“Bu çağırışlar artıq günümüzün əsas tələbləri sırasındadır”

20:45 - 07 Aprel
    36831 oxunma

"Dövlətimizin başçısı İlham Əliyevin dünyanı bürüyən, böyük sosial və iqtisadi  fəsadlara yol açan, eyni zamanda, insanların həyatını təhdid edən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri sırasında  yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın  sağlamlığının təminatını prioritet məsələ kimi öndə saxlaması  böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir. Möhtərəm Prezidentimiz tərəfindən humanizm və insanpərvərlik istiqamətində atılan bütün addımlar Azərbaycanda  vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını, daim onların  təhlükəsiz, sağlam, əmin-amanlıq şəraitində yaşamasının prioritetliyini bir daha təsdiqləyir. Cənab İlham Əliyevin  «Məhkum edilmiş  bir sıra şəxslərin  əfv olunması haqqında» Sərəncamına uyğun olaraq  yaşı 65-dən  yuxarı olan 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi də bu diqqətin tərkib hissəsi, dövlətimizin humanizm siyasətinin növbəti təzahürüdür"  

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri  Yeni Azərbaycan Partiyası (YAP)  Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  dövlət başçısının növbəti əfv Sərəncamı ilə bağlı  KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, cənab İlham Əliyevin  ölkə  vətəndaşlarını  koronavirus pandemiyasından  etibarlı müdafiəsini təşkil etmək istiqamətində  atdığı addımlar təqdir olunur, insan hüquq və azadlıqlarının qorunmasının, onların yüksək rifahının təmin edilməsinin prioritetliyini bir daha təsdiq edir. Bu çağırışlar artıq günümüzün əsas tələbləri sırasındadır:  Özümüzü, böyüklərimiz qoruyaq, əzizlərimizə dəstək olaq. Dövlətimizin başçısı İlham Əliyevin məlum əfv Sərəncamının  sevincini yaşayan  əfv olunan şəxslər  bu humanist aktdan düzgün nəticə çıxarmalı,  Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Dövlət öz vətəndaşlarının bütün hüquq və azadlıqlarını  qoruyur, təmin edir. Hər birimizin vətəndaşlıq borcu isə budur ki, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımıza hörmətlə yanaşaq,  onların tələblərinə dönmədən əməl edək.

Baş redaktor bildirib ki, bugünümüz üçün əsas vəzifəmiz koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsinə dəstəyimizi  göstərməkdir.  Əsas dəstək «Biz birlikdə güclüyük» prinsipini öndə saxlamaqla  karantin qaydalarının  tələblərinə əməl etmək,  ətrafımızı bu  xəstəliyə yoluxmadan xilas etmək olmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin daha riskli yaş qrupu olaraq 65 yaşdan yuxarı vətəndaşlarımızın qayğısına  qalması,  Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarında da onların evdə olmasının bir tələb kimi irəli sürülməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.  Yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Onların gündəlik tələbatlarının ödənilməsi  ilə bağlı zəruri ərzaq və avadanlıqlar, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və sair kimi məsələlər dəstəklə təmin olunur. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətlərində daha çox diqqət yönəldilən  məsələ məhz böyüklərimizin qayğısına qalmaq, onlara hörmətlə yanaşmaqdır.

Diqqəti  ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından bu günə qədər imzalanan əfv sərəncamlarına və qəbul olunan Amnistiya aktlarına yönəldən V.Rəhimzadə qeyd edib ki, son sənəd öz mahiyyəti baxımından xüsusi diqqət çəkir. Dünyanı bürüyən koronavirus təhlükəsi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyacın artdığı, eyni zamanda, dövlətimizin  istər insanların sağlamlığının təminatı, istərsə də sosial və iqtisadi fəsadların aradan qaldırılması istiqamətində səylərinin gücləndirildiyi bir vaxtda cənab İlham Əliyevin cəzaçəkmə müəssisələrində olan  böyüklərimizi də düşünməsi, onların bu xəstəliyə yoluxmaması üçün belə bir hümanist sənədi imzalaması təqdirəlayiqdir.

V.Rəhimzadə sənədin icrasının başa çatdığını önə çəkərək bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu, onların qayğısına qaldığını bir daha təsdiq etdi: “Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin humanist addımları səhv etmiş insanlara həyatda yeni şansın verilməsinə, onların həyatın, azadlığın dəyərini dərk etmələrinə,  səhvlərindən nəticə çıxarıb düzgün yola qayıtmalarına böyük dəstəkdir.  Mərhəmətlilik, xeyirxahlıq, bağışlamaq kimi prinsipləri həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövlətinin bu addımları, eyni zamanda,  demokratik dəyərlərə sadiqliyin  nümunəsi kimi də qiymətlidir.”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84