İstanbula hər gün, Naxçıvana həftədə 2 reys: "Say artırılmalı, qiymət aşağı salınmalıdır” (ŞƏRH)

16:40 - 24 İyul
    5940 oxunma

"Naxçıvan özəl statusa malik olduğundan, özəl münasibət göstərilməsinə ehtiyac var. Bakı-Naxçıvan-Bakı istiqamətində aviareyslərin sayı artırılmalı, biletlərin qiyməti aşağı salınmalıdır”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert Naxçıvana özəl statusa malik olması səbəbindən özəl münasibətin də göstərilməsinə ehtiyac olduğunu bildirib:
 

"Naxçıvan uzun illərdir blokada şəraitindədir və çox təəssüf ki, hazırda quru yolu yoxdur. Əvvəl digər ölkə ərazisindən keçib getməklə mümkün idi. Lakin artıq İranla da sərhədlərin bağlı olduğunu nəzərə alsaq, Naxçıvana özəl yanaşma olmalıdır. Həm uçuşların sayının artırılmasında, həm də ümumiyyətlə biletlərin qiymətlərində. Çünki indiki halda ölkənin digər hissələri ilə birləşdirən alternativ nəqliyyat yolu yoxdur. Ölkənin başqa regionlarından Bakıya gəlmək hansı qaydalara uyğundursa, Naxçıvandan Bakıya gediş-gəliş də ən azından eyni qaydalarla tənzimlənməli idi. Vəziyyət belə olsaydı, narazılığın da qarşısı alınardı. Əslən Naxçıvandan olan çox sayda insanın Bakıda və ölkənin digər regionlarında yaşadığını nəzərə alsaq, kifayət qədər böyük tələbat var. Özəl ehtiyacların yaranması ehtimallarını da nəzərə alsaq, məsələn yas mərasimidir, sağlamlıqla bağlı məsələdir, Naxçıvan-Bakı reyslərinin intensivliyi də bu günə qədər artırılmalı və qiymətlərdə də müəyyən güzəştlər edilməli idi. Dediyim kimi, Naxçıvan özəl statusa sahibdir və özəl münasibətin göstərilməsinə də ehtiyac var”. 

Ekspert digər ölkələrin şəhərlərinə gündəlik çarter reyslərin təşkil olunduğu halda Naxçıvan istiqamətində həftə ərzində 2 reysin gerçəkləşdirilməsini də düzgün addım hesab etmədiyini bildirib. Həmçinin bilet satışında tanışlıq faktorunun da olduğunu sözlərinə əlavə edib:

"Bir çox istiqamətlər üzrə intensiv səfərlər təşkil olunur. Hətta avqustun 1-dən reyslərin sayının artırılması ehtimalı da var. Bunları nəzərə alsaq təbii ki, təhlükəsizlik qaydalarına riayət etmək şərtilə Naxçıvan-Bakı istiqamətində reyslərin artırılması məsələsi də tənzimlənməli və narazılıq aradan qaldırılmalıdır. Azərbaycan şəraitində təəssüf ki, tanışlıq, yaxınlıq, qaydalardan yan keçməklə müəyyən işlərin görülməsi üçün şərait var. Bu da insanlarda qıcıq yaradır, başqa-başqa insanlar tanışlıqla, müəyyən özəl münasibətlərin xatirinə önə keçib bilet ala bilirlər. Çıxış yolu reyslərin sayının artırılmasıdır. İstər-istəməz narazılıqlar yaranacaq, çünki tələbat həddən artıq böyükdür. Ona görə reyslərin sayının artırılması, Naxçıvanla Bakı arasında intensiv aviakörpünün qurulması bu məsələlərin həllində ən optimal yoldur. Yoxsa qeydiyyatla bağlı şəffaflığın olub-olmayacağı hər zaman sual doğuracaq. Şəffaflığın təmin edilməsi çox çətindir. Çünki başqalarının qeydiyyatını sən görmürsənsə, kimlərin qeydiyyatdan keçdiyi bilinmirsə, məlumatlar bir mərkəz altında toplanırsa, istənilən halda bu məlumatları manipulyasiya etmə imkanları yaranacaq. Ona görə ən optimal çıxış yolu dediyim kimi reyslərin sayının artırılmasıdır”.

Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə də əlaqə saxladıq. Qurum rəsmisi reyslərin artırılıb-artırılmayacağının Operativ Qərargahın səlahiyyətinə aid məsələ olduğunu bildirdi./Qaynarinfo/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84