“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”

11:32 - 23 İyul
    1960 oxunma

Xəbər verdiyimiz kimi, ötən gün Los Anceles şəhərində erməni təxribatı nəticəsində biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb və onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri Bəxtiyar Evvazovun isə vəziyyətinin ağır olduğu bildirilir. 

Bu barədə “Bizimxeber”a məlumatı zərərçəkmişin atası Ağasəf Eyvazov verib. Bildirib ki, başından aldığı zərbələr nəticəsində oğlunun üzü şişib, o xəstəxanaya yerləşdirilib. Sonradan müalicəsi evdə ambulator şəraitdə davam etdirilir:

“Vəziyyəti orta-kafidir. Bu gün bizim vaxtla gecə 12-də yenidən yoxlanmaları olacaq. Hazırda evdə müalicəsi davam etdirilir. Bizi narahat edən məqam odur ki, şəhərdə milyondan çox erməni yaşayır. Onu o vəziyyətdə niyə təcili şəkildə xəstəxanadan çıxarıblar? Evə gələndən sonra başından aldığı travmalara görə qaytarıb. O, bir müdət müşahidə altında qalmalıdır. İndi yanında adam var, təhlükəsizlik baxımından təmin olunub”. 

A. Eyvazov konsulluğun da işindən narazı olduğunu bildirib: “Bəlkə tibbi yardıma ehtiyacı var? Ev yoldaşı da buradan yenicə gedib, şəhəri yaxşı tanımır. Mənə bildirildi ki, konsulluqdan onlarla əlaqə saxlayan olmayıb. Bircə diasporadan zəng vurub nömrə qoyublar ki, oyananda əlaqə saxlasın”. 

A.Zeynalovun sözlərinə görə 1990-cı il təvəllüdlü Bəxtiyar Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda Amerikada işləyir: “Aprel ayında vətəndaşlıq almalı idi, sadəcə pandemiya səbəbindən qalıb”.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komitə hadisə baş verən gündən aksiyada iştirak etmiş bütün vətəndaşlarla maraqlanır, onlarla mütəmadi olaraq əlaqədədir: “Hadisə baş verən andan vətəndaşlarımızla əlaqə saxlanıb. Bəxtiyar Eyvazovla da, onun yanındakı şəxslərlə də danışılıb, vəziyyəti qənaətbəxşdir”. 

“Azərtac”ın yaydığı məlumata görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi də Los Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücum etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib. Bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar soydaşlarımız Los Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir:

“Eyni zamanda, xahiş edirik ki, zorakılıq və təhdid halları yaşanarsa, vətəndaşlar konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər”.

Xatırladaq ki, baş vermiş erməni təxribatı ilə bağlı hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84