“Qaçqınkom”da pozuntular aşkarlandı, ölən adamlara pul “verilib”

13:15 - 10 İyul
    2025 oxunma

Hesablama Palatasının 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Komitə) ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparılıb.

Bizimxeber.az bildirir ki, palatanın yaydığı xəbərə görə, malların (işlərin və xidmətlərin) satınalınması zamanı ümumi məbləği 118,5 min manat olan satın alınacaq malların ehtimal olunan qiymətləri Komitə tərəfindən müəyyənləşdirilməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edilib, həmçinin 9,3 min manat məbləğin xərc paraqrafları, 35,5 min manat məbləğin isə funksional təyinatı dəyişdirilərək xərc edilib, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb.

Komitədə elektron informasiya bazasının yaradılması və bazanın işinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılsa da, müəyyən edilmişdir ki, 2019-ci ilin dekabr ayında 33,0 manat vahid aylıq müavinət alan 10741 nəfər məcburi köçkünün adı kommunal xərclər ödənilən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9879 nəfər məcburi köçkünün adı isə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməyib, 2910 nəfər məcburi köçkünün adı isə  həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənilən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınıb, 60,0 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilib 433 nəfər üzrə isə  201,7 min manat müxtəlif kommunal xidmətləri haqqı ödənilib.

2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilən 665 məcburi köçkünə 33,0 manat əvəzinə 60,0 manat aylıq müavinət ödənilməsi nəticəsində 287,0 min  manat artıq vəsait xərclənib, bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilib.

Ümumilikdə 40 məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9588,9 manat, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248,8 min  manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 nəfər  məcburi köçkünə 96,8 min  manat vahid aylıq müavinət ödənilmiş, mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən 1513 nəfər məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmadan Komitə tərəfindən əlavə 3 Mənzil Kommunal İstismar Sahəsi (MKİS) yaradılaraq onların saxlanılmasına 730,0 min  manat, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 “çilingər-santexnik” və 94  “xarrat-rəngsaz” ştat vahidi təsdiq edilərək əmək haqqı ödənilib, Komitənin Mənzil İstismar Departamentində nəqliyyat vasitələrinə normadan artıq 17,4 min  manat dəyərində ehtiyat hissələri silinib, MKİS-lər tərəfindən qanunvericiliklə müəyyən edilmiş norma ilə nəzərdə tutulmayan 16,2 min  manat dəyərində malların alışı həyata keçirilmiş, müqavilə üzrə nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməməsinə baxmayaraq podratçı təşkilata 14,5 min manat cərimə məbləği hesablanmayıb, qeyri-əhali qrupları üzrə məişət tullantısının yığılması və daşınmasına görə 1601,2 manat artıq vəsait ödənilmiş, çoxmənzilli yaşayış binalarında məcburi köçkünlərə lift xidməti üzrə  hesablaşmalarda 3737,23 manat ƏDV məbləği nəzərə alınmayıb, mobil telefon ötürücü antena qurğularının quraşdırılması xidmətinə görə  dövlət büdcəsinə 2256,6 manat az icarə haqqı ödənilib.

 Məcburi köçkünlər üçün salınmış şəhərciklərdə məcburi köçkünlərdən 577,4 min  manat məbləğində mənzil haqqının və bərk məişət tullantılarının yığılması və daşınmasına görə 862,8 min  manat xidmət haqqının yığılması və uçota alınması təmin edilməyib, sakinlərə göstərilən kommunal xidmətlərə görə 126,0 min  manat xidmət haqqı düzgün olmayaraq büdcə vəsaiti hesabına ödənilib, məcburi köçkünlərin yeni salınmış qəsəbə və şəhərciklərə köçürmə işlərinə görə 40,2 min  manat artıq vəsait ödənilib, MKİS-lərdə 18,0 min  manat dəyərində inventar çatışmazlığı aşkar edilib, Mənzil İstismar Departamenti üzrə normadan artıq 2018-ci ildə 16 ədəd, 2019-cu ildə 14 ədəd xidməti nəqliyyat vasitəsi saxlanılaraq 37,7  min manat büdcə vəsaiti xərc edilib.

Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi  üzrə işlər  davam etdirilir.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84