Koronavirus peyvəndləri cinayətkarların hədəfində – “Stratfor”  

17:33 - 25 Yanvar
    7800 oxunma


ABŞ-ın “Stratfor” özəl kəşfiyyat-analitik şirkəti (bəziləri bu şirkəti “gizli Mərkəzi Kəşfiyyat İdarəsi” də adlandırırlar) cinayətkar qrupların koronavirus peyvəndləri ilə bağlı həyata keçirə biləcəyi əməliyyatlara dair proqnozları bölüşüb. Novator.az-ın məlumatına görə, proqnozda deyilir ki, cinayətkar qruplar koronavirus pandemiyası dövründə vaksinasiya kampaniyalarından yararlanmaq üçün fəallaşa bilər.

Bildirilir ki, 2020-ci ilin dekabrında İnterpol 194 üzv ölkənin hüquq mühafizə orqanlarını koronavirus peyvəndlərinin cinayətkar qrupların hədəfində olduğu barədə xəbərdar edib. Həmin xəbərdarlıqda qeyd olunub ki, mümkün cinayət əməlləri sırasına dövriyyəyə saxta peyvəndlərin buraxılması, COVİD-19 vaksinlərinin satışında möhtəkirliyə yol verilməsi və vaksinlərin oğurlanması əməliyyatları daxildir.

İnterpolun xəbərdarlığında son bir ildə pandemiyadan sui-istifadə fonunda cinayətkarların davranışının dəyişdiyi də diqqətə çatdırılıb. “Stratfor”un proqnozunda xatırladılır ki, müxtəlif ölkələrdə koronavirus infeksiyasına qarşı bəzi vaksinlərə rəsmi lisenziya verilib və vaksinasiyaya başlanıb. Bu isə cinayətkar dəstələrin qlobal peyvəndlənmə kampaniyasından yararlanmaq üçün hərəkətə keçməsinə də stimul yaradır.

Qeyd olunur ki, həmin dəstələr adətən birbaşa vaksin alveri etmirlər. Ona görə də vaksin dozasının oğurlanmasına dair yalnız bir neçə, xırda-para misal var. Və bu, iki faktorla əlaqədardır. Birincisi, insanların sağlamlığı üçün vaksinlər əhaliyə ya ucuz qiymətə, ya da havayı təqdim olunur. Ona görə də cinayətkar təşkilatlar oğurluq peyvəndlərin satışından çox qazanc gəlməyəcəyini anlayır.

İkincisi, vaksinlər inyeksiya üçün nəzərdə tutulub, maye şəklindədir və xüsusi temperaturda, bəziləri çox soyuq şəraitdə saxlanmalıdır. Cinayətkar təşkilatlar üçün isə həb şəklində olan dərmanlardan fərqli olaraq bu cür spesifik dərmanları saxlamaq, daşımaq çətindir.

Amma “Stratfor”un bildirdiyinə görə, o biri yandan nəzərə almaq lazımdır ki, dünyada misli görünməmiş vaksinasiya kampaniyaları gedir və cinyətkarlar belə fürsəti fövtə vermək istəməzlər.

Proqnozda qeyd olunur ki, ölkələrin əksərində hökumətlər əhalinin sağlamlığı naminə peyvənd xərclərini dövlət vəsaiti hesabına qarşılasa da, hazırda vaksin dozalarının sayı hamı üçün əlçatan deyil. Koronavirus peyvəndləri hələ məhdud dozada istehsal olunduğuna görə hökumətlər vaksinasiyanı növbəlilik prinsipi ilə, ilk növbədə risk qrupuna aid şəxslərə – tibb işçilərinə, yaşlı və xəstə insanlara tətbiq edir.

Vaksinə olan təlabatla onun əldə olan dozası arasındakı fərq isə bu dərmanların qara bazara ötürülməsi, deməli, növbədənkənar peyvəndlənmənin aparılması təhlükəsini doğurur. Cinayətkar dəstələr iri məbləğdə ödənişlər müqabilində növbədənkənar peyvəndlənmə təşkil etmək iqtidarındadır.

Ən geniş üsullardan biri vaksinasiya prosesinə nəzarət edən səhiyyə məmurlarını satın almaqdır. Vaksin dozalarının saxlanması və tətbiqi problemlərini nəzərə alan cinayətkarlar dozaları əldə etmək və satmaq üçün vaksinasiya prosesinə cəlb olunmuş səhiyyə müəssisələrinə rüşvət müqabilində yol tapa bilərlər.

Riskli peyvənd oğurluğuna getmək və mürəkkəb peyvəndlənmə prosesinə nəzarət etmək əvəzinə cinayətkarlar vasitəçi qismində çıxış edə bilərlər. Onlar rüşvət verib rəsmi mənbədən peyvənd əldə etmək istəyən müştərilərə öz xidmətlərini təklif edə bilərlər. Nəticədə vaksin kampaniyasının maddi-texniki yükü səhiyyə sektorunun üzərinə düşsə də, qazanan cinayətkarlar olacaqlar.

Digər sahələr kimi səhiyyə sektorunda da korrupsiya hallarının olduğunu xatırladan “Stratfor” bildirir ki, mütəşəkkil cinayətkar qruplar COVİD-19 peyvəndi kampaniyasından yararlanmaq üçün daha bir ənənəvi üsula əl ata bilərlər. Bu, peyvəndləri birbaşa ələ keçirmək, peyvənd yüklərini oğurlamaqla onları satışa çıxarmaqdır. Təcrübəli cinayətkar qruplar vaksinləri oğurlamaq və onları növbədənkənar peyvənd olunmaq istəyən müştərilərə satmaq imkanındadır.

Proqnozda qeyd olunur ki, korrupsiya sayəsində vaksinlərə yol tapılması fiziki zorakılıqlara gətirib çıxara bilər. İmkanlı müştərilərlə peyvənd tədarükçüləri arasında istənilən sövdələşmə zorakılıqla müşayiət oluna biləsi fikir ayrılıqları doğurmağa qadirdir. “Stratfor”un təqdim etdiyi proqnozda bildirilir ki, peyvəndin paylanması və tətbiqi ilə məşğul olanlar bu yeni və vacib dərmandan istifadə qaydalarını təkmilləşdirməli, nəzarəti artırmalı və cinayətlərdən müdafiə olunmağın yollarını bilməlidirlər. 

Proqnozu “Stratfor”un təhlükəsizlik məsələləri üzrə analitiki Ben Vest hazırlayıb. Ben Vest dünyada terrorçuluq, cinayətkarlıq və casusluq tendensiyalarının öyrənilməsi ilə məşğuldur.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84