. .

Rusiyadan Bakıya reyslər bərpa olunur - Diaspor sədri qiymətlərdən narazıdır

18:51 - 09 İyun
    1908 oxunma


Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə görülmüş tədbirlərdən biri də xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisinə girişinin yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi əsasında verilməsidir.

Son bir ildən artıq müddət ərzində həyata keçirilmiş genişmiqyaslı tədbirlər, uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət müsbətə doğru inkişaf etmiş, xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlər aradan qaldırılmışdır.

Eyni zamanda, dünyanın bir sıra ölkələrində epidemioloji vəziyyət sabitləşir və ardıcıl vaksinasiya tədbirləri nəticəsində həmin ölkələrdə yoluxma sayları nəzarətdə saxlanılır. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan kimi epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib.

Sabahdan hava yolu vasitəsi ilə Türkiyə və Rusiya vətəndaşlarının Azərbaycana sərbəst giriş-çıxışı bərpa olunur.

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib:

Şamil Tağıyev biletlərin satış qiymətlərinin yüksək olduğunu deyib: "Sabahdan Rusiya və Türkiyədən Azərbaycana təyyarə reysləri açılır. Amma quru sərhədləri açılsaydı, daha yaxşı olardı. Çünki insanların əksəriyyəti şəxsi avtomobilləri ilə hər il Azərbaycana gəlir, qohumlarını, ailələrini ziyarət edirlər.

Çarter, AZAL-ın və digər reyslərin satışda olan biletlərinin qiymətləri çox yüksək olduğuna görə, bu insanlarda narazılıq yaradır. Düzdür, əsas odur ki, reyslər açılsın. Lakin qiymət məsələsi əgər insanların büdcəsinə uyğun olmasa, bunun heç bir effekti olmayacaq. Qiymətlərin aşağı salınması daha məqsədəuğun olardı.. Olmasa bəzi problemlər yarada bilər”.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84