İrəvanın da daxil olacağı “altılıq platforması” bu ölkələrə nə verə bilər?

17:21 - 15 Dekabr
    850 oxunma

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Ermənistanın baş naziri Nikol Paşinyan da ölkələrarası münasibətlərin qurulmasının vacib olduğunu bildirdi. Hər üç liderin açıqlamaları yaxın və orta perspektivdə bölgədə yeni əməkdaşlıq platformasının yaradılacağına olan ümidləri artırır. Ekspertlərin "Altılıq” adlandırdığı platformada Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Rusiya və Ermənistanın iştirak edəcəyi gözlənilir. 

Belə bir platformanın reallaşması nə qədər realdır? Və bölgə ölkələrinə nə verə bilər? Ən əsası dünyanın siyasi və iqtisadi güc mərkəzlərinin Cənubi Qafqazın bazis rolunda çıxış edəcəyi "altılıq platforma”sına münasibəti necə olacaq?

Geniş ictimaiyyəti maraqlandıran bütün bu suallara cavab verməzdən əvvəl ilk olaraq onu qeyd etmək istəyirik ki, sözügedən platforma regionda sülh və təhlükəsizliyin dayanıqlı olmasını şərtləndirəcək. Necə ki, İkinci Dünya Müharibəsindən sonra davamlı və ardıcıl münaqişələr yaşayan Fransa və Almaniya arasındakı münasibətlərin normal məcraya dönməsi üçün iqtisadi platforma yaradıldı.

Və bu platforma nəticəsində dünyanın ən güclü iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı yarandı. Hazırda Avropada etnik problemlər, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları və s. ziddiyyətlər olsa da, iqtisadi münasibətlər bunların silahlı münaqişəyə çevrilməsinin qarşını alır. Artıq əminliklə demək olar ki, Avropada yaşayanların əksəriyyətinin təsəvürləri də müsbət istiqamətdə dəyişib. 

Cənubi Qafqazda yaradılacaq platformanın Avropa İttifaqı kimi perspektivli olacağını demək tez və çətin olsa da, hər halda yaşadığımız regionda təhlükəsizliyin təminatı üçün başqa bir alternativ variant yoxdur. Belə ki, Türkiyə başda olmaqla Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları olan Ermənistan region ölkələrinin həyata keçirdiyi layihələrə inteqrasiya olunmazsa və işğalçı ölkənin iqtisadiyyatında dayanıqlı inkişaf meyilləri olmazsa, dünya gücləri tərəfindən yenidən bölgə dövlətlərinə qarşı istifadə olunacaq. Buna heç kim şübhə etməməlidir.

Bu baxımdan Azərbaycan son müharibədə qalib çıxmasına rəğmən, regionunun gələcək təhlükəsizliyi üçün Ermənistanı "altılıq platforması”na qoşulmağa dəvət edir. Sevindirici haldır ki, Ermənistan siyasətçiləri bəziləri də sözügedən əməkdaşlıq formatının ölkələrini xilas edəcəyini anlayır və isti yanaşırlar. Bütün bunlar isə onu göstərir ki, region ölkələri əməkdaşlıq etməyə məhkumdurlar.  

Ən başlıcası isə regionda təhlükəsizlik problemlərinin həlli xarici investisiyaların, müasir texnologiyaların bölgəyə gəlməsini və xaricə kapital axınının dayandırılmasını şərtləndirəcək. Nəzərə alsaq ki, bölgədə yaşayan xalqların ümumi dünyagörüşü və savadlılıq səviyyəsi Çin başda olmaqla Cənubi Asiyanın bütün ölkələrindən irəlidədir, onda "altılıq platforması”nın uğurlu olacağını və insan kapitalından daha səmərəli istifadə olunacağını təxmin etmək olar.

Həmçinin, "altılıq platforması”nın coğrafi üstünlükləri də var ki, bu da gələcəkdə Avrasiyanın iqtisadi mərkəzi olmağa böyük imkanlar yaradır. Qeyd edək ki, "altılıq” adlandırdığımız ölkələrin hər birinin iqtisadiyyatında hazırda ciddi problemlər var. Məsələn, iqtisadiyyatı digər 5 ölkəyə nisbətdə yaxşı olan Türkiyə NATO üzvü olsa da, Avropa İttifaqına üzv ola bilmir.

Daha doğrusu, Türkiyəni ittifaqa buraxmırlar. Əsasən xidmət sahələrinin iqtisadiyyatı üzərində ayaqda qalan qardaş ölkənin gələcək inkişafı üçün bu platforma əvəzsiz rol oynaya bilər. İran isə belə əməkdaşlıq formatından sadəcə məmnun olmalıdır. Qərb ölkələrinin ağır iqtisadi sanksiyaları altında iqtisadiyyatını hec cürə inkişaf etdirə bilməyən İran üçün "altılıq platforması” son nəfəslik kimi görünür. Əks təqdirdə İranı gələcəkdə ya Çin sərmayəsinin "işğal”ı, ya da ABŞ və İsrailin hərbi hücümları gözləyir.

Qərb ölkələri üçün xammal bazası rolunu oynayan Rusiya da bu regional əməkdaşlıqdan maksimum yararlana bilər. Qərb ölkələrinin məlum münasibəti fonunda Çinlə əməkdaşlıq etməyə məcbur qalan Rusiyaya "altılıq platforması” yeni nəfəs verəcək.  Çünki Çin Rusiyanın Uzaq Şərq vilayətlərinə qarşı ərazi iddiaları ilə çıxış edir…

Azərbaycan başda olmaqla digər iki Cənubi Qafqaz ölkəsinə "altılıq platforması”nın nə qədər lazım olduğunu izah etməyə belə dəyməz. Zatən belə əməkdaşlıq formatı alınacaqsa, potensiallarından daha çox yararlanacaq ölkələr olacaqlar. 

ABŞ başda olmaqla Qərb ölkələrinin də Çin təhlükəsinin qarşısını almaq üçün "altılıq platforması”na  müsbət yanaşacağını təxmin etmək olar. Eləcə də Avropa İttifaqı da qonşuluğunda təhlükəsiz bir regionun qurulmasına dəstək verə bilər. Çünki uzun müddət "altılıq platforması” texnoloji səbəblərdən nə Avropa İttifaqına, nə də ABŞ-a iqtisadi rəqib ola bilməyəcək. Ən yaxşı halda "altılıq platforması” yaxın və orta vədədə Çinin iqtisadi imkanlarını məhdudlaşdıra bilər… 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84