Dezinfeksiya üçün yarım milyonluq müqavilə bağlandı - Tenderi kim “qazandı”?

21:26 - 23 Noyabr
    1470 oxunma

Bakı Nəqliyyat Agentliyi toplam maliyyə dəyəri 542 244 AZN olan 3 müqavilə imzalayıb. Müqavilələr "Qardaşlar Mebel-3”, "Akif Elektrik” və "PROF-DEZ İPM” şirkətləri ilə bağlanıb. "Qardaşlar Mebel-3” şirkəti 48 990.06 AZN müqabilində BNA-nı ofis mebelləri ilə təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qardaşlar Mebel-3” MMC 20 fevral 2005-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 3050 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi 2, ev 37-də yerləşən MMC-nin qanuni təmsilçisi Mirəzyev Əli Məmməd oğludur. 

Açıq mənbələrdə "Qardaşlar Mebel-3” haqqında bir sıra neqativ məlumatlar yer alır. Məsələn, 2019-cu ildə media yazırdı ki, "Qardaşlar Mebel-3” MMC şirkətinin sahibləri olan Mirzəyev qardaşları şirkətə yatırım adı altında bir qrup Salyan sakinindən yüz minlərlə manat vəsait toplayıb və ələ keçirib. Pullar həmin şirkətin icraçı direktorunun əli ilə toplanıb, verilən vədlər yerinə yetirilməyəndə isə icraçı direktor ondan pullarını tələb edənlərin qarşısında keçirdiyi iztirablar üzündən infarkt keçirərək ölüb.

Mirzəyev qardaşları kifayət qədər məşhur adamlardır. Bu məşhurluğun səbəbi isə bir müddət əvvəl qardaşların mətbuat üzərindən bir-birlərini dələduzluqda və digər qanunsuz əməllərdə ittiham etmələridir. Mediada gedən məlumatlara əsasən qardaşlar arasında düşmənçilik biznes üstündə başlayıb.

Beş qardaş – Ramazan, Hüseyn, Əli, İbrahim və Qərib bir vaxtlar möhkəm ailə klanı təşkil edirdilər, lakin biznesdə tərəfdaşlıq ailə bağlarını dağıdan və ailəni düşmənçilik səviyyəsinə gətirib çıxaran məhək daşı olub. Ailə biznesinin əsasını bir çox illər bundan əvvəl böyük və daha təcrübəli qardaş olan Ramazan qoyub. Onun dəstəyi ilə kiçik qardaşlar Əli və Hüseyn öz şirkətlərini qurublar.

BNA-nın müqavilə imzaladığı "Aktif Elektrik” MMC isə 14845.01 AZN-ə yeraltı avtodayanacaqlardakı transformator məntəqələrində elektrik işlərinə lazım olan mallarla təmin etməli və yöndəki işləri həyata keçirməlidir. 

05 iyun 2017-ci il tarixdə qeydiyyata alınan "Aktif Elektrik” MMC-nin nizamnamə kapitalı 1 672 500 AZN təşkil edir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a, mənzil 25-də yerləşir. 

Açıq mənbələrdə yalnız MMC-nin 2019-cu ildə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair qərardan şikayət verməsi barədə məlumata rast gəldik. Şirkət barədə başqa hər hansı məlumat yoxdur.

BNA-nın imzaladığı müqavilələr arasında ən yüksək məbləğ "PROF-DEZ IPM" MMC-nin payına düşür: 478 409.76 AZN. Şirkət bu məbləğə BNA-ya və tabeli qurumlarına məxsus əmlak və inventarların dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması məqsədilə lazım olan mal, iş və xidmətlərlə təmin etməlidir. 

Nizamnamə kapitalı 10 AZN olan şirkət 04 mart 2013-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi, ev 57, mənzil 17-də yerləşən şirkətin qanuni təmsilçisi Məmmədov Elvin Xeybər oğludur. 

MMC-nin 7 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Yalnız o bəllidir ki, MMC Səhiyyə Nazirliyinin müvafiq lisenziyası əsasında yaradılıb.

Mənbə: Yenisabah.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84