. .

Nazirlik “Azərsu”yun cərimələnməsi üçün sənədləri məhkəməyə göndərdi

15:24 - 07 May
    2441 oxunma


Səbail rayonu Bibiheybət ərazisindən boru kəməri vasitəsilə çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma başa çatıb. 

“Qafqazinfo”nun məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 30.4, asılı bərk hissəciklərin 13.4, sintetik səthi aktiv maddələrin isə 5.8 dəfə normadan artıq olduğu müəyyən olunub.

“Qeyd edək ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib”, - deyə H. Əlizadə vurğulayıb.

Onun sözlərinə görə, faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

“Tullantı sularının mərkəzləşmiş kanalizasiya şəbəkəsinə yönəldilməsi məqsədilə tərəfimizdən “Azərsu” ASC-yə məktub ünvanlanıb”, - deyə rəis sözlərinə əlavə edib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84