.
.

Levon Aronyan Ermənistanı tərk edəcəyini təsdiqlədi

16:07 - 26 Fevral
    7200 oxunma


Ermənistanın tanınmış şahmatçısı Levon Aronyan yenidən ölkəsini tərk edəcək. Bu barədə məlumatı 39 yaşlı qrossmeyster özünün feysbuk səhifəsində paylaşıb. O, qərarının hazırkı hökumətin verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı olduğunu yazıb: "Ötən il hamımız üçün çox çətin keçdi:pandemiya, müharibə, şəxsi həyatımdakı faciə və dövlətin erməni şahmatına qarşı laqeydliyi.

Verilən sözlərin yerinə yetirilməsi üçün 1 ildən çox gözlədim. Sonda çətin qərar verməli və doğma ölkəmi tərk etməli olduğumu anladım. İstənilən dəyişikliyi gözləmək idman karyeram baxımından vaxt itkisidir. Ailəm, xüsusən anam məni şahmatçı etmək üçün çox qurban verdi. Bunu qiymətləndirirəm və şanslarımdan maksimum istifadə etməliyəm".

Uğurlarını Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın şəxsi diqqəti və göstərdiyi dəstəklə əlaqələndirən Aronyan bildirib ki, yeni hökumətin şahmat sahəsində dağıdıcı qərarlarını dayandırmaq üçün etdiyi bütün cəhdlər uğursuz olub: "Dövlətin dəstəyini özüm üçün deyil, uğurlarımla vətəni təmsil etmək üçün istədiyimi onlara çatdıra bilmədim. Mənə dedilər ki, ekspertlər daha sənin potensialına inanmırlar".

Dəfələrlə ölkə xaricindən maraqlı təkliflər aldığını deyən şahmatçı həmin vaxt ölkədə qalmağa üstünlük verdiyini vurğulayıb: "Əminəm ki, zaman keçdikcə şahmat Ermənistanda öz statusunu bərpa edəcək. Şahmat məktəblərini bağlamaq əvəzinə bu idman növünə hörməti yenidən görəcəyik".

Qeyd edək ki, Levon Aronyan Ermənistanı ikinci dəfə tərk edir. O, daha əvvəl - 2003-cü ilin sentyabrından 2004-cü ilin mayınadək Almaniyanın bayrağı altında çıxış edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84