“Hökumət SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq”

16:07 - 26 Avqust
    4970 oxunma

“Forbes” nəşrinin təhlilində təbii ehtiyatların ixracından asılı olan bir sıra ölkələr kimi, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft və qaz sektorunun qlobal koronavirus pandemiyasından təsirləndiyi qeyd olunur.

Neft məsələləri üzrə təhlilçi İlham Şaban “BBC”yə açıqlamasında pandemiyanın Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a təsirlərindən danışıb. Onun sözlərinə görə, SOCAR-ın maliyyə vəziyyəti qarşıdan gələn illər ərzində yaxşılaşmağa doğru getdiyi bir halda, pandemiyanın təsirindən iflas ehtimalı inandırıcı görünmür: “SOCAR hazırda ümumi dəyəri 500 milyon dollardan az olan neft satırsa, onun işə salınacaq layihələri şirkətin gəlirlərini əhəmiyyətli şəkildə artıracaq.

Eləcə də, SOCAR-ın işə salacağı və modernizasiya etdiyi şirkətlər ona aviasiya kerosini, avro-5 dizeli, benzin satmaq üçün əlavə imkanlar verəcək. SOCAR maksimum 3 ildən sonra xarici bazarda 2 milyon ton yanacaq sata biləcək. Onun bu sahədə gəliri 2 dəfə artaraq, 1 milyard dollara çatacaq. Mən daha başqa layihələrdən danışmıram”.

İ. Şaban, həmçinin Azərbaycanda dövlət şirkətlərinin özəlləşdirilməsi meyilləri fonunda SOCAR-ın özəlləşdirilməsinin mümkün olub-olmamasından danışıb. Təhlilçi qeyd edir ki, məhz “Forbes”in Azərbaycanın ümumi daxili məhsulunun 40 faizinin neft və qazdan əldə edilməsi, bunun da hökumətin büdcə gəlirlərinin üçdə ikisini və ixrac gəlirlərinin 80 faizini təşkil etməsi ilə bağlı açıqladığı rəqəmləri nəzərə almaq kifayətdir: 

“Həmin rəqəmləri nəzərə almaqla, büdcənin əsas gəlir mənbəyi olan SOCAR-ın özəlləşdirilməsini təsəvvür etmək qeyri-real görünür. Çünki kim harada çətinə düşərsə, hökumətə müraciət edir ki, SOCAR-dan kömək alsın. SOCAR sanki bir xilasedici "çubuq" rolunda çıxış edir. SOCAR lazımı anda dövlətə, dövlət də SOCAR-a dəstək verir. Yəni, SOCAR və hökumət iqtisadiyyatda "Siam əkizləri" kimi bir şeydir. Onları ayırmaq olmayacaq”.

İlham Şaban bildirir ki, SOCAR-ın büdcəyə ödənişləri və qlobal neft qiymətləri arasında mütənasiblik yoxdur və neftin qiymətindən asılı olmayaraq, SOCAR-ın büdcəyə ayırdığı vəsaitin həcmi dəyişməz qalır. Buna görə də hökumət “işıldayan aktivi”saydığı SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq: “Hökumət SOCAR-a deyə bilər ki, sən effektivliyini artır. Amma hökumət başa düşür ki, o, SOCAR-sız keçinə bilməz”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84