Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr İRƏLİ ÇƏKİLİB

11:46 - 18 Avqust
    1665 oxunma

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını, hərbi qulluqçularının peşəkarlığını, Azərbaycan dövlətçiliyinə sadiqliyini nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etməklə bizim üçün ciddi tapşırıqlar müəyyən etmişdir. Azərbaycan sərhədçisinə ali inamın ifadəsi olan bu tapşırıqların icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimizdir!”.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib. E.Quliyev bildirib ki, səngərdə və sərhəddə Ermənistanla dövlət sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyası fəaliyyət göstərdiyi dövr ərzində formalaşaraq hərbi intizamı və döyüş qabiliyyətinin yüksək olması ilə fərqlənən hərbi birləşməyə çevrilmiş, qısa müddət ərzində dövlət sərhədinin mühafizəsində və müdafiəsində yüksək nəticələr əldə edib.

“Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilmişdir, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır.

Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Bu tədbirlər sırasında bütün xidməti ərazi boyu döyüş postlarına aparan və onlar arasında yolların, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün yol boyu qoruyucu sədlərin çəkilməsi, bütün sərhəd döyüş məntəqələrinin xüsusi radiorabitə vasitələri ilə təmin edilməsi, xətti rabitə sisteminin yenilənməsi, sərhəd döyüş məntəqələrində yüzlərlə videomüşahidə kameralarının və günəş paneli sistemlərinin quraşdırılması xüsusi qeyd edilməlidir”.

Generalın bildirdiyinə görə, Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınıb:

“Cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 m irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan vermişdir. Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılmışdır.

Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilmiş, atəş nöqtələri susdurulmuş, hərbçiləri məhv edilmiş, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunmuşdur.

Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır.

Cari ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı, əsgər və zabitlərimizin qəhrəmanlığı mənfur düşməni itki verərək geri çəkilməyə məcbur etdi.

14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü Azərbaycan xalqının sarsılmaz iradəsini, xalqın öz Prezidentinə və Silahlı Qüvvələrinə inamını və sədaqətini, onların yanında olduğunu bir daha ən yüksək səviyyədə nümayiş etdirdi.

Ali Baş Komandanımızın göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənən Silahlı Qüvvələrimiz və xalqımızın mübariz ruhu Azərbaycan torpaqlarının tezliklə azad olunmasına gətirib çıxaracaqdır”.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır! Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də bu vəzifələrin icrasında şərəflə iştirak etməyə həmişə hazırdır!”,- deyə DSX rəisi bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84