. .

Rusiya Koçaryanı Ermənistanda hakimiyyətə gətirir - ŞƏRH

14:44 - 10 May
    9022 oxunma


Ermənisdanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycan və Türkiyə də daxil olmaqla ABŞ və Rusiyanın əsas diqqət mərkəzindədir. Ötən gün ikinci prezident Robert Koçaryanın başçılıq etdiyi "Ermənistan" bloku elan olundu.

Siyasi blokda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, Daşnaksütyun Partiyasının rəhbəri İşxan Saqatelyan və Yenidəndoğulan Ermənistan Partiyasının rəhbəri Vaqe Akopyan təmsil olunur. 

Blokun elanının dərhal ardınca 18 ildən sonra Koçaryanın Azadlıq meydanında ilk mitinqi keçirildi. Mitinqdən yayılan video və foto görüntülərdən aydın oldu ki, Ermənistanda hələ də Koçaryan tərəfdartları çoxluq təşkil edir və onlar günlərlə keçirdikləri etiraz aksiyaları ilə hakimiyyətə gətirdikləri sabiq Baş nazir Nikol Paşinyanı daha dəstəkləmirlər.

Bu arada Robert Koçaryan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın da onun blokunda təmsil olunmasına dair suallara aydınlıq gətirərkən işlətdiyi ifadələr maraq doğurub. İllər əvvəl Ter-Petrosyanı devirərək hakimiyyətə gələn Koçaryanın birinci prezidenti, həmçinin, Paşinyanın hakimiyyətdən devirdiyi Serj Sarkisyanı da öz blokunda görmək istəməsi məğlub Baş Naziri daha pis dalana soxmaq cəhdidir.

Koçaryanın açıqlamasında deyilir ki, o, həm birinci, həm də üçüncü prezidentlərə bu hökumətə qarşı birgə mübarizə aparmağı təklif edir. "Əgər onlar mübarizəyə qoşulmaq niyyətindədirlərsə, bu, hamımız üçün uğur olacaq. Əgər onlar bu mübarizəyə qoşulsalar, mən yalnız alqışlayacam", - deyə Koçaryan bildirib.

Bütün bunlar göstərir ki, Koçaryan müharibədəki məğlubiyyəti həzm etmək istəmir, bütün gücündən istifadə edərək hakimiyyətə qayıtmaq niyyətindədir.

Əslində Robert Koçaryanın müharibədən sonra daha çox aktivləşməsi, siyasi gücünü bərpa etməsini açıq-aydın görünməkdə idi. Barəsində olan məhkəmə qərarlarının ləğvi, Ermənistanın ən ali hüquq orqanlarının onun xeyrinə qərarlar verməsi Robert Koçaryanın yenidən hakimyyətə qayıdacağının nümunəsidir.

Həmçinin istefasından sonra bölgələrdə Paşinyana qarşı edilən hörmətsizliklər, insanların onu açıq-aşkar təhqir etməsi, qovması kimi faktorlar Koçaryanın əlinə işləyirdi.

Daha bir faktor Koçaryanın Rusiyaya, daha doğrusu şəxsən prezident Vladimir Putinə yaxınlığıdır ki, bu indi daha ciddiyə alınmalıdır. Uzun illər Putinin diqtəsi ilə hərəkət edən, 30 il Dağlıq Qarabağı işğalda saxlayan Koçaryanın müharibədən sonra aktivləşməsinin əsas ruporlarından biri də elə Kremldir. Həmçinin Putinlə Koçaryan yaxın dostdur.

Ardıcıl səfərlər, Putinlə telefon görüşmələri, Rusiya mətbuatında çoxsaylı müsahibələr və seçkilərdə baş nazir olmaq üçün namizədlik... Hansı ki, bir neçə ay əvvəl Koçaryan dövlətə xəyanət maddəsi ilə həbsdə idi. Müharibədən sonra isə o, Ermənistanın Baş Naziri olmaq üçün namizəddir, ilk mitinqi də o keçirir, ilk siyasi bloku da o yaradır. Bu hal heç nə demirmi?

Rusiya nədən Robert Koçaryanı Ermənistanda hakimiyyətə gətirmək istəyir sualının isə çoxlu cavabı var.

Regionda Gürcüstandan sonra Ermənistanda demokratik yolla hakimiyyət dəyişikliyi Rusiya üçün qəbuledilməz idi. Bu Qərbin regiona bir qədər də yaxınlaşması demək idi. Siyasi ekspertlər isə "Soros"un uşağı sayılan Paşinyanın hakimiyyətdə çox qalmayacağını deyirdilər. Amma Paşinyan və komandası düşünürdü ki, Koçaryanı əməllərinə görə ifşa etmək, onu uzun müddət həbsdə saxlamaqla hakimyyətlərinin ömrünü uzada bilərlər. Amma unudurdular ki, tarix boyu Ermənistan bütün sahələrdə Rusiyadan aslı olaraq yaşayıb və əlində Dağlıq Qarabağ kimi konfliktli ərazi var.

Bir qədər əvvələ diqqət edək. Paşinyanın hakimiyyətə gəldiyi ilk aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda münasibətləri fərqli idi. Paşinyan daha çox problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı kimi görünürdü. Prezident İlham Əliyev də çıxışlarında Paşinyanın hakimiyyətinin ilk aylarında keçirilən görüşlər zamanı ona vaxt verilməsini demişdir.

Əlbətdə bu Nikolun daha uzun müddət hakimiyyətdə qalmasına kömək edən faktor idi. Əslində Paşinyan yaxşı başa düşürdü ki, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ problemi həll olunmadıqca Ermənistan üçün gözəl həyat görünmür. Sadəcə bu prosessi aparmaq üçün vaxtla yanaşı ermənilərin uzun illərdir siyasi təbliğatlarla beyninlərinə yeridilən "Qarabağ bizimdir" fikirlərini silib atmaq lazımdır.

Amma bir səhv, yaxud hansısa kənar müdaxilə Nikol hakimiyyətinin sonu ilə yanaşı Dağlıq Qarabağın qismən Azərbaycana qaytarılması ilə nəticələndi. Bəli, məhz qismən... Bu qismən sozünü açıq şəkildə Rusiya ilə də əvəz etmək olar.

Biz torpaqlarımızı şəhidlərimizin qanı ilə, döyüşərək geri aldıq. Amma Xankəndi, Xocalı və bir neçə ərazilər hələ də müzakirə mövzusudur də bizdə deyil.

Ermənistanda Paşinyanın hakimiyyəti Qarabağ müharibəsi başlayan gün darmadağın oldu. Müharibənin ilk günlərindən Rusiyanın sakit davranışları, "torpaqlarınızı istəyirsiz alın" kimi görüntülər əslində müharibə bitdikdən sonraya heablanmış gedişlər idi və bu gün biz bunun aşkar şahidiyik.

Faktiki olaraq Ermənistana və Dağlıq Qarabağdakı əsas nöqtələrə, Laçın koridoru da daxil, Xankəndi, Xocalı və Ermənistan sərhədlərinin qorunmasına mütləqi hakim Rusiyadır.

Bütün bunların fonunda Ermənistandakı seçkilərdə "Soros"un cocuğu olan Nikolun yenidən hakimiyyətə gəlməsini düşünmək cəfəngiyyatdır. 

Seçkilərdə Rusiya qalib gələcək və Robert Koçaryan baş nazir olacaq. İndiki prezident Sarkisyan isə yenə öz postunda qalmaqla Ermənistan-Rusiya-ABŞ münasibətlərini tənzimləyəcək. Çünki Qərb heç vaxt Koçaryan hakimiyyətini qəbul etməyib və indiki məqamda Qərblə münasibətlərin müəyyən çərçivədə qorunması üçün Sarkisyan lazımdır. Həmçinin NATO çərçivəsində Sarkisyanın qəbul edilməsi faktoru da Rusiyanın diqqət mərkəzindən qaça bilməz. 

Demokratik yolla hakimiyyətə gələn məğlub Paşinyana ABŞ-da hakimiyyətə gələn demokratlardan da dəstək gözləmək də olardı. Bir halda ki, Paşinyanın əvvəlki reytinqi qalsaydı. Bütün dünya reytinqlərində Nikolun faizləri durmadan düşür və onun komandasının müharibə günlərində Putin qarşısındakı yalvarışları xatırlanır.

ABŞ yaxşı başa düşür ki, Putinin yumruğu altında olan Nikoldan yenidən demokrat düzəltmək mümkün deyil. Bu hal bizə Gürcüstandan yaxşı tanışdır və Saakaşvilinin Rusiyanın təzyiqlərindən sonra hansı vəziyyətə düşdüyünün şahidiyiq. Konkret desək, ABŞ Rusiyanın qarşısında, siyasi duruş gətirə bilməyən liderlərə, demokratik yolla hakimiyyətə gəlməsinə rəğmən yenidən dəstək vermir.

Həmçinin soy aylar Donbass konfliktinə görə, burun-buruna dayanan, müharibə həddinə qədər gəlib çıxan Rusiya-ABŞ münasibətləri qismən səngiməkdəykən Qərbin məğlub Nikola görə problem yaratması inandırıcı deyil. Qərb yaxşı anlayır ki, Qafqaz regionu hələ də Rusiyanın nəzarətində qalmağa məhkumdur. Çünki torpaqlarını geri qaytaran Azərbaycan məlum vəziyyətdən məmnundur, 600-ə yaxın rus sülhməramlıları vəziyyətə tam nəzarət edir, diğər torpaqların da qaytaraılması ümidi ilə gözləyir.

Ermənistanda isə xalq Nikol hakimiyyətini linc edir, vəziyyətdən çıxmaq üçün yeni komandanı arzulayır. Rusiya üçün Ermənistanı məlum durumdan çıxartmaq isə o qədər də çətin deyil. Robert Koçaryanı hakimiyyətə gətirməklə bu problem həll olunmuş sayılacaq. 

Beləliklə, Rusiya regionda itirilmiş mövqeylərini tam bərpa edəcək, rus sülhməramlıları istədikləri qədər Dağlıq Qarabağda qalacaq, Ermənistanla-Azərbaycan arasında olan münasibətlər uzunmüddətli danışıqlar müstəvisinə qayıdacaq. Bu isə indi Rusiyaya hava su kimi lazımdır.

Ədil Hüseynli
Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84