.
.

Media nümayəndələrinin Ağdama səfəri narazılıq doğurdu

17:09 - 13 Mart
    8880 oxunma


Bu gün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 150-dən çox media qurumu və QHT rəhbəri, bloger və ictimai fəalın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb. Səfər iştirakçılarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Səfərin məqsədi işğaldan sonra Ağdam şəhərinin vəziyyətilə tanışlıqdır.

Dominant.az xəbər verir ki, səfər bir sıra ictimai şəxslər tərəfindən təqdir olunsa da, narazılıqlar da doğurub. Bir sıra tanınmış media nümayəndələri səfərdən kənarda qaldıqlarına görə sosial şəbəkə hesablarından öz etirazlarını bildiriblər.

Maraqlıdır, bu tip səfərlər hansı formada təşkil olunmalıdır ki, narazılıqlar doğurmasın? Ümumiyyətlə, belə səfərlər planlaşdırılarkən nələr nəzərə alınmalıdır, səfərlərə kimlər cəlb olunmalıdır? Sualımıza Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli aydınlıq gətirib.

A.Əsədli əvvəlcə bu tipli səfərlərin təşkil olunmasını vacib və pozitiv qiymətləndirib: “Çünki azad olunmuş torpaqlara Azərbaycan vətəndaşlarının köçürülməsi zaman alan bir prosesdir. Biz bütün bu prosesin gedişatı boyunca müsbət və mənfi hallara rast gələcəyik, bu, mütləqdir. Lakin səhvlərin təkrarlanmasının qarşısı alınmalıdır. Bu səbəbdən də artıq dəfələrlə təşkil olunmuş eyni tipli səfərlərə ictimaiyyətin aktiv qisminin narazılıq bildirməsi nəzərə alınmalı idi. Təəssüf ki, biz bunu son səfərdə də müşahidə etdik”.

“Ümumiyyətlə, bu tip səfərlərin bir kriteriyası və məqsədi olmalıdır. Əgər məqsəd azad olunmuş torpaqlarda törədilmiş vandalizmi geniş ictimaiyyətə çatdırmaq, düzgün işıqlandırmaqdırsa o zaman heç bir media qurumu bu prosesdən kənarda qalmamalıdır.

Ümumiyyətlə, nəinki media qurumları, ictimai, siyasi şəxslər də bu prosesə cəlb olunmalıdır. Əgər hansısa siyasi partiyanın ölkədə baş verən hüquq pozuntuları ilə bağlı səsi Avropa Şurasına çatırsa və diqqətə alınırsa, deməli, erməni vandalizmi ilə bağlı verdiyi bəyanat da Avropa Şurasına çatacaq və diqqətə alınacaq”, - deyə AY Partiya sədri qeyd edib.

A.Əsədli bu baxımdan siyasi qüvvələrin də prosesə cəlb olunmasını vacib hesab edir: “Təklif edərdim ki, elə yubatmadan gələn həftə bayram ərəfəsi siyasi partiya rəhbərlərindən ibarət bir Qarabağ səfəri təşkil olunsun”.

Qeyd edək ki, sözügedən səfərlə bağlı narazılıq edənlərdən biri də tanınmış jurnalist Ləman Ələşrəfqızıdır. O, öz etirazını “facebook” hesabından belə bildirilib: “Bu gün işğaldan azad olunmuş Ağdama jurnalistlərin səfəri təşkil olunub. Çox sevindim ki, dostlarım Zaur Qəriboğlu və Evez Zeynallinı nəhayət yada salıb bu heyətin tərkibinə qatıblar. Bizi isə LAF TV olaraq görməzdən gəliblər.

Əli Həsənovun şanlı yolunu şərəflə davam etdirənlərin diqqətinə çatdırıram ki, mayın 28-də hələ bir yaşımız tamam olacaq. Amma buna rəğmən 87 min abunə qazanmışıq. Canlı yayımlarımızı elə gün olub ki, birbaşada 11 min adam izləyib. Orta hesabla hər gün 2500-3000 adam birbaşada bizi izləyir. Professional jurnalistik, ağzımızdan çıxan sözün məsuliyyətini dərk edirik. Daha hansı məziyyətlərə malik olmalıyıq ki, yadınıza düşək?

Müharibə günlərində, sanki bunu bizdən tələb edən biri varmış kimi, iki nəfərə 20 nəfərin görə biləcəyi işi görmüşük. Yəni dediyim o ki, işğaldan azad olunan torpaqlar sizin dədənizin torpağı deyil, bizim də torpağımızdır. Nəhayət, bitirin bu ayrıseçkiliyi! Əli Həsənovdan qalan komandadan başqa da jurnalistlər var bu ölkədə. İyrəndirməyin bizi peşəmizdən və şeydən!”

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84