. .

"Cinayət hadisəsi ilə İlkin Süleymanovun heç bir əlaqəsi, iştirakı yoxdur"- Vəkil

19:28 - 21 Aprel
    38495 oxunma

Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb. Təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayevlə əlaqə saxlayaraq, başa çatan istintaq prosesinin təfərrüatını aydınlaşdırıb.

Vəkil bildirib ki, İ.Süleymanova bir sıra əlavə ittihamlar irəli sürülüb:

“Maddələri sonradan artırdılar. Beş-altı maddə ilə cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 120-ci maddəsinin üç bəndi ilə ittiham irəli sürülüb.

Bunlar xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə; qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə bəndləridir.

Bundan başqa, CM-nin 133 (Əzab vermə) və 144-cü maddələri (Adam oğurluğu) ilə də ittiham irəli sürülüb.

Təbii ki, cinayət hadisəsi ilə İlkin Süleymanovun heç bir əlaqəsi, iştirakı yoxdur.

İşlə tanışolma mərhələsi başa çatıb. Cinayət işinə xitam verilməsi üçün vəsatətlər vermişik. İş materialları hələlik məhkəməyə göndərilməyib”.

Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkarlanıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılaraq İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84