Qazinin intiharı ilə bağlı əsas məsuliyyət həkimlərin üzərinə düşür

12:36 - 07 Yanvar
    1250 oxunma

Xəbər verdiyimiz kimi Vətən Müharibəsində ağır kəllə-beyin travması alaraq yaddaşını itirən qazi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda özünü asaraq intihar edib. Vüsal Musayevin intihar etməsində bir çoxları müalicə aldığı xəstəxananın həkimlərini günahlandırır.

Çünki Vüsal Musayevin özünü öldürmək istədiyi ilə bağlı həkimlərin xəbərdar olduğu söylənilir. Qeyd edək ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Qazinin intiharı ilə bağlı fikirlərini bölüşən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bunları bildirib: “O, özünü öldürmək istədiyini bir neçə dəfə yaxınlarına və palata yoldaşlarına deyib. Dediklərinə görə Vüsalı palatada nəzarətdə saxlayıblar. Həkimlər arxayın olub ki, onsuz da nəzarətimizdədir. Özünə heç nə edə bilməz”.

Firudin Məmmədov qeyd edib ki, Vüsal özünü deyilənə görə ayaqyolunda asaraq intihar edib: “İstənilən halda həkimlər diqqətli olmalı idi. Çünki müharibədə travma almaq ağır məsələdir. Bəzən insanlar bunu adi xəstəlik hesab edirlər. Amma müharibə travması olduqca ağırdır. Bu günə qədər Birinci Qarabağ müharibəsinin qazilərindən çətinə düşəndə intihara cəhd edənlər var. Çünki onlarda bu travma həmişəlik qalır. Bu gün 44 günlük Vətən müharibəsində travma alanların ən ağır günləridir. Həkimlər ona görə də çox diqqətli olmalıdır. Ümumiyyətlə, həkim komissiyaları ilə bağlı çox şikayətlər gəlir.

Hesab edirəm ki, bununla bağlı nəzarəti gücləndirmək lazımdır. Sənədlərin yazılmasında, verilməsində və diaqnozların qoyulmasında neqativ hallara yol verilməsi ilə bağlı çoxlu şikayətlər var. Ona görə də hesab edirəm ki, bizim kimi ictimai birliklər vəziyyəti nəzarətə götürməli, proseslərdə iştirak etməliyik. Çünki müəyyən qədər sıxıntılar var. Dünən baş verənlər də bütün bunların nəticəsidir. Allah qazimizə rəhmət eləsin”. /konkret.az/

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84