“Məcbur olub sələmə pul götürdük, Hüseynqulu Bağırova verdik...”

19:01 - 27 Avqust
    2855 oxunma

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, baş mühasib İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizimxeber.az xəbər verir ki, təqsirləndirilən şəxslərdən yalnız İlqar Hacıyev həbsdədir. Cinayət işi üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, 27 nəfər tanınıb.

Məhkəmə prosesində İ.Hacıyev müdafiəçilərin suallarını cavablandırarkən deyib ki, ştatdan kənar 63 işçinin kartına pul köçürülməsindən xəbəri olub. Kartlardan pulu əsasən ya şəxsi sürücüsü, ya da Əkbər Həsənovun sürücüsü çıxarıb: "Nazirliyin digər qurumlarında qazanc, gəlir yeri olurdu. İki-üç ağacın yerini o tərəfə, bu tərəfə edib pul qazanırdılar. Bizim departament isə gəlirsiz yer idi. Havanı pulla satmayacaqdıq ki?! Məcbur olub bu işi görmüşük”.

Sualları cavablandıran İ.Hacıyev əlavə xərclərin nədən ibarət olmasından danışıb. Deyib ki, itkin düşən alpinistlərin axtarışı üçün 12 min manata, kombi sisteminin quraşdırılması üçün 20 min manata, telekommunikasiya xətlərinin yenilənməsi üçün 7 min manata, hava proqnozları ilə bağlı bukletlərin hazırlanması üçün 20 min manata, departamentin balansında olan binanın şüşə üzlüyünün yuyulması üçün 25 min manata yaxın vəsait xərclənib.

Təqsirləndirilən şəxsin dediyinə görə, hər ay o saxta maaş kartlarından çıxarılan pulu nazirlikdə onların üzərinə qoyulan əlavə işlərin görülməsinə xərcləyirdilər. Onun sözlərinə görə, sonuncu dəfə 2018-ci ildə prezident seçkisi öncəsi nazir departament rəhbərini çağırıb, 265 min manat pul istəyib - seçkiyə görə 50 min manat, özünün Salyandakı zavodunun tikintisinə görə də 215 min manat.İ.Hacıyev deyir ki, həmin vaxt məcbur olub sələmlə pulu götürüb, nazirə çatdırıblar. Sonradan kartlardan pulu çıxarıb borcu ödəyirdilər.

İ.Hacıyev müdafiəçisinin suallarını cavablandırarkən deyib ki, sabiq nazir Hüseynqulu Bağırov Əkbər Həsənovdan 265 min manat istəyərkən həmin məbləği sələmə Vüqar adlı şəxsdən alıblar. Ə.Həsənov isə deyib ki, nə Hüseynqulu Bağırov ondan pul alıb, nə də ki, Vüqar adlı şəxsi tanıyır. İ.Hacıyev Vüqar adlı şəxsi digər işçilərin tanıdığını da söyləyib.

Vəkilin İ. Hacıyevə növbəti sualı Hüseynqulu Bağırovla bağlı mətbuata müraciətin hazırlanmsı ilə əlaqədar olub. Müdafiəçinin sözlərindən məlum olub ki, təqsirləndirilən şəxslər barəsində cinayət işi açılanda onlar bu işdə Hüseynqulu Bağırovu günahkar bilərək onun barəsində müraciət hazırlayaraq mətbuat vasitəsi ilə ictimailəşdirmək istəyiblər. Lakin sonradan Hüseynqulu Bağırova yaxın şəxslər məsələni həll edəcəkləri vədi ilə müraciətin mətbuata çıxmasının qarşısını alıblar.

İ.Hacıyev bunu təsdiqləyib və deyib ki, həmin müracit onda hələ də qalır. Əkbər Həsənov isə bunu da təkzib edib, İ.Hacıyevin düz danışmadığını deyib. Ə.Həsənov məhkəməyə bildirib ki, bu işdə Hüseynqulu Bağırovun adının hallandırılması doğru deyil. Onun sözlərinə görə, sabiq nazir bu məsələlərdən xəbərsiz olub. Ə.Həsənov sürücüsünün heç vaxt kartlardan pul çıxarmadığını açıqlayıb: "Pul çıxaranların hamısı bankomatların kamerasına düşüb. Onların arasında  mənim sürücüm yoxdur”.

Daha sonra təqsirləndirilən Orxan Qasımov ifadə verib. O, elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İşlədiyi müddətdə ona verilən tapşırıqları icra etdiyini deyib. O. Qasımov istintaqda fərqli ifadə verməsini, dövlətə vurulmuş ziyanın bir hissəsini ödəyəcəyi ilə bağlı vədini belə izah edib: "İstəmirdim ki, İlqar müəlim üçün daha da çox problem yaransın. Buna görə də belə ifadə verdim ki, ona kömək edim. Yəni kartlardan dördü məndə olmayıb. Mən sadəcə işçilərin maaşını hesablamışam. Həmin kartlardan pulu çıxaranda İlqar müəllimə vermişəm”.

İ.Hacıyev Orxan Qasımovun ifadəsinin bu hissəsini təsdiqləyib və bildirib ki, Orxanın ona verdiyi pulları da Əkbər Həsənova çatdırıb. Orxan Qasımov suallara cavabında bildirib ki, müqaviləsiz işçilərdən xəbəri olmayıb: "Mən sadəcə şəxsiyyət vəsiqələri əsasında sənədləri banka göndərib kart açılmasını həyata keçirirdim”.

O.Qasımov keçmiş iş yoldaşı, indi təqsirləndirilən şəxs olan Təbrizin kartlardan pul çıxarması üçün aylıq cüzi məbləğ verilməsi ilə bağlı istintaqda dediyini təsdiqləməyib. Həmin ifadəni onun adından müstəntiqin yazdığını deyib. O bildirib ki, digər işçilərin kartlardan pul çıxarıb, gətirib İlqar Hacıyevə və Əkbər Həsənova verməsindən xəbəri olmayıb.

O.Qasımov istintaqda vəkilinin olmadığını, vəkilsiz dindirildiyini deyib. Məhkəmə prosesi zamanı O.Qasımovun ifadəsi elan edilib. İstintaqa verdiyi ifadəsində O.Qasımov etiraf edib ki, departamentə aidiyyəti olmayan şəxslərin adına kartlar açaraq pulları oraya köçürüb mənimsəyiblər.

İstintaqdakı ifadəsində İ.Hacıyev və Ə.Həsənovun rəhbərliyi altında 451 min manat vəsaitin mənimsənilməsini etiraf edib. İfadəsində göstərib ki, kartlardan çıxarılan pullar İ.Hacıyevə verilib və pullar Ə.Həsənovla İ.Hacıyevin arasında bölünüb.

Məhkəmə iclasında isə istintaqdakı ifadəsinin yarısını təsdiqləməyib. İş yoldaşları Tural və Təbrizin kartlardan pul çıxarması, onlara müəyyən məbləğdə pul verilməsi, saxta sənədlər hazırlanması ilə bağlı deyilənləri təkzib edib. Həmçinin, işçilərin çoxu ilə əmək müqaviləsinin bağlanıb-bağlanmamasından xəbərsiz olduğunu deyib.

Tərəflərin suallarını cavablandırarkən məlum olub ki, onun həyat yoldaşı Səbinə Qasımova da orada işləyib. Sonuncunun adına 10 min 600 manat pul köçürülüb. O. Qasımov həyat yoldaşının adına köçürülən pulun maddi yardım olduğunu, onun özünə də 11 min manat maddi yardım yazıldığını deyib. O, nazirlikdə bir çox şəxslərin maddi yardım aldığını, hətta 20 min manat yardım alanların da olduğunu söyləyib.

Tərəflərin suallarını cavablandırarkən O.Qasımovun dediklərində xeyli ziddiyyətlər yaranıb. O gah istintaqda boş vərəqə imza atdığını, gah da yazılan ifadədən xəbərsiz olduğunu deyib. Ə.Həsənov isə bildirib ki, O.Qasımov  İ.Hacıyevin əlavə kartlar açmasından xəbərdar olub, amma bunları dilə gətirmir. Ə.Həsənov Orxanın istintaqdakı ifadəsində də bəzi yanlışlıqlar olduğunu deyib: "Mənə aid olan hissələr düzgün deyil. Mən ona heç bir göstəriş verməmişəm”.

İ.Hacıyev çıxışında deyib ki, baş verənlərin hamısından H.Bağırovun xəbəri olub: "Hamı yaxşı bilir ki, rəhbərin razılığı olmadan bu işlər görülə bilməz. Hüseynqulu Bağırovun da xəbəri olub. Amma necə olur ki, bir mən burada otururam?”

Hakim isə "hazırda burada cinayət işində adı çəkilən şəxslərin işinə baxılır.  Hüseynqulu Bağırovdan şikayətiniz varsa, müvafiq qurumlara müraciət edə bilərsiniz”deyib. Məhkəmə prosesi davam edir. /virtualaz.org/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84