“Rüşvətxor icra başçıları dərs çıxarsınlar, yoxsa...”

17:44 - 10 Dekabr
    2390 oxunma

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun haqqında təsdiqini tapmış məlumatlara əsaslanmaq vacibdir. Ölkə başçısının sərəncamı ilə o, tutduğu vəzifəsindən azad edilib. Heç kim təsadüfən həbs olunmur. 

Bu sözləri açıqlamasında deputat Elman Nəsirov son günlər Cəlilabad Rayon İcra başçısı barəsində paylaşılan məlumatlara münasibət bildirərkən deyib. E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman icra başçılarına və digər məmurlara xalqın içərisində olmağı tapşırıb: “İlham Əliyevin ən birinci tapşırıqlarından biri icra başçılarının xalqa ləyaqətlə xidmət etməsidir.

O tapşırırdı ki, icra başçıları öz ərazilərində sakinlərlə görüşüb, kəndlərdə əhalinin problemlərini öyrənib həll etməyə çalışmalıdırlar. Bu işi ləyaqətlə yerinə yetirən hər kəs layiq olduğu şəkildə irəliyə gedir, yüksək vəzifəyə təyin olunur.

Lakin xalqına ləyaqətlə xidmət etməyən şəxslər, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, korrupsiya yolunu seçənləri isə ciddi cəzalar gözləyir. Bu günə qədər artıq bir neçə icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün həbs olunub”.

Deputat qeyd edib ki, bu vəziyyətdən bəziləri dərs götürməli olsa da, görünən odur ki, ibrət götürməyənlər hələ də var: “Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı da özündən əvvəl bu kimi səhvlərə yol verən həmkarlarından nəticə çıxarmayıb. Hər kəsə də bəlli olduğu kimi cəzasını çəkir. Yeni təyin olunan gənc icra başçıları var ki, onlar prezidentimizdən təlimatları alıblar, xalqına ləyaqətlə xidmət etməkdədirlər.

Təəssüf ki, Cəlilabadın da icra başçısı cəmi iki il idi bu vəzifəyə təyinat almışdı. Burada məsələ köhnə və ya yeni təyin olunmaqdan getmir. Məsələnin kökündə tutduğu vəzifəni layiqincə yerinə yetirmək durur. Bir misal var, deyir ki, “Tarixin ən böyük dərsi ondadır ki, ondan dərs çıxarmırlar”. Təəssüf ki, bu gün bu misalın şahidi oluruq”.

“Hələ də xalqına ləyaqətlə xidmət etməyən, prezidentin göstərişlərini yerinə yetirməyən icra başçıları varsa, onlar da hazırlaşsınlar. Rüşvət, korrupsiya yolunu seçənlər varsa, növbəti dəfə onlar cəzalandırılacaqlar”, - deyə E.Nəsirov sonda qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84