Nazarbayevin 29 yaşlı nəvəsiin müəmmalı ölümü: - Narkotik, ifşaedici açıqlama, yoxsa...

11:01 - 17 Avqust
    1855 oxunma

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi avqustun 16-da Londonda vəfat edib. 29 yaşlı Aysultan keçmiş prezidentin böyük qızı Dariqa Nazarbayeva ilə mərhum Rahat Əliyevin ortancıl övladıdır. Qazaxıstan KİV-lərinin məlumatına görə, Aysultan Nazarbayevin ölümünə ürək tutması səbəb olub. Maraqlıdır ki, A.Nazarbayev ötən ilin yayında Londondakı otellərdən birində intihara cəhd etmiş, özünü balkondan atmaq istəyərkən polisin müdaxiləsi sayəsində həyatda qalmışdı.

“Ailəmiz sevimlimiz Aysultanın vəfatından dərin kədər keçirir. Ümid edirik ki, bizim üçün bu çox çətin zamanda ictimaiyyət itkimizə anlayış və hörmət göstərəcək”, – deyə açıqlama verən Dariqa Nazarbayeva oğlunun ölüm xəbərini təsdiqləyib.

Sandxerstdəki Britaniya Kral Hərbi Akademiyasını bitirdikdən sonra Aysultan Nazarbayev Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin heyətinə daxil edilmişdi. 2017-ci ildən isə Qazaxıstan Futbol Federasiyasında çalışırdı. Təqribən 10 gün sonra – 26 avqustda 30 yaşı tamam olacaqdı.

A.Nazarbayev ötən ilin oktyabr ayında Londonda narkotik vasitələrin təsiri altında polis işçilərinə müqavimət göstərdiyinə, onlardan birini dişlədiyinə görə yerli məhkəmə tərəfindən şərti cəza almışdı. Aysultan həm cərimələnmiş, həm də üzərinə narkotik asılılığından müalicə olunmaq öhdəliyi qoyulmuşdu.

İstintaq Aysultan Nazarbayevin kokaindən istifadə etdiyini müəyyən etmişdi.

Aysultan Nazarbayev

A.Nazarbayev musiqiçilər Emi Vaynhaus və Robbi Villiams, futbolçu Corc Best və aktyor Conni Depp kimi məşhurların narkoasılılıqdan qurtarmaq üçün müxtəlif dövrlərdə reabilitasiya kursu keçdiyi özəl “Priory” klinikasında da müalicə alıb.

2017-ci ildə o, “Facebook” hesabından paylaşım edərək bildirmişdi ki, atasının – Qazaxıstandan Avstriyaya qaçan və rəsmi versiyaya görə həbsxanada intihar edən Rahat Əliyevin ölümündən sonra narkotik istifadə etməyə başlayıb. Dediyinə görə, 2019-cu ildə ailəsi onu “xüsusi Rusiya həbsxanasında” gizlədib. Sonradan həm Allah, həm də babası Nazarbayev ona narkotik asılılığından qurtulmağa kömək edib.

D.Nazarbayeva ilə 1983-cü ildə ailə quran Rahat Əliyev siyasi və diplomatik faəliyyətlə məşğul idi. Cütlüyün bu nikahdan iki oğlan və bir qız olmaqla, üç övladı dünyaya gəlmişdi – Nurəli, Aysultan və Venera.

2007-ci ildə adı bir sıra cinayətlərdə hallanan R.Əliyev Qazaxıstandan vaxtilə səfir olduğu Avstriyaya qaçır. Özünə qarşı təqibləri siyasi motivli adlandıraraq Qazaxıstana qayıtmayacağını bildirir.

2014-cü ildə R.Əliyev Qazaxıstan bankının iki menecerinin qətlində şübhəli bilinərək Avstriyada tutulur. Və 2015-ci ildə Avstriya həbsxanasındakı kamerasında asılmış vəziyyətdə tapılır.

Rahat Əliyev və Aysultan

Rəsmi versiyaya görə, R.Əliyevin ölümü intihar idi. Alman ekspert Bernd Brinkman isə R.Əliyevin intihar versiyanı qəbul etməyərək hadisənin qətl olduğunu demişdi. Və bildirmişdi ki, boğulma qırışlarından aşağıda olan göy ləkələr də qətl versiyasını möhkəmləndirir. Ekspertin sözlərinə görə, qançırlar göstərir ki, R.Əliyevi boğandan sonra asıblar.

Rahat Əliyev vətənə xəyanət, dövlət çevrilişinə cəhd kimi, bir sıra ağır maddələrdə də ittiham edilmişdi. O, vətənində qiyabi mühakimə olunmuş və barəsində həbs qərarı çıxarılmışdı. Avstriya əməliyyatçıları Qazaxıstan hökumətinin tələbi ilə R.Əliyevi 2015-ci ildə Vyanada həbs etmişdilər.

Dariqa Nazarbayeva qalmaqallı proses başlayan kimi birtərəfli qaydada – R.Əliyevin razılığı olmadan ərindən boşanmış və bir müddət ictimai həyatdan kənarlaşmışdı.

Nursultan Nazarbayev və Aysultan

Həmin dönəmlərdə mətbuat yazırdı ki, hadisənin məhkəmə ərəfəsi baş verməsi ciddi şübhələr yaradır. Çünki R.Əliyev əvvəlcədən bəyan etmişdi ki, məhkəmədə Qazaxıstan məmurları ilə bağlı şok faktlar açıqlayacaq. O, qayınatası N.Nazarbayevlə də bağlı ifşaedici açıqlamalar vermişdi.

Atası kimi Aysultan Nazarbayevin də ölümü müəmmalı oldu. Belə ki, Aysultan bu ilin fevral ayında “Facebook” hesabından bəyan etmişdi ki, siyasi sığınacaq üçün Britaniya hökumətinə müraciət edib. Buna səbəb isə paxıl və acgöz qohumları ilə münasibətlərinin pis olmasıdır. “Mən bu acgözlüyün bir parçası olmaq istəmədim”, – deyə Aysultan bildirmişdi.

Üstəlik, atası Rahat Əliyev kimi Aysultan da ölümündən qabaq sensasion açıqlamalar verərək anası ilə münasibətlərinin pis olduğunu, həmçinin Qazaxıstan qazının Rusiyaya satılmasına dair ailə üzvlərinin də iştirak etdiyi korrupsiya sxemindən xəbərdar olduğunu bildirmişdi…

Tərcümə Strateq.az-ındır

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84