. .

Respublika Təhsil Şurasının İsmayıllı filialı təsis olundu

12:28 - 09 İyun
    6971 oxunma


Samir Mehdizadə: “Respublika Təhsil Şurası əməkdaşlıq üçün müəllimlərə açıq təşkilatdır”.

Ötən bir ay ərzində Respublika Təhsil Şurasında bir sıra təşkilati işlər həyata keçirilib. Birliyin respublikamızın rayonlarında filiallarının təsis olunması, elmi jurnalların, tədqiqat mərkəzlərinin yaradılması, alimlərin, qabaqcıl müəllimlərin üzvlüyə qəbul olunması nizamnamə tələbləri səviyyəsində həyata keçirilməkə, gələcəkdə tətbiq olunacaq fəaliyyət planı üçün zəmin hazırlayıb. Respublika Təhsil Şurasının İsmayıllı rayon filialının təsis olunması da fəaliyyət planının tərkib hissəsidir. 

Tarix yazan tarix müəlliminin məzarını ziyarət...

Respublika Təhsil Şurasının rəhbərliyi İsmayıllıya səfər çərçivəsində Vətən müharibəsi şəhidi Famil Əhmədovun məzarını və 3 nömrəli tam orta məktəbdə şəhidin adını daşıyan Tarix diyarşünaslıq muzeyini ziyarət edib. Qeyd edək ki, Famil Əhmədov Respublika Təhsil Şurasının respublika və beynəlxalq miqyaslı tədbirlərində fəal iştirak etməklə, Təhsil Şurasının fəaliyyətinə öz töhfəsini verib. İstedadlı müəllim pedaqoji fəaliyyəti dövründə istər şagirdlərinin, istərsə də müəllimlərin, pedaqoji ictimaiyyətin dərin rəğbətini qazanıb. 3 nömrəli tam orta məktəbin direktoru Əhmədağa Ələkbərov Famil Əhmədovun adını daşıyan Tarix Diyarşünaslıq muzeyi ilə tanışlıq zamanı qeyd etdi ki, Famil Əhmədov təcrübəli müəllim olmaqla bərabər, bacarıqlı təşkilatçı idi. Məktəbin bütün tədbirləri onun təklif və tövsiyələri ilə daha da təkmilləşir, maraqlı səciyyə daşıyırdı. Tarix-diyarşünaslıq muzeyinin eksponatlarla zənginləşməsində də Famil müəllimin danılmaz əməyi var. 

Filialın təsis toplantısında

Samir Mehdizadə: “Respublika Təhsil Şurası əməkdaşlıq üçün müəllimlərə açıq təşkilatdır”. Təsis  toplantısı İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Toplantıda Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə, İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev, Təhsil Şurasının sədr müavini Cəfər Bağırov, təşkilatın katibi Böyükağa Mikayıllı, rayonun təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 

Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə Şuranın yaradılması tarixindən bəhs edərək, onun təhsilimizin inkişafına yönəlmiş əhəmiyyətli tədbirlərindən bəhs etdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan müəllimlərinin 11-ci qurultayında Təhsil Şurasının yaradılması ideyasını irəli sürmüş, onun məqsəd və məramını müəyyənləşdirmişdir. S.Mehdizadə vurğuladı ki, Təhsil Şurası fəaliyyəti ərzində Ulu Öndərin müəyyənləşdirdiyi strategiyaya sadiq qalıb. Təşkilat zaman-zaman Azərbaycanın ən yaxşı müəllimlərini öz ətrafında toplayaraq, təklif və tövsiyələrlə müvafiq təşkilatlar qarşısında çıxış edib, problemlərin aradan qaldırılmasına, təhsilimizin zəngin ənənələri üzərində müasir tendensiyların tətbiqi şəraitində inkişafına çalışıb. Samir Mehdizadə bildirdi ki, Respublika Təhsil Şurası əməkdaşlıq üçün müəllimlərə açıq təşkilatdır. Müəllimlər ideya və təklifləri ilə Təhsil Şurasına müraciət edə, onun mətbu orqanlarında məqalələrini dərc etdirə bilərlər. Şura sədri daha sonra təşkilatın yaratdığı “Akademik Mehdi Mehdizadənin pedaqoji irsinin tədqiqi mərkəzi”, “Yanuş Korçak Akademiyası”, “Peşəkar inkişaf və karyera mərkəzi”, “Analitik təhlil və tədqiqat mərkəzi” haqqında danışdı. Müəllimləri, təhsil işçilərini bu mərkəzlərlə əməkdaşlığa dəvət etdi. 

Нет описания.Rövşən Əliyev: “Respublika Təhsil Şurası ilə əməkdaşlıq müəllimlər üçün faydalıdır”.

İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev İsmayıllı təhsil işçilərinin Respublika Təhsil Şurası ilə uzun illərdir ki, davam edən intensiv əməkdaşlıqlarından məmnun olduğunu dilə gətirdi. Vurğuladı ki, bu əməkdaşlıq İsmayıllı müəllimləri üçün faydalı olub. Rayonun neçə-neçə müəlliminin, məktəbinin qabaqcıl təcrübəsi öyrənilərək “Təhsil və zaman” qəzeti vasitəsilə respublikaya yayılıb. Rayonun müəllimləri bu qəzetin səhifələrində mütəmadi olaraq öz iş təcrübələrindən bəhs edib, eyni zamanda onun səhifələrində dərc olunan yeniliklərdən bəhrələniblər. Rövşən Əliyev ümidvar olduğunu bildirdi ki, Təhsil Şurasının İsmayıllı təhsili ilə əlaqələri Şuranın fəaliyyətinin yeni mərhələsində daha səmərəli olacaq. O, daha sonra İsmayıllı təhsilinin zəngin ənənələrindən, məktəblərin maddi-texniki bazasının möhməkləndirilməsindən, son illər əldə olunan uğurlardan bəhs etdi. Uğurların təməlində dövlətin təhsilə olan qayğısının, gərgin müəllim əməyinin dayandığını vurğuladı.

Təhsil Şurası sədrinin müavini Cəfər Bağırov müəllimlərin Təhsil Şurasının fəaliyyətinə son vaxtlar artan marağından bəhs etdi. O, bunu Şuranın fəaliyyətindəki yeni istiqamətlərlə əlaqələndirdi. Bildirdi ki, təşkilat zamanın nəbzini tutarsa, ona artan maraqla yanaşı, inam və etibarın da şahidi olacağıq. Təhsil Şurasında ən yaxşı müəllimlərin təmsil olunması təşkilatın məqsəd və vəzifələrinin peşəkarlıqla həyata keçiriləcəyinə təminat verir, deyə Cəfər Bağırov söylədi. 

Təhsil Şurasının katibi Böyükağa Mikayıllı da öz növbəsində təşkilatın İsmayıllı müəllimləri ilə əməkdaşlığından bəhs etdi. Söylədi ki, Şuranın “Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi çərçivəsində son 10 ildə Çingiz Muradov, Əsgər Manafov, Şükufə Nəcəfova, Şayəstə Abdulova və digər qabaqcıl müəllimlərin, Lahıc qəsəbə tam orta məktəbin, İsmayıllı şəhər 1 nömrəli, 6 nömrəli tam orta məktəblərin iş təcrübəsi öyrənilib, ümumiləşdirilib və respublikaya yayılıb. Respublika Təhsil Şurasının sıralarında say etibarilə ən çox təmsil olunan İsmayıllı müəllimləridir. O, 44 günlük Vətən müharibəsində igidlik göstərərək şəhid olan İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Famil Əhmədovun ruhuna rəhmət dilədi, mərhumun Təhsil Şurası ilə daim əməkdaşlıq etdiyini dilə gətirdi.  Böyükağa Mikayıllı bildirdi ki, İsmayıllı məktəblərinin, müəllimlərinin zəngin pedaqoji ənənələri var və Təhsil Şurası ilə əməkdaşlığın əsasında da məhz bu amil dayanır. B.Mikayıllı Respublika Təhsil Şurasının respublika və beynəlxalq miqyaslı layihələrindən, Şuranın son illər ərsəyə gətirdiyi nəşrlərdən, təhsil tədqiqatları, müəllimlərin yaradıcılığı sahəsindəki araşdırmalardan bəhs etdi.  
Toplantıda Respublikanın əməkdar müəllimi, 1998-ci ildən Təhsil Şurasının üzvü olan Şəfaqət Rəsulov filialın rəhbəri təyin olundu. 

Talıstan məktəbində

Respublika Təhsil Şurasının rəhbərliyi daha sonra respublikamızın qabaqcıl təhsil müəssisələrindən olan Talıstan kənd tam orta məktəbi ilə tanış oldular. Talıstan məktəbinin direktoru, Əməkdar müəllim, Təhsil Şurasının üzvü Aydın Əzizov bildirdi ki, Talıstan məktəbi 2008 və 2013-cü illərdə ölkə başçısının sərəncamı ilə keçirilən “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. Məktəb Respublika Təhsil Şurası ilə 2008-ci ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Talıstan məktəbinin iş təcrübəsi öyrənilərək respublikaya yayılıb. Respublika Təhsil Şurasının “İbtidai sinif şagirdlərinin valideynləri üçün pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması” layihəsi çərçivəsində Talıstan məktəbində seminarlar təşkil olunub. Respublika Təhsil Şurasının bu layihə çərçivəsində hazırladığı metodiki vəsaitlər məktəbə hədiyyə edilib.

Нет описания.Lahıc məktəbində 

Respublikanın qocaman təhsil ocaqlarından olan Lahıc qəsəbə məktəbi ilə də tanışlıq Respublika Təhsil Şurasının rəhbərliyində zəngin təəssüratlar yaratdı. Məktəbin direktoru, Əməkdar müəllim, Təhsil Şurasının üzvü Hikmət Haqverdili Lahıc məktəbinin tarixi, zəngin ənənələrindən, nailiyyətlərindən bəhs etdi, məktəbin “Ən yaxşı məktəb” müsabiqəsində qalib olduğunu dilə gətirdi. O, eyni zamanda, məktəbin Təhsil Şurası ilə əlaqələrinə diqqət çəkdi. Onun sözlərindən bəlli oldu ki, Respublika Təhsil Şurasının orqanı olan “Təhsil və zaman” qəzetində Lahıc məktəbinin fəaliyyətindən genişliyi ilə bəhs olunub. Bu yazılarda, eyni zamanda Lahıcın tarixinə, onun adət-ənənələrinə də yer verilib. Lahıc məktəbinin müəllimləri Təhsil Şurası ilə mütəmadi olaraq əməkdaşlıq ediblər. Qəzetin səhifələrində məktəbin qabaqcıl müəllimlərinin yazıları dərc olunub. Hikmət Haqverdili bir neçə ilə öncə müasir tələblər səviyyəsində inşa edilərək istifadəyə verilən məktəbin müasir şəraitilə qonaqları tanış etdi. Məktəbin zəngin eksponatlara malik tarix-diyarşünaslıq muzeyi, şahmat kabineti, həyata keçirilmiş müxtəlif layihələrə həsr olunmuş stendlər, məktəbin görkəmli məzunlarından bəhs edən guşələr marağa səbəb oldu.

Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84