. .

Neft bahalaşır - İnsanların vəziyyəti yaxşılaşmaqdan niyə pisləşir?

15:49 - 03 May
    6315 oxunma

Təqribən 1 il əvvəl baş tutan OPEK+ razılaşması, neft ixrac edən ölkələri çətin vəziyyətdən çıxardı və qiymətləri stabilləşdirdi. Son dövrdə isə ABŞ-ın və digər inkişaf etmiş ölkələrin stimullaşdırma siyasəti, trilyonlarla dollar çap etməsi, təbii olaraq inflyasiyaya və əmtəə qiymətlərinin artımına gətirib çıxardı. Rəsmi rəqəmlərdən fərqli olaraq, bütün dünyada əmtəə, xüsusən xammal, qida, enerjidaşıyıcıları, metallar böyük ölçüdə, bəzən iki dəfəyə yaxın bahalaşıb.

Bizimxeber.az xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl dünya bazarında neftin bahalaşmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, neftin bahalaşması sadə Azərbaycan vətəndaşlarının həyatına mənfi təsir etməkdədir:

“Bu bahalaşma Azərbaycan hökuməti üçün xilas yoluna çevrildi, neftin qiymətləri 30 dollar civarından çıxaraq, hazırki həddə sabitləşdi. Cari qiymətlər ilin sonuna qədər Neft Fondunun 5 milyard dollar civarında valyuta əldə etməsi deməkdir

Amma nəzərə almalıyıq ki, bahalaşma dalğasının ikinci tərəfi də var. Dünya bazarlarında təkcə neft və qaz deyil, tikinti materiallarından tutmuş ərzağa və elektronikaya qədər, ölkəmizin idxal etdiyi hər şey bahalaşır. Kobud şəkildə ifadə etsək, bu ilki 5 milyard dolların alıcılıq qabiliyyəti, keçən ilki 5 milyard dollardan xeyli azdır, yəni xaricdən idxal üçün daha çox valyutaya təlabat yaranır

Belə olduqda, hökumət müxtəlif yollarla idxalın qarşısını almağa çalışır, büdcənin sosial öhdəliklərini icra etməklə, əhalinin geniş təbəqələrinin cüzi ödənişlərini stabil saxlamağa, beləliklə də ölkədəki qəbir sükutunu davam etdirməyə çalışır. Lakin bu siyasətin nəticəsindən asılı olmayaraq, əhalinin gəlirləri dəyərsizləşir, yalnız minimum ehtiyacları ödəməyə zorla çatır, kiçik və orta biznes tamamilə sıradan çıxır. Bir sözlə, hökumət neftin qiymətlərinin bahalaşmasından qazandığı üstünlüyü itirməmək üçün, əhalinin yalnız ən zəruri qida və gündəlik təlabat mallarına pul xərcləməsində maraqlıdır

Beləliklə, neftin bahalaşması, əhalinin yoxsullaşmasının qarşısını almır, əksinə, hökumətin anormal iqtisadi siyasəti nəticəsində, ölkədəki bahalaşma dalğası daha da şiddətlənir. Faktiki olaraq, qlobal miqyasda neftin bahalaşmasına gətirib çıxaran faktorlar, Azərbaycanda büdcədən qidalanan təbəqənin gəlirlərinin əvvəlki səviyyədə qalmasına və inflyasiyanın bu gəlirləri “yeməsinə”, büdcədən kənar təbəqənin isə ümumiyyətlə sıradan çıxmasına səbəb olur”. /AzToday/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84