Elçibəyi hakimiyyətə Surət Hüseynov gətirib? - Pənah Hüseyndən cavab

10:42 - 19 May
    850 oxunma

"Elçibəyin hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin mənim qədər rolu olmayıb. Mən istədim, Elçibəy də prezident oldu”.

Bizimxeber.az xəbər verib ki, bu fikirləri sabiq baş nazir Surət Hüseynov "Xalq tarixini bilməlidir” verilişində səsləndirib. O bildirib ki, sonradan onun bu zəhməti qiymətləndirilmədi, əksinə, ona qarşı hücumlarla əvəz olundu: "Kimə hörmət edirsən, ayağı yer tutan kimi üstünə gəldi. Bu insanlarda belə bir xislət var idi. Amma mən seçki ərəfəsində mövqeyimi ortaya qoydum və ”Prezident Elçibəy olacaq" dedim.

Hamı da bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaqdı. Sonra Etibar Məmmədov yanıma gəldi. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız olub, qoy, o namizəd olsun, müharibəni bitirək, sonra siyasi mübarizə apararsız. Yəni mən Etibar Məmmədova "yox” dedim, Elçibəyin prezident seçilməsinə nail oldum. Mən bütün rayonlardakı nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma sonradan mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya qoydular".

Bəs doğrudanmı Əbülfəz Elçibəyin prezident seçilməsində Surət Hüseynov əsas rol oynayıb?

Əbülfəz Elçibəyin yaxın silahdaşlarından, seçki kampaniyasının aparılmasında əsas iştirakçılardan biri olmuş sabiq baş nazir Pənah Hüseyn "Yeni Müsavat”ın sualına belə cavab verdi:

"Əbülfəz Elçibəy Azərbaycan xalqının səsi ilə prezident seçilib. Əbülfəz Elçibəyin prezidentliyə namizədliyi Azərbaycan Xalq Cəbhəsi tərəfindən irəli sürülüb. AXC o dövrdə Azərbaycanda ən böyük, təşkilati gücünə, üzvlərinin sayına, kütlələr üzərində təsirinə görə digər siyasi qüvvələrlə müqayisə olunmayacaq dərəcədə güclü təşkilat idi. Mövcud qanunlara uyğun olaraq 6 min təşkilat Əbülfəz Elçibəyin prezidentliyə namizədliyini dəstəkləyirdi.

Digər namizədlərdən 6 dəfə çox imza toplanmışdı Elçibəyin prezidentliyə namizədliyinin dəstəklənməsi üçün. Həm AXC-nin namizədi olması baxımından, həm şəxsi siyasi nüfuzlu lider olması sarıdan Əbülfəz Elçibəyin seçilməsi o dövrdə labüd idi. Konkret olaraq Surət Hüseynovun Əbülfəz Elçibəyin prezidentliyə namizədliyinə, prezident seçilməsinə dəstək verib-verməməsi barədə heç bir məlumatım yoxdur.

O dövrdə AXC-nin apardığı seçki kampaniyasında belə bir halın olması haqqında ümumiyyətlə məlumat olmayıb. İstər Surət Hüseynov olsun, istər Pənah Hüseyn olsun, istər başqa bir şəxs olsun ki, guya o, əsas rol oynayıb Əbülfəz Elçibəyin prezident seçilməsində, bu, qeyri-ciddi iddiadır və bu cür iddialar kifayət qədər qeyri-ciddi səslənir. Əbülfəz Elçibəy Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən prezident seçilmişdi. Təşkilati baza olaraq da onun arxasında Azərbaycan Xalq Cəbhəsi durub”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84