Ramiz Mehdiyev kimi hədəfə alıb, təhdid xarakterli mesajları kimə ünvanlanıb? - Qubad İbadoğlunun şərhi

13:27 - 30 İyul
    2325 oxunma

Prezident Administrasiyasının keçmiş, Milli Elmlər Akademiyasının indiki rəhbəri Ramiz Mehdiyev ölkə rəhbərliyində hakimiyyətdaxili münaqişənin olmasını inkar etdi. O, ölkənin hazırkı rəhbərliyini öz postlarından çıxarılmış dövlət məmurları ilə "qarşı-qarşıya qoymağa” təhrik etməyə çalışan bəzi siyasi mühacirlərin hərəkətlərindən hiddətləndiyini bildirdi. 

Dominant.az xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu Ramiz Mehdiyevin, əslində nə dediyini və dediklərini kimə ünvanladığını şərh edib: "Ramiz Mehdiyev: ...xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşıq...

- Görsənən odur ki, iqtidar daxildə müxalifətı hədəf götürüb, onun sözündən belə çıxır ki, bu yalnışdır və indiyə qədər baş verənlərdə onun iştirakı olmayıb. Halbuki, gerçək müxalifətə, müstəqil vətəndaş cəmiyyətinə, azad mətbuata qənim olmaq üçün “5-ci kolon”u leksionumuza özü gətirib.

Ramiz Mehdiyev: ... ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir və ....təhlükəlidir.

- Belə çıxır ki, o həmrəylik və birlik istəyir, iqtidar isə əksini edir. Halbuki özü müxalifətə və ziyalara qarşı sərgilədiyi mövqe ilə həmişə “parçala hökm sür” yolunun lokomotivi rolunda çıxış edib. 

Ramiz Mehdiyev: .... öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil...

- Əqidəsini dəyişmək riyakarlıqdır, bunu çatdırmaq üçün qumar daşı sözü təsadüfi seçilməyib, ölkədə siyasətçilər arasında qumara aludə olanları hamı yaxşı tanıyır.

Burda da Ramiz Mehdiyev kimi hədəfə aldığını açıq mətnlə ifadə etməsə də hər kəsə bəllidir ki, təhdid xarakterli bu mesajlar Prezidentə ünvanlanıb. Niyə? Nədən indiyə qədər susan Ramiz Mehdiyev birdən hucuma keçdi. Nə baş verdi? Çünki, Türkiyə ordusu Azərbaycanda hərbi təlimə başlayır".

Qeyd edək ki, Ramiz Mehdiyev müraciətində yazıb: "Son zamanlar Azərbaycana qarşı aparılan iyrənc oyunlarda bəzi sabiq məmurların da iştirak etdiyi söylənilir. Görünür elə buna görədir ki, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev rəhbəri olduğu Milli Elmlər Akademiyasının rəsmi saytında öz mövqeyini geniş açıqlama ilə çatdırmaq istəyib. Bununla da o, deyilənləri təkzib etməyə çalışıb.

Son dövrdə mühacirətdə fəaliyyət göstərən bir sıra müxalif yönlü jurnalistin internet kanalları vasitəsilə yayımladıqları veriliş və müzakirələrdə ölkə rəhbərliyinin ünvanına etik hədləri aşan üslubda səsləndirdikləri ittiham və böhtanlar Azərbaycan cəmiyyətinin əksər üzvləri kimi məni də dərindən narahat edir.

Xüsusilə də həmin şəxslərin istefaya göndərilmiş, yaxud başqa vəzifəyə təyin olunmuş şəxslər üzərindən həyata keçirməyə çalışdıqları manipulyasiya cəhdləri təəssüf doğurur: “Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə guya iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir. 

Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğu, Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir. Belə hərəkətlər ölkəmizin taleyi baxımından da olduqca təhlükəlidir. Mən bu cür mübarizə yolunu seçənləri bir daha öz fəaliyyətlərini nəzərdən keçirməyə, cəmiyyətimizin və dövlətimizin həyati mənafelərini nəzərə almağa çağırıram. Onlar nəzərə almalıdırlar ki, xaricdən səsləndirdikləri radikal ifadələr Azərbaycanda müvafiq kəskin reaksiyaya səbəb olacaqdır”.

Akademik fikirlərini daha sonra belə davam etdirib: “Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq bir an belə olsun dönməmişəm. Heç zaman daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz.

Öz çıxışlarında tənqid ədəbini asanlıqla tapdalayanlar unutmamalıdırlar ki, Prezident dövlətin rəhbəri, ölkənin suverenliyinin rəmzidir. Danılmaz həqiqətdir ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük tərəqqi yolu qət etmiş, onun beynəlxalq nüfuzu güclənmişdir. Bu hər bir azərbaycanlıda haqlı qürur hissi doğurur. Xaricdə Azərbaycan dövlətinin xoşagəlməz şəkildə təqdimatı özünü azərbaycanlı hesab edən heç kəsə başucalığı gətirə bilməz.

Hal-hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və gücümüz bu düşmənlə mübarizəyə yönəldilməlidir. Tariximiz də onu göstərir ki, xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə biz böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşmışıq. Keçmişin faciələrindən ibrət almaq və ölkə başçısının ətrafında sıx birləşmək bizim Vətən qarşısındakı borcumuz və mənəvi məsuliyyətimizdir!”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84