin keçirdikləri yadıma düşdükcə o biganəliyin bir daha təkrarlanmaması üçün əlimdən gələni edəcəyimə söz verirdim. Bu barədə çoxlu düşüncələrim var. Allah ömür verərsə, həyata keçirməyə çalışacam. Bəziləri fikirləşdiyi kimi bundan sonra vəzifə, yaxud başqa şeylər yox, məhz bu sahəyə özümü həsr edəcəyimə şübhəm yoxdur. Ən əsası dediklərimi etməyə borclu olduğumu hamıdan yaxşı anlayıram. Bu Vətən Müharibəsinə qədər 4 il ərzində əzilmiş, alçaldılmış, təhqir edilmiş, küncə sıxılmış Aslan İsmayılov məhz bu Qələbəni yaşadanlar hesabına bu gün Vətənində ən qürurlu, ən özünə güvənli, ən xöşbəxt İnsandır! Bunu mənim unutmaq haqqım yoxdur.

Ancaq bu iş ayrı-ayrı fərdlərin yox, bütün Xalqın işi olmalıdır. Biz ancaq onda indiki uğurlarımızı davam etdirə biləcəyik. Burada bir daha həmişə təkrarladığım - həyat çox ədalətlidir - fikrini yada salıram. Uca Allaha inamım sonsuzdur! Onu da bilirəm ki, yaxşılığı unudan xeyir tapmaz. Əgər biz şəhidlərimizi unutsaq xeyir tapmayacağıq. Bundan sonra bizim ilk ziyarətgahlarımız, iman, and yerimiz şəhidlərimizin doğmaları, qazilərimiz olmalıdır.

Əgər biz hamımız şəhid valideynlərinə, balalarına Vətən Borcu olduğumuzu anlamasaq heç bir uğurumuz olmayacaq. Onda biz torpaq üçün sağlıqları ancaq yeyib-içmək üçün deyən boşboğazlar olacağıq. Ən əsası bizim şəhidlərimiz üçün etdiklərimizi reklam etməməli, bunu hər birimizin Vətənə olan borcumuz hesab etməliyik. Biz hamımız şəhid valideynlərinin, balalarının qürurunu özümüzun qürurumuzdan üstün tutmalıyıq. Uzun illər "Qarabağ Müharibəsi yenidən başlayacaq" deyəndə şübhə edənlər yəqin ki, indi düz olduğumu bildilər. İndi isə bir daha deyirəm ki, biz şəhidlərimizə, qazilərimizə layiqli davransaq, daha böyük uğurlara imza atacağıq!” – A.İsmayılov bildirib.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84