İnam Kərimovun aqro-dələduz şəbəkəsindən doğrudanmı xəbəri olmayıb?

13:30 - 12 İyul
    1785 oxunma

““High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2.000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı  pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb”.

Ovqat.com xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətlərinin dünən yaydıqları birgə məlumatda belə deyilir.

Şəkildə: Subsiyalar KTN-dəki dələduz şəbəkələr tərəfindən yeyilir, həqiqi fermerlər isə qan ağlayır. Budurmu aqro-innovativ tədbirlər?!

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.

Belə ki, kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq  Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Şəkildə: Məhsulu əlində qalan fermer dövlətdən kompensasiya ala bilmir. (Tovuz rayonu, Aşağı Quşçu kənd sakini, sahibkar Firuz Məmmədov)

 
Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan  “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2.000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı  pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5.000.000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Şəkildə: Zorla pambıq əkilən örüş sahələri (Fermer Adışirin Həmzəyev)

Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.  Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

  • Aqro-dələduz şəbəkənin subsidiya deviziHavayı yerdən puldur də. Onu gətir, elə et ki, sənə də bir tikə çörək olsun, mənə də bir tikə çörək olsun”

Qeyd edək ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi  qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.

Ovqat.com-un zəruri qeydi

Ovqat.com xəbər verir ki, bu haqda ilk məlumat bizdə getmiş və KTN-nin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov özünün facebook səhifəsində paylaşdığı bir statusunda iddianı əsassız adlandıraraq yazmışdı: “Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb. Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq”.

Göründüyü kimi, Vüqar Hüseynovun əsassız adlandırdığı məqam əməliyyatın KTN-dəki yüksək vəzifəli şəxslərə qarşı keçirilməsi ilə bağlıdır. Zira bizim əldə etdiyimiz məlumatda bildirilirdi ki, gübrə subsidiyası adı altında milyonlarla manatın mənimsənilməsində Kənd Təsərrüfatı naziri İnam Kərimovun sağ əli İlham Quliyevlə yanaşı digər 2 müavininin də rolu var və əməliyyat zamanı onlardan biri – İlham Quliyev də saxlanılıb. 3 dövlət strukturunun birgə məlumatında həqiqətən də bu məqam öz təsdiqini tapmasa belə, bəzi nüanslar sözügedən versiyanın istisna edilmədiyini göstərir.

Əvvəla, birgə məlumatdan aydın olur ki, bu işin istintaqı hələ tamamlanmayıb və yekun tədqiqatlar nəticəsində kimlərin qoluna qandal vurulacağını indidən müəyyənləşdirmək mümkün deyil. İstintaq prosesinin yekununda nəinki İnam Kərimovun “sağ əli”nin, hətta özünün də qoluna qandal vurula bilər və əslində vurulmaması təəccüb doğurar. Odur ki, Vüqar Hüseynova məsləhətimiz: ibtidai istintaqın nəticəsinə söykənib kimisə əsassız informasiya yaymaqda ittiham etməsin. İstintaqın yekun qərarını gözləsin.

İkincisi, rəsmi məlumatdan aydın olur ki, gübrə subsidiyası maxinasiyasında 2000-dən artıq fermer iştirak edib. Bu qədər böyük şəbəkəyə 2 hüquqi və 6 fiziki dələduzun rəhbərlik etməsi qətiyyən inandırıcı görünmür. Həmin dələduz şirkətlərə cinayətkar əməllərini sürdürə bilmələri üçün lisenziyanı və 2 min fermerə isə fermer kartını verən kimdir? Necə olur ki, ayrılan subsidiyanı nağdlaşdırmaq qadağan olunduğu halda, mütəşəkkil dəstə bunu reallaşdıra bilib? Özünü “innovasiyalar peyğəmbəri” kimi görən İnam Kərimov subsidiyaların alınması mexanizmində bu boşluğu niyə yaradıb və ya yaranmasına göz yumub? Doğrudanmı nazirin bu boyda həngamədən xəbəri olmayıb? Olmayıbsa, nə üzlə indiki postunda oturur? Axı İnam müəllimin indi boğazına kəfən salıb yerlə süründürmək istədiyi Əli İnsanovun sayəsində təhsil aldığı Fransada bu faktların mində biri ortaya çıxsaydı, ölkənin Kənd Təsərrüfatı naziri tərəddüd etmədən istefa ərizəsini yazardı. İnam Kərimov da bunu etməlidir. Ən azı ona ki, nazir kimi istintaqın gedişinə mane ola və səlahiyyətindən istifadə edib faktları gizlədə bilər.

Ümidvarıq ki, DİN və Baş Prokurorluq ictimai vicdanda yaranan bu və bənzər suallara da aydınlıq gətirəcək.

Ovqat.com


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84