Erkin Qədirli ilə Arif Hacılı nə danışıb? – “Heç yerdə danışmayacağımıza söz verdik...”

16:23 - 06 Sentyabr
    2630 oxunma

“Arif Hacılının ReAl-ın ünvanına yazdığı statusa görə çox üzüldüm. ReAl ilə Müsavat arasında heç zaman problem olmayıb, hər dəfə dostcasına danışmışıq, orada dostlarımız var. Müsavatçılardan heç zaman şər-böhtan, söyüş görməmişəm. Çox sərt tənqidlər olub, amma onların heç biri etik çərçivəni aşmayıb. Bütün bunların fonunda Arif bəydən belə bir yazını görmək çox üzücü oldu”.

Bunu Milli Məclisin deputatı, ReAl Partiyanın funksioneri Erkin Qədirli deyib.

“Niyə hökumət məhz ReAl-la danışır? Niyə parlamentə məhz Erkini buraxdılar? Bu suallara cavab verməkdən həmişə yayınmışam. Hətta bir dəfə "özüm də bilmirəm" demişəm ki, zərbəsi mənə dəysin, amma söhbət uzanmasın. Arif bəyin statusundan sonra bu sualları cavablandırmaq istədim. Hökumət ona görə məhz ReAl-la danışır ki, ReAl yalan danışmır, söymür, atmır, satmır. Məni ona görə parlamentə buraxdılar ki, mənimlə ən ağır məsələləri danışmaq, ən gizli söhbətləri mənə etibar etmək olur. Biz anlaşmaya asan getmirik, anlaşmanın prinsiplərini razılaşdırmadan kimsə ilə anlaşmırıq. Anlaşanda da, anlaşmanı pozmuruq. Hökumətlə hələ heç bir anlaşmamız yoxdur, amma Müsavatla olub. 2018-də ReAl qurultay üçün Müsavatdan yer istəmişdi. Mən onun əleyhinə idim, amma çoxluq onu məqbul saydı. Ona görə əleyhinə oldum ki, bizə görə Müsavata basqı olacağını güman edirdim. Əleyhinə olduğuma görə Müsavatla danışığa getmədim. Dostlarımız danışıqlardan sevincək qayıtdılar və Müsavatla yerlə bağlı anlaşdıqlarını dedilər. Üstündən bir neçə gün keçəndən sonra Arif bəy, yanılmıramsa, Azər Qasımlıya zəng edib qurultay üçün bizə yer verə bilməyəcəklərini söylədi. Bu dəfə də Azər bəy danışığa getmək istəmədi, düz də etdi. Amma bu dəfə məni göndərdilər, çünki mən yumşaq danışıram, kompromislərə, bir qayda olaraq, açıq oluram, qarşı tərəfin qayğılarını yaxşı anlayıram və s. Arif bəylə söhbətimizin detallarını yazmaq istəmirəm.

Qısa onu yazım ki, gümanım doğru çıxdı - hökumət Müsavata sərt basqı yapdı. Arif bəyə dedim ki, ReAl Müsavat üçün ən uyğun çıxış yoluna bəribaşdan razıdır, bizə görə kimsəyə ziyan dəyməsini istəmirik. Arif bəy bir bəyanat hazırladı, biz də onu dəstəklədik. Ayrıca, o məsələ haqqında heç yerdə danışmayacağımıza söz verdik. Sözümüzü də tutduq. İndi özümə sual verməyim gəlir - biz sözümüzü niyə tutduq? Sonradan Arif bəyin bizi satılmışlıqda suçlaması üçünmü?

ReAl-ı sevməyə bilərsiniz, onu söyə də bilərsiniz. Amma ReAl-ın çox aydın bir üstünlüyü var - ReAl açıq oynayır, kimsəyə ziyan vurmur, kimsəni söymür, atmır, satmır.  ReAl yanıla bilər, amma satıla bilməz. Hökumət də məhz buna görə bizimlə danışır. Ağıllı olan hər kəs də bunu görür” – E.Qədirli qeyd edib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84