Keçmiş məmur tender pullarını oğlunun şirkətinə yönəldib

17:25 - 27 İyul
    5880 oxunma

Ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin keçmiş sədri Akim Bədəlov yenidən medianın diqqətinə gəlib. B dəfə Akim Bədəlovun 300-ə yaxın işçinin 4 aylıq maaşını vermədiyi bildirilir. İddialara görə, keçmiş sədr maaşların ödənilməməsini agentliyin ləğvi ilə izah edib.

Akim Bədəlov bir müddət əvvəl Qarakənd faciəsinin qurbanı olan keçmiş dövlət katibi Tofiq İsmayılovun yaratdığı şirkəti ələ keçirməklə gündəmə gəlmişdi. O zaman mediada bu barədə geniş materiallar dərc edilirdi. Tofiq İsmayılovun qızı Səbinə İsmayılova isə Prezident İlham Əliyevə müraciətində baş verənlərin təfərrüatlarını açıqlamışdı. 

Səbinə İsmayılovanın dediklərindən məlum olurdu ki, atası 1989-cı ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə rəhbərlik edən dövrdə keçmiş Kirov (indiki Binəqədi) rayonu Komsomol komitəsi nəzdində "Xəzər” Mərkəzini yaradıb və müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç. 68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olub.

Həmin dövrdə Birlikdə elmi işçi olan Akim Bədəlov 1989-ci ilin may ayında "Xəzər”ə direktor seçilib. Bilavasitə ümumittifaq (SSRİ) büdcəsindən maliyyələşən Birlikdən "Xəzər”in hesabına bağlanmış müxtəlif müqavilələr üzrə külli miqdarda vəsaitlər köçürülüb, kommersiya əməliyyatları və müxtəlif quraşdırma işləri aparılıb, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınıb.

1990-cı ildə ümumittifaq miqyasında fəaliyyətlərində ciddi sui-istifadələrlə əlaqədar Mərkəzlər üçün nəzərdə tutulan güzəştlər ləğv edilib. Bu səbəbdən 1991-ci ilin martında "Xəzər”in Komsomol komitəsi nəzdindən çıxarılaraq müstəqil şəkildə fəaliyyətinə qərar verilib. Tofiq İsmayılov qurumun yaradılmasında və fəaliyyətində həlledici şəxs olduğuna görə onun qərarı ilə kollektiv mülkiyyət formasında yenidən təşkil edilən "Xəzər”də əsas pay Səbinə İsmayılovaya verilib. Akim Bədəlov isə yenidən Mərkəzə direktor vəzifəsinə seçilib. 

Tofiq İsmayılovun vəfatından sonra isə "Xəzər” podratçı şəkildə iri tikintilər apardığına baxmayaraq Akim Bədəlov keçmiş dövlət katibinin ailəsinə cuzi məbləğlər ödəyib. “Bildirirdi ki, guya iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizə olduğu bütün öhdəlikləri ödəyəcək. "Xəzər”in apardığı tikintilər sırasında eks-deputat Dünyamin Xəlilova məxsus "Qlobus Plaza”, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevə məxsus Zaqatala stadionu, Ali Məhkəmənin binası, Respublika Uşaq Diaqnostika Mərkəzi və bir çox digər tikintilər var. Lakin 2013-cü ilin fevral ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə sədr vəzifəsinə təyin olunandan sonra Akim Bədəlov ailəyə pul ödəməkdən imtina etdi. 

Anam Lalə İsmayılova  iş yerinə gedərək ondan bu məsələlərə aydınlıq gətirilməsini istədi. Lakin Akim Bədəlov ona hədə-qorxu gələrək aşağıdakıları bildirib: “Tofiq İsmayılovun "Xəzər”in yaradılmasında heç bir rolu olmayıb. Mənə, Akim Bədəlova o vaxtlar Moskvanın Siyasi Bürosu Bakıda Tofiq İsmayılovu güdməyi tapşırmışdı. İşimi yaxşı gördüyümə görə Siyasi Büro "Xəzər”i mənə bağışlayıb. Mənim kim olduğumu heç kəs bilmir, mənim möhkəm arxam var və "Xəzər”in məsələsini qaldırsanız sonradan peşiman olaçaqsınız”.

Bildirirəm ki, Akim Bədəlov keçmiş MTN-nın cinayətkar dəstəsinin aktiv üzvü olan bacısı oğlu, MTN-nin hava limanı üzrə keçmiş idarə rəisi Pərviz Vəliyevə arxalanaraq ailəmizə hədə-qorxular gəlirdi”, - deyə Səbinə İsmayılova Prezidentə müarciətində yazıb. 

Tofiq İsmayılovun qızı qeyd edib ki, Akim Bədəlov saxta sənədlərlə “Xəzər”i ələ keçirib: “Həmin saxta sənədlərə əsasən "Xəzər”də 50 faiz pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına,  25 faiz pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25 faiz pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsusdur”.

Tofiq İsmayılovun ailəsi ilə bu çəkişmənin sonu tam dəqiqliyi ilə bəlli olmasa da, Akim Bədəlovun “Xəzər”i əldən vermədiyi barədə məlumatlar var.  Səbinə İsmayılova onun bu şirkət vasitəsilə irihəcmli infrastruktur layihələr həyata keçirdiyini qeyd edib. Lakin Akim Bədəlov təkcə bu şirkətdən yararlanmayıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə yazır ki, Akim Bədəlov Dövlət Agnetliyinə sədr təyin olunmamışdan əvvəl “MACAZ” MMC-ni qeydiyyatdan keçirib. Sənədlərdən də məlum olduğu kimi Xətai rayonu Qaçaq Nəbi küçəsi ev 4, mənzil 170-də hüqiqi qeydiyyata alınmış şirkətin 100 faizlik pay hüququ ilə təsisçisi keçmiş agentlik rəhbərinin oğlu Aqşin Bədəlovdur.

Bədəlovların təsisçisi olduğu digər şirkət isə “MACAZ CONSTRUCTİON” MMC-dir.

Akim Bədəlovun agentliyə sədr təyin olunmasına qədər bu şirkətlərin elə bir fəaliyyəti olmayıb. 2013-cü ildən isə bu şirkətlər həm agentliyin, həm də digər dövlət qurumlarının iri sifarişlərini əldə edib. Hətta o qədər böyük vəsaitlər əldə edib ki, Bədəlovlar 2016-cı ilin aprelində qonşu Gürcüstanda "MACAZ GEORGİA" LTD şirkətini təsis edib.

1000 lari nizamnamə kapitalı ilə Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində qeydiyyatdan keçən "MACAZ GEORGİA" LTD-nin təsisçisi Aqşin Bədəlovun oğlunun "MACAZ" MMC-sidir. “Macaz” MMC-nin qanuni təmsilçisi Aydın Rza oğlu Məmmədov isə Gürcüstandakı törəmə şirkətin də direktoru təyin edilib.

Akim Bədəlovun öz vəzifə səlahiyyətlərini aşaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tenderlərini oğlunun şirkətlərinə yönəldib. Məsələn, 2014-cü ildə "Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin satın alınması" adı altında dövlət büdcəsinə aid 503 min manatı "Macaz Construction" MMC-yə ötürüb.

Şirkət 2013-cü ildə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 280 min manatlıq tenderinin (Yeni tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması) "qalibi" olub.

Akim Bədəlov 2017-ci ildə oğlunun şirkəti üçün Ali Məhkəmədən 26.900 manatlıq daha bir tender (Ali Məhkəmə ali Məhkəmənin inzibati binasında havalandırma xidmətinin satın alınması) əldə etməyə nail olub. Bu yerdə qeyd edək ki, Akim Bədəlovun Ali Məhkəmənin sədri Ramiz Rzayevlə quda olduğu bildirilir. Tofiq İsmayılovun qızı da müraciətlərində bu faktı dəfələrlə vurğulayıb. 

2011-ci ildə Milli Onkologiya Mərkəzinin müalicə diaqnostika korpusunun tikintisi və əsaslı təmiri “MACAZ" MMC -yə verilib.

Həmin “MACAZ CONSTRUCTİON” Milli Sağlamlıq Mərkəzi 2011-ci ildə şirkəti tərəfindən layihəsi hazırlayıb və tikintisi Bədəlovların ortaq olduğu “XGETYM” MMC-yə həvalə olunub.

2012-ci ildə “MACAZ CONSTRUCTİON” şirkəti Samux Aqroenergetik Kompleksinin layihəsini hazırlayıb, tikintisi isə “XGETYM” MMC tərəfindən həyata keçirilib.

2013-cü ildə keçmiş agentlik rəhbəri Buzovna qəsəbəsində iri yaşayış və istirahət kompleksi tikdirib. Kompleksin layihəsi “MACAZ CONSTRUCTİON” MMC tərəfindən hazırlanıb, tikintisi “MACAZ" MMC tərəfdən aparılıb.

Məlumatlara görə, 2013-cü ildə Milli Onkologiya Mərkəzinin yeni diaqnostika korpusunun layihəsi də “MACAZ CONSTRUCTİON” şirkəti tərəfindən hazırlanıb. Əslində isə Bədəlovun oğlu layihənin hazırlanmasını Macarıstanın CEH Planungs-, Entwicklungs-, und Beratungs AG şirkətinə sifariş verib və "MACAZ" MMC bu sifarişidə makler şirkət rolunu oynayıb.

2014-cü ildən başlayaraq “MACAZ MMC” Bakıda Ağ Şəhər layihəsi çərçivəsində “ERA TOWER” 22 mərtəbəli yaşayış binalarını tikib. yenisabah

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84