Bu icra başçıları həbs oluna bilər - Faktlar açıqlandı

10:08 - 16 Fevral
    8280 oxunma

Son 1 il ərzində Azərbaycanda 7 rayonun icra başçısı həbsə göndərilib. Bununla belə, hələ də qanunsuzluq edən həmkarlarının taleyindən nəticə çıxarmayanlar var. Bir sıra rayonlarda çox ciddi problemlər də qalmaqdadır. İcra başçıları dövlət büdcəsindən əhalinin sosial durumunun yaxşılaşdırılması üçün ayrılan məbləğləri müxtəlif yollarla nəğdləşdirməklə öz biznesinə xərcləyir, torpaqların ələ keçirilməsi də adi korrupsiya hallarıdır.

Azpolitika.info yazır ki, Tərtərdə baş verən hadisə icra başçısı Müstəqim Məmmədovun sonunu gətirə bilər. Belə ki, Tərtərin İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb. Bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb.

Məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var. Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib: “Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib” .

Məlumatda qeyd olunur ki, bu hadisələrdən şoka düşən başçı günlərdir özünə gələ bilmir. Qazax rayonunda da durum fərqli deyil. 2016-cı ilin mayında Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Rəcəb Abbas oğlu Babaşov fəaliyyətinin ilk ilində ona göstərilən etimadı doğrulda bilmişdi. İcra başçısı özünü hər kəsə qanunçuluğun müdafiəçisi, rüşvətxorluğa qarşı ardıcıl mübarizə aparan, haqqın-ədalətin yanında olan rəhbər şəxs kimi təqdim etməyi bacarmışdı. Sonradan Rəcəb Babaşov da öz maraqlarını xalqın mənafeyindən üstün tutan başçıların sırasına qoşuldu. Onun adı bir-birinin ardınca korrupsiya əməllərində hallanmağa başladı.

2018-ci ilin bu günlərində Qazaxdan gələn xəbərlərdən birində deyilirdi ki, başçı rayonda gəzərkən yağışdan qorunması üçün ayrıca mühafizəçisi var, o, çətir tutur. Yəni Rəcəb Babaşov təvazökar məmur obrazını tez bir zamanda kral obrazına dəyişdi. Rəcəb Babaşov növbəti dəfə 2019-cu ilin noyabrında yenidən gündəmə gəldi. Bu dəfə başçı dəyəri 250 min manat olan avtomobil almışdı. “Rang Rover” markalı, Az 99 FF 099 dövlət nömrə nişanlı avtomobillə işə gedib gələn başçının vəzifə maaşı 1500-1925 manat arasında dəyişir.

Qazaxdan gələn ən son məlumatda isə deyilir ki, rayonun Heydər Əliyev prospekti 106A ünvanında yaşayan 1-ci Qarabağ müharibəsi iştirakçısı Məhəmməd Ziyəddin oğlu Kazımovdan rüşvət tələb olunur. M.Kazımov müxtəlif instansiyalara müraciətində yazır ki, qardaşım 2-ci qrup əlil və qazidir: “Övladımın səhhətində ciddi problemlər olduğundan o, 44 günlük Vətən müharibəsində iştirak edə bilmədi. Buna baxmayaraq, qardaşım oğlu Sərxan Kazımov könüllü ordu sıralarına qoşuldu.

Suqovuşanın və digər ərazilərimizin erməni işğalçılarından azad olunması uğurunda keçirilən döyüş əməliyyatlarında iştirak etdi. Nəsillikcə Qazax rayonunda yaşayırıq. Bibimin övladı olmadığından o, qəzalı vəziyyətdə və yaşı təqribən bir əsr olan evini mənə verdi. Həmin evi söküb yerində təzə ev tikmək qərarına gəldim və bu məqsədlə rayonun baş memarına, icra başçısına müraciət edib, layihəmi də təqdim etdim. Məqsədim 2-ci qrup əlil və qazi olan qardaşım Oqtayın ailəsi ilə birlikdə burada yaşamaq idi. Etdiyim müraciətdən sonra RİH Aparatından gəlib həmin evə baxış keçirdilər və bu gün-sabah deyib işi uzatdılar. Təqdim etdiyim layihədə ev tikintisi göstərilsə də, onlar ”Sən burada obyekt tikəcəksən" deməklə, açıq-aşkar şəkildə məni “fırlatdılar”.

Yəni aramızda əmələ gələn söz-söhbətlərdən sonra məni çox incitdilər və hətta iki dəfə polisə də verdilər. Qeyd edim ki, tikinti işlərinə başlamazdan öncə kənar şəxslərdən beton tökmək üçün icarəyə “opalovka” götürmüşdüm. Elə ki, RİH-in əməkdaşları tikinti işlərinə başlamağıma maneə oldular və bu minvalla vaxtı uzatmağa çalışdılar, o halda onlara bildirdim ki, icarəyə götürdüyüm “opalovka” pulunun üstünə gündəlik faiz pulu yığılır. RİH-in rəsmləri bu yöndə danışıqlarıma əhəmiyyət vermədilər və hətta “opalovka”nı sökməyimə də icazə vermədilər. Belə olan halda bir kimsəyə məhəl qoymadan “opalovka”nı özbaşına sökməyə başladım, o halda polislər həmin yerə gəldilər və “Səndən RİH-ə şikayət olunub” deyərək, mənə 300 manat məbləğində cərimə də yazdılar. Bildirirəm ki, əsas işimə maneə olan şəxs Qazax RİH-in başçısının birinci müavini Məmməd Alıyev oldu. Bir neçə gün bundan öncə o, məni rayonun “Kərpic zavod” adı ilə tanınan ərazisinə çağırtdırdı. Həmin yerə çatarkən şahidi oldum ki, ayrı-ayrı şəxslər orada iş görürlər, Məmməd Alıyev və onun yanında olan şəxslər isə iş prosesinin gedişinə nəzarət edirdilər.

Bir sözlə, Məmməd Alıyevin olduğu yerə çatanda ona “işim necə olacaq və nə qədər xərcim çıxacaq” deyə sual etdim. O halda o, hər 2 əlindəki barmaqlari irəliyə uzadaraq mənə göstərdi. Yəni Məmməd Alıyev eşidilə biləcək səs tonu ilə deməsə də, mənə barmaqlarının işarəsi ilə xərcimin 10 min manat olacağını bildirdi. Öz-özümə sual etdim ki, bəlkə o, hansısa səbəbdən çaşıb və “0" rəqəminin birini artıq deyir. Bir sözlə, Məmməd Alıyev başda olmaqla, bu gün RİH-in bəzi şəxsləri məni çıxılmaz vəziyyətə salıblar. Tikinti işlərində istifadə etmək üçün aldığım sementlər daşlaşıb, onlar mənimlə bir növ düşmənçilik aparırlar. İlk əvvəl mənə layihədə dəyişikliklər etməyi bildirdilər. Qeyd etdirdikləri dəyişiklikləri qaydaya saldırıb, bir daha layihə planını onlara təqdim etdim. Daha sonra bildirdilər ki, ”sən qonşundan da razılıq ərizəsi almalısan". Bəli, həmin ərizəni də alıb RİH-ə təqdim etdim. Bundan sonra da layihə planını təsdiq edib mənə vermədilər. Belə olan halda iki-üç dəfə icra başçısının qəbuluna düşmək istədim, heç bir halda qəbula düşməyə imkan vermədilər. Bu gün mən Məmməd Alıyevə sərbəst sözümü deyə bilmirəm. 4 aydan çox vaxt keçsə də, sənədlərimi təsdiq edib vermirlər ki, tikinti işlərimə başlayım. Faktdır ki, məni süründürməklə məşğul olurlar".

Tərtərdə və Qazaxda baş verənlər ölkə rəhbərliyinin əhalinin sosial durumunun yaxşılaşdırılması yönündə apardığı siyasətə daban-dabana ziddir.  Prezident İlham Əliyev çıxışlarında deyib ki, bəzi yerli icra orqanlarında müşahidə olunan “biabırçı mənzərə” bütün xalqı hiddətləndirir.

“Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın” - deyə prezident bildirib...

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Prezidentin ən vacib tapşırıqlarından biri də icra başçılarının xalqa ləyaqətlə xidmət etməsi ilə bağlıdır: “İlham Əliyev icra başçılarına tapşırıb ki, öz ərazilərində sakinlərlə görüşüb, əhalinin problemlərini öyrənib həll etsinlər, ən azı buna çalışsınlar.

Lakin rayonlardan gələn xəbərlər onu deməyə əsas verir ki, xalqına ləyaqətlə xidmət etməyən şəxslər, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, korrupsiya yolunu seçənlər hələ də vəzifələrdə var. Belə şəxsləri əlbəttə ki,  ciddi cəzalar gözləyir. Bu günə qədər artıq bir neçə icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün həbs olunub.

Bir çox başçılar həbsə gedən həmkarlarının aqibətindən nəticə çıxarmayıb. Hələ də xalqına ləyaqətlə xidmət etməyən, Prezidentin göstərişlərini yerinə yetirməyən icra başçıları var və onların da cəzalandırılacaqları gün uzaqda deyil”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84