Ölkədə ən yarıtmaz sahə: Buna görə ilk növbədə SN və TƏBİB cavabdehdir

12:47 - 18 Dekabr
    1170 oxunma

"Ölkədə rəqəmsallaşmanın ən zəif getdiyi sahələrdən biri səhiyyə sistemidir". Bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib. Onun fikirincə, COVİD-19-la mübarizədə əsas səbəblərdən biri səhiyyə sistemində rəqəmsallaşmanın olduqca ləng getməsidir:

"Nə üçün COVİD-19-la mübarizədə səhiyyə sistemi effektiv fəaliyyət göstərə bilmir? Xəstəxanalarda boş yerlərə, dərmanların hərəkətinə ictimai nəzarəti necə təşkil etmək olar?

Əlbəttə, bu sualların bir çox cavabları artıq sosial mediada gündəmə gətirilib. Qəribəsi odur ki, ölkə üzrə hələ də vahid bir tibbi platforma, bütün maraqlı tərəfləri özündə birləşdirən - Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur. Hansı ki, hər bir xəstə haqqında müxtəlif tibb müəssisələrindən daxil olan məlumatlar burada cəmləşməliydi. Belə bir sistem formalaşdırılsa, vətəndaşlar daha rahat, elektron formada həkim qəbuluna yazıla bilər, bütün tibb xidmətləri daha əlçatan ola bilərdi. Burada hər bir vətəndaş haqqında uzun illər toplanan informasiya əsasında həkimlər daha düzgün qərarlar verə bilərdi.

Toplanan dataları analiz etməklə, süni intellekt vasitəsilə daha effektiv həllər təqdim etmək olardı. Bu platformanın apteklərə inteqrasiyası ilə elektron reseptlər sistemini işə salmaq olar, xəstələrin bütün dinamikası izlənə bilərdi".

 

Osman Gündüz təəssüf hissi ilə əlavə edib ki, cavabdeh şəxslər uzun illər keçməsinə baxmayaraq, bu məsələni həll etməyib:

"Səhiyyənin elektronlaşmasına ayrılan ictimai resursların əhəmiyyəti indiki çətin durumda gözə dəymir. İctimai əhəmiyyət kəsb etməyən, mənasız e-xidmətlərin siyahısı isə SN saytında göz deşir. Təbii ki, bütün bunlara ilk növbədə Səhiyyə Nazirliyi və həmçinin TƏBİB cavabdehlik daşıyır. Bununla belə, ölkədə eGov sahəsində cavabdeh qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin də bu sahədə fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Səhiyyə sistemində rəqəmsallaşmaya və e-xidmətlərə dövlət nəzarəti zəif təşkil olunub. Vətəndaşlar ən elementar tibbi məlumatları, pulsuz xidmətlər və dərmanlar haqqında, hansı həkimi və ya poliklinikanı seçə biləcəyi haqqında bilgiləri və ictimai əhəmiyyət kəsb edən tibbi xidmətləri rəqəmsal formada əldə edə bilmirlər".

Osman Gündüz hesab edir ki, indiki anda vətəndaşa COVİD-19-la bağlı kömək ola biləcək, yoluxmuş vətəndaşlara düzgün qərarlar qəbul etməsi üçün yardımçı ola biləcək güvənli informasiyalar əlçatan deyil: "Əgər Vətəndaş Cəmiyyəti xəstəxanalarda boş yerlərə onlayn ictimai nəzarət edə bilmirsə, dərmanların hərəkətinə nəzarət imkanı yoxdursa, bunun məsuliyyəti həm də eGov Mərkəzindədir. Görəsən indiki çətin dönəmdə neçə nəfər SN və TƏBİB-in elektron xidmətindən istifadə edib? VXSİ Dövlət Agentliyi səhiyyə xidmətlərini monitorinq edibmi? Vətəndaş Cəmiyyəti üçün ictimai nəzarət imkanları yaradılmalıdır. Tibb sahəsinin ən elementar, ən klassik xidməti olan xəstəxanalarda elektron növbə sistemi yoxdursa, buna həm də eGov Mərkəzi diqqət yetirməliydi. Səhiyyə sahəsi bəlkə də yeganə ictimai əhəmiyyət kəsb edən sahələrdən biridir ki, bir dəfə də olsun e-xidmətlərlə bağlı ictimai bir müzakirəyə rast gəlməmişəm.

 

Düşünürəm ki, eGov Mərkəzi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə səhiyyə sistemində mövcud informasiya resurslarının auditini aparmalı, inteqrasiya imkanları müəyyən olunmalıdır. Səhiyyənin rəqəmsallaşması konsepsiyası ortaya qoyulmalıdır.

Dərhal rəqəmsallaşmaya start verilməlidir. Ən elementar tibb xidmətləri tez bir zamanda rəqəmsallaşdırılmalı və məlumatlar əlçatan edilməlidir. Əminəm ki, səhiyyə sistemində mövcud sistem və resursları rəqəmsallaşdırmaqla, dövlət nəzarətini gücləndirmək və ictimai nəzarət imkanları yaratmaqla COVİD-19-la daha effektiv mübarizə aparmaq mümkün olacaq".

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84