“Şəhid ailəsinə edilən yardımı dilə gətirmək ayıbdır, günahdır” - Deputat

12:09 - 20 İyul
    1935 oxunma

Şairə və aparıcı Nazilə Səfərlinin şəhid general Polad Həşimovun ailəsini ziyarət etdikdən sonra generalın anası ilə foto paylaşması və ailəyə kondisioner hədiyyə göndərərək bunu sosial şəbəkədə yayması birmənalı qarşılanmayıb. İnsanlar şairənin bu hərəkətini mənəvi terror, şəhid anasına və ailəsinə hörmətsizlik olaraq qiymətləndiriblər. 

Millət vəkili Aqil Abbas məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, şəhid ailələrinə göstərilən yardımın dilə gətirilməsi günahdır: “Şəhid ailələrinə yardım məqsədilə nəsə göndərmələrinə bir şey demirəm. Amma bunu çəkib paylaşırlarsa, bu, artıq haramdır, ayıbdır. Ağcabədinin ermənilərlə 60-70 kilometr cəbhə xətti var və mən bu dəqiqə cəbhə xəttindəyəm.

Əsgərlərimizin yanındayam. İndi Ağcabədidə, yaxud Ağdamda kimə nə etmişəmsə, onu danışmalıyam? Mən bunu danışsam, günah işlətmiş olaram. Adam elədiyini deməz. Bildirim ki, mən hər həftə cəbhə bölgəsindəyəm. Bir dəfə qəzetdə və ya saytda şəklimi görmüsünüz? Heç kim görməyib, heç görməyəcəklər də...

Çünki bu, mənim vəzifə borcumdur, gəlmişəm ki, ailələrə diqqət göstərim. İndi isə sadəcə misal olaraq dedim. Mən bunu qəbul etmirəm ki, edilən yaxşılıq ictimailəşdirilsin. Kondisionerin qiyməti nədir ki? Lap 200-300 manat olsun, bunu paylaşmağın nə adı var? Şəhid ailəsi bu hədiyyəni qaytarmaqla çox doğru addımı atıb. O ananın torpaq yolunda övladı şəhid olub. Sən isə göndərdiyin 300 manatlıq bir şeyi paylaşırsan.

Sağ əlin verdiyini sol əl bilməməlidir. Mən bu cür hərəkətlərə çox pis baxıram. Bir neçə gün əvvəl dedilər ki, bir şirkət sahibi şəhid ailəsinə ev verib, lakin adının açıqlanmasını istəməyib. Həmin şəxs çox kişi adamdır. Füzulinin bir şeiri var: Canı kim cananı üçün sevsə, cananın sevər, Canı üçün kim ki, cananın sevər, canın sevər. Yəni kim ki sevdiyi şəxsi öz canı üçün sevir, o, əslində, özünü sevir.

Kim ki bunun əksini edir, yəni canını cananı üçün sevir, deməli, o sevdiyi adamı daha üstün tutur. Əsl sevgi budur. İndi kim kömək etmək istəyirsə, Allah işini avand eləsin. O, onun insanlığıdır. Amma daha feysbukda paylaşıb reklam eləməsin, çünki onu edən normal adam deyil. Belələri hər şeyi özü üçün edir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84