“Kiminsə çörəyinə bais olum, fürsətçilik edim?” – Flora Kərimova

12:05 - 13 May
    3740 oxunma

Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Belə məqamda bəzi ekspertlər, hətta sənət adamları Əbülfəs Qarayevin də məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladılar. Xalq artisti Flora Kərimovanın bu mövzuda fərqli mövqe nümayiş etdirərək, Mədəniyyət naziri Əbülfəs Qarayevi müdafiə etməsi birmənalı qarşılanmadı. 

Bizimxeber.az xəbər verir ki, sənətçi sosial şəbəkədə onu linç edənlərə sərt cavab verib: “Topuğa belə dəyməyən daşı, arxadan atanlar, xahiş edirəm, yazımı kontekstdən çıxarmadan, özünüzdən uydurduğunuz, qıcıqdoğuran başlıq altında paylaşmayın! Millət, bəsdir bu fürsətgir kütləyə rəvan verməyin ki, kor-koranə ev yıxıb, kiminsə acığını kimdənsə çıxsınlar. Bu dəstək, mənim təzim etdiyim xalqıma yaraşmayan cılızlıqdır. İnsanlığın ən böyük faciəsi odur ki, bir fitə sürüyə dönür! Bu gündən sonra məni nə döyənəklə, nə də ki qadağalarla qorxutmaq olar!

On üç yaşımdan anamın əlimdən tutub səhnəyə çıxardığı bu günümə kimi riyakarlıq görmüşəm! O vaxt sovetin azğın canavarlarından qorxmamışam! Bu gün də məni 79 yaşımda nə satın almaq olar, nə də qorxutmaq! Bu sənətdə getdiyim yolun yarısının yüzdə birini gedə bilən yoxdur, olmayacaq da... 1989-cu ildə Bəxtiyar Vahabzadə, Bayram Bayramov (yazıçı), İsmayıl Şıxlı, Süleyman Ələsgərov (bəstəkar), (5-ci şəxsin adını xatırlaya bilmədiyim üçün ruhu məni bağışlasın) Vəzirovun kabinetində mənə birbaşa Xalq Artisti adının verilməsinə görə davaya çıxdılar.

48 yaşımda mənə zülmlə, zillətlə əməkdar adını "qopartdılar" (sözümə görə üzr istəyirəm). Halbuki, o illərdə ayaqlar çoxdan baş olmuşdu. Mən bugünkü gün bütün estradanın borclu olduğu üç mogikanın (Rəşid Behbudov, Mirzə Babayev) sonuncu və yeganə qadın sənətkarıyam! 92-ci ildə Əbülfəz Elçibəy mənə xalq artisti adı verməsəydi, elə əməkdar adında da qalacaqdım. Hətta bu halda da mən ehtiyacın köləsi olmazdım!”

Flora Kərimova daha sonra bunları qeyd edib: “Düşünürsüz o qədər aciz və ağılsız oldum ki, Fəxri Xiyaban iddiasında olanlar kimi, o şöhrətə, imarətlərə gedən yolun qapılarını tanımadım? Mən o insanam ki, qapılardan əyilib keçməmişəm. Məddahlığı şənimə ar bilmişəm! Malım-mülküm, bugünkü rifahım ailəmin, övladlarımın rifahıdır. Dilənib, satqınlıq edib, xəbərçilik edib kimisə gözdən salıb özümə gündəm qazanmamışam! Bu həyatımı boşuna yaşamadım ki, kimsə məni haqq olan sözümə görə araşdırmadan, şəraiti incələmədən linç etsin! Nazir işçi heyətinin başının üstündə "Damokl" qılıncı gəzdirmir ki, hər əməlin güdsün. Özü də Mədəniyyət Nazirliyində kimlərəsə “ad” verdilər... Bəli verdilər! Yerli-yersiz, sənəti olana da, olmayana da necə gəldi, kimə gəldi verdilər o adları. Mən də narazıyam! Bu, tam başqa bir mövzudur! Kiminsə çörəyinə bais olum, fürsətçilik edim?

Kimdənsə xoşum gələ bilər, kimləsə düşmənçiliyim ola bilər, amma mən o vicdanın yiyəsi deyiləm ki, ədavətimin sərhədindən kənarda da ondan intiqamımı alım! Bu rəzillikdir! Şeyx Əbdül, “rüşvət alıb ad veriblər” deyə intervü vermisiz. Deyən gərək, sizə də 2018-ci ildə Xalq artisti adı verdilər. Sizdəndəmi rüşvət aldılar, aldılarsa, kim və nə qədər? "Adlarla" bağlı narazıçılığ məqamlarınızda etirazlarınızla alıb-verənləri ifşa edib imza toplaya bilərdiz. Bunu etmədiniz. Nazirlikdən o adın təsdiqlənməsinə kimi uzun bir zəncir var, bunu bilirsiz. Bu məqamların nazirlikdən nə dərəcədə asılı olmağını da yaxşı bilirsiz.

Son imzaya kimi nə qədər imzalardan keçdiyini də hamıdan dəqiq bilirsiz! Təəccüb edirəm sadəcə, Nazirlik o günə qaldı ki, ildə 20 nəfərə ad veməklə dolanası oldu? Nə yazdığınızı heç düşünürsüz? Tör-töküntülər rüşvət alırsa... vay hallarına! Mənim nə Nazirlikdən, nə onun böyüyündən, nədəki böyüyünün böyündən asılacağım var!!! Mən bu şəraitdə nə nazirin, nə rüşvət alanın nə də rüşvət verənin tərəfini tuturam! Mən, topuğa belə dəyməyən daşı arxadan atanların əleyhinəyəm! Məlumatı oldu, olmadı nəsə yazmaq xatirinə söz yazanlar, özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil!”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84