.
.

Mitinq sonuncu yoldur - Müxalifət necə güclənməlidir?

21:18 - 26 Mart
    10200 oxunma


Azırbaycanda uzun illərdir hakimiyyəti əlində saxlayan Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi gücüdür. Bunu kimsə inkar edə bilməz. Bu gün ölkəni idarə edən nazir və icra başçıları, aşağı-yuxarı vəzifə sahibləri bu partiyanın üzvlərindən formalaşdırılıb. Bu illər ərzində YAP bütün gücü ilə hakimiyyətdə qalmağa çalışıb və imkanları əldən verməyib. Ölkə parlamentində ən çox təmsilçilik YAP-ın payına düşüb, yerdə qalan bir neçə partiya 1-2 üzvlə kifayətlənib, diqərlərinə isə heç JEK-də də yer yoxdur.

Azərbaycanda 30 ildir fəaliyyət göstərən müxalifət partiyaları da var ki, onlar sadəcə yox səviyyəsindədir. Müsavat və AXCP uzun illərdir gucsüz və zəif olaraq qalmaqdadır. Müsavat Partiyası həmişəki kimi loyallıq nümayiş etdirir, ara-sıra heç kimin fikir vermədiyi bəyanatlar yayır, hərdən qərərgaha oğrular girir və sairə.

AXCP-nin isə heç ofisi də yoxdur. Partiya Əli Kərimlinin timsalında radikallıq göstərməklə yadda qalır, heç bir dialoqa getmir, kimlərəsə lazım olduqca tənqid edir və ya tənqid olunur. Hərdən də mitinq, piket və sair mövzuları ortaya atır, azsaylı aksiyaçılara dəstək verir və sairə.

Əlbətdə, sözügedən partiya funksionerləri deyə bilər ki, uzun illərdir hakimiyyət onların fəaliyyətinə imkan vermir, sərbəst fəaliyyəti əngəlləyir, üzvlərini şərləyib həbs etdirir və sairə. Əcəba hansı hakim qüvvə ona rəqib olan partiya üçün yaşıl işıq yandırar, dəstək verib özünə problem yaradar.

Amma özünə xarici pasport ala bilməyən partiya liderinin "xalqı ağ günə biz çıxaracayıq" deməsi də doğru anlaşılan deyil. Yaxud Müsavat başqanı deyirsə ki, xaciri ölkələrə səfər etməyə maddi imkanlarımız yoxdur, amma əvəzində futbol yarışlarına bilet aldıqları məlum olursa bunu necə başa düşək?

Təsəvvür edin ki, cins şalvara ayaqqabı altından yamaq vururlar. O da uzaqdan pis görünür. Yaxından isə ümumiyyətlə gülüş hədəfinə çevirilir. 

Müxalifət lideri illərdir xarici səfərə getmir, görüşlər keçirmir, getmək üçün pulu belə yoxdur və buna görə hakimiyyəti günahlandırır. Yəni belə başa düşək ki, YAP Əli Kərimliyə, İsa Qəmbərə, Pənah Hüseynə, Arif Hacılıya pul verməldir ki, get  Avropa Birliyinin, Avropa Şurasının rəhbəri ilə görüş... Bu düşüncə adamlarından müxalifət lideri düzəltmək, onlara inanmaq nə qədər mümkündür? 

"Müxalifət lideri düzltmək" sözü son illərdə bizdə daha çox populiyardır.

Bu günlərdə "bir sədr, bir də papkası" olan 10-larla partiya ofislə təmin olundu. O partiyalar arasında bir neçəsini çıxmaq şərtilə yerdə qalanı bu dövlət üçün heç bir perespektiv vəd etmir.  Təsəvvür edin ki, bu yekəlikdə YAP heç kimə lazım olmayan bu məzlum partiyaların rəhbərlərinə yaşıl işıq yandırır, çalışır ki, onlardan zorla müxalifət partiyası əmələ gətirsin. Guya ki, bu partiyalar gələcəkdə ölkəmizdəki islahatlara dəstək verəcəklər, rəhbərləri lider olacaqlar. Bir ikisini də efirlərə çıxarıb söz yığını, problem ordan gəldi, qaz pulu burdan getdi dedirdib qışqırdırlar. Təbii ki, buna görə qonararını da verirlər, ofisləri də öz yerində, özü də tam təmirli. Hələ deyəsən işıq pulunu da özləri ödəmirlər.

Maraqlıdır, hakimiyyət doğrudanmı düşünür ki, adı olub özü olmayan, yaxud bir sədrdən ibarət olan bu partiyaların varlığını gözə soxmaqla xalqa onların müxalifət qüvvəsi  olduğuna inandıracaqlar? Doğrudanmı YAP-ın bu partiyaların müxalifət olmasına ehtiyacı var? Doğrudanmı hakimiyyətdəkilər düşünür ki, bu partiyalardan müxalifət düzəlsələr, onlar danışsa, problemləri səsləndirsələr ölkəmizdə islahatlar olacaq, inkişaf püskürəcək. Dogrudanmı, YAP-ın bu partiya sədrlərindən ehtiyacı var? 

Bir misal çəkəcəm. Uzun illərdir fəaliyyət göstərən patiyalardan biri -  Böyük Quruluş Partiyası və onun sədri Fazil Mustafanı hər birimiz tanıyırıq. Bəzən efirlərdə görünür,  parlamentdə nəzərə alınmasa da müəyyən təkliflər verir və sairə. Amma mənə maraqlıdır ki, bu partiyanın Ali Məclisin sədri, NTK sədri, sədr müavinləri kimlərdir? Onları niyə tanımırıq, içtimai və siyasi fəaliyyətləri niyə gözə dəymir? Böyük Quruluş Partiyasını ona görə misal çəkdim ki, bu partiya və sədri digər sadaladığım partiyalardan daha çox tanınır. İndi təsəvvür edin ki, bu partiyada vəziyyət çətindirsə, görün adı olub özü olmayanlarda vəziyyət nədir. Əslində onlarla misal göstərə bilərəm, amma lazım deyil.

Əsl müxalifət partiyası sivil mübarizə aparmalıdır, baş verənləri dəyərləndirməlidir, böyüməlidir, böyüdükcə hakimiyyətə müsbət mənada təsir imkanlarını artırmalıdır. Mitinqlər, piketlər ən sonuncu yoldur. Ona qədər müxalifət partiyaları xalqın və dövlətin inkişafı üçün yorulmadan əlindən gələn təklifləri nəzərə alınmasa belə səsləndirməlidir.

Müxalifət partiyasının əsas işi hakimiyyətə gəlmək olmamalıdır, əksinə hakimiyyətdəki qüvvəni işləməyə məcbur etməkdir. Müxalifətin işi hansısa kənar xarici qüvvədən maliyyə və ya siyası dəstək gözləmək deyil. Müxalifət elə bir şərait yaratmalıdır ki, hakimiyyətdəkilər onlarla məsləhətləşməyə məcbur olsun, təkliflərini dəyərləndirsin. Hər hansı bir qüvvə bunu istəmirsə demək o müxalifət olmaq istəmir, sadəcə vaxt udur. Əgər hər hansı bir qüvvə uzun illər müxalifət ola bilmirsə çəkilməlidir və yeni qüvvələrin yaranmasına imkan verməlidir. 

Ədil Hüseynli
Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84