.
.

Hakim partiyada islahat? - Cırtdan partiyalar YAP-a nə verəcək? 

10:58 - 04 Mart
    6640 oxunma

1 gün sonra, martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.  Artıq qurultayda iştirak edəcək nümayəndələrdən koronavirus testi götürülür. 

Qurultayın keçiriləcəyi ilə bağlı ilk məlumat 3 gün əvvəl yayıldı və əksər YAP rəsmiləri bu barədə xəbərsiz olduqlarını bəyan etdilər. Bir neçə saatdan sonra partiyanın mətbuat xidməti yayılan məlumatı təsdiqlədi və qurultayın martın 5-də planlaşdırıldığını açıqladı.

Əslində qocaman YAP üzvlərinin, hətta partiyada yüksək vəzifə tutan şəxslərin qurultay barədə xəbərsiz olması ciddi haldır. Bir qədər də dəqiqləşdirsək onların qurultay barədə məlumatsız olması partiyadan uzaqlaşdırılması anlamını yaradır. 

Digər ciddi məqam baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədovun partiyadakı taleyidir ki, görünənlər onun da "qələmi qırıldı"gı anlamını yaradır. Qurultaya 1 gün qalsa da Əli Əhmədovun heç bir açıqlamasına rast gəlinmir. 

Əlbətdə bu məlumatların heç bir rəsmi təsdiqi yoxdur və daha dəqiq təfərrüatlar qurultayın gedişində bəlli olacaq. Hər halda hakim partiyanın növbədənkənar qurultaya getməsi ciddi prosesslərin başlanmasından xəbər verir və köhnə komanda üzvlərindən qurutulmaq anlamı yaradır. 

Elə isə ortaya daha ciddi suallar çıxır - Hakim partiyanın yeni komandasında kimlər təmsil olunacaq? YAP-ın yeni icra katibi kim olacaq?

Bizimxeber.az bildirir ki, sürpriz qərarların veriləcəyi gözlənilir. Qurultayın hansı zərurətdən növbədənkənar və tələsik keçirilməsi barədə dəqiq və rəsmi məlumat verilməsə də, bəzi siyasi çalarlar görünməkdədir. Belə ki, artıq rəsmi olaraq Yurddaş Partiyası YAP-a birləşmək üçün müraciət edib. Məlumata görə, daha bir neçə çırtdan partiyanın - Milli Qurtuluş Partiyası (Vüqar Oruc), Milli Həmrəylik Partiyası (Əlisahib Hüseynov), Azərbaycan Milli Hərəkat Partiyası (Samir Cəfərov), Azərbaycan Sosial Rifah Partiyası (Əsli Kazımova) YAP-a birləşməsi gözlənilir.

Hakim Yeni Azərbaycan Partiyasına birləşmək arzusunda olan cırtdan partiyalar uzun illərdir yaradılsa da, onların heç bir ciddi siyasi fəaliyyətinə rast gəlinməyib. Bir sədr, bir də möhürdən ibarət olan bu partiyaların fəaliyyəti YAP-a hansı perespektiv vəd edir? Yalnız adı olan partiyalar YAP-a sığınmaqla nəyə nail olmaq istəyirlər?

Ümumiyyətlə, YAP bu partiyaları hansı özəlliklərinə görə, özünə birləşdirməlidir? Elektorat yox, "Yol xəritəsi" yox, siyasi təcrübə və parlament təmsilçiliyi yox. Heç bir siyasi gücə sahib olmayan partiyaların YAP-da birləşdirilməsi hansı anlamı verir?

Əmi
Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84