“Bəzi icra başçıları rüşvəti 2 qata qaldırıb” - İddia

12:41 - 02 May
    1845 oxunma

“Əgər sabah DTX oxşar əməliyyatı bir nazirlikdə keçirsə, digər nazirliyin əməkdaşları da deyəcəklər ki, gəlin bizim işlədiyimiz nazirlikdə də bu cür əməliyyat keçir. Sadəcə olaraq, rayon böyükdür, tabelik münasibətləri yoxdur deyə vətəndaşlar əməliyyatçını öz rayonlarında görmək istəklərini açıq şəkildə yazır, deyirlər”.

Bizimxeber.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. O, qeyd edib ki, icra başçılarının rüşvəti eyni metodla toplamaları videolardan aydın olur. 

“Ağstafada da, Yevlaxda da, Neftçalada da,  Biləsuvarda da eyni vəzifə daşıyıcıları pul toplayıb. Deməli, Azərbaycanda icra başçıları eyni formuldan istifadə edir. Xalq da bunu bilir və belə əməliyyatların keçirilməsini təqdir edir. Xalq, nəhayət ki, ədalətin bərpa olunmasını istəyir”.

Antikorrupsiya əməliyyatların niyə məhz DTX-nın gerçəkləşdirilməsi ilə bağlı söhbətlərə İlham İsmayılın cavabı belə olub:

“Düzdür, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi var və əsas vəzifəsi antikorrupsiya əməliyyatlarıdır. Amma nəzərə almaq almaq lazımdır ki, İdarənin belə əməliyyatların keçirilməsi üçün əməliyyat metod və vasitələri yoxdur, texniki imkanları o səviyyədə deyil. Əsas məsələ isə DTX əməliyyatçıların peşəkar qabiliyyəti yüksək səviyyədədir. DTX bu işləri gündəlik görür, daha effektli görür. Gerçəkləşdirilən əməliyyatın məhkəmə perspektivi də nəzərə alınmalıdır. Əməliyyat zamanı sübutlar elə toplanır ki, sonradan kimsə ”rüşvət almamışam" deyə bilmir. Bu cür əməliyyatların məhz DTX-ya tapşırılması peşəkarlıqla bağlıdır".

İlham İsmayıl deyir ki, DTX-nın keçirdiyi əməliyyatlar 11 il 3 ay ərzində Eldar Mahmudovun təhlükəsizlik orqanlarının nüfuzuna vurduğu ziyanın aradan qalxmasına da səbəb olur: “Bu cür əməliyyatların DTX-ya tapşırılması, ədalətli işlərin görülməsinə DTX əməliyyatçılarının göndərilməsi təhlükəsizlik orqanının nüfuzunun qalxmasına xidmət edir. Xüsusi xidmət orqanının nüfuzunun qalxması ölkə siyasəti üçün çox vacib məqamdır”.

İlham İsmayıl əvvəlki icra başçılarının həbsindən digər həmkarlarının nəticə çıxarmamasının səbəbini belə izah edib: “4 rayonda gerçəkləşən həbslər göstərdi ki, zaman-zaman mətbuatda yazılanlar əməliyyatlarla təsbit oluna bilir. Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev işdən çıxarılarkən 500 nəfər işçiyə paylanmalı olan maaş kartlarının özü ilə götürüb getməsi xəbəri də yayılmışdı. Cəmiyyətdə narazılıq artdıqca, belə həbslər intensivləşir. Çünki DTX-nın apardığı əməliyyatlar siyasi xarakterlidir, tutulanlar yüksək vəzifəli şəxslərdir. Belə şəxslərin həbsi üçün ölkə rəhbərliyinin razılığı mütləq şəkildə alınır. 

Total şəkildə göstəriş olacaqsa, DTX bu işin öhdəsindən yüksək səviyyədə gələcək. Bu gün yayılan informasiyalar, xalqın şikayətləri, belə həbslərin təqdir olunması, hər kəsin qara maskalı DTX əməliyyatçısını öz rayonuna dəvət eləməsi onu göstərir ki, başqa rayonlarda da belə halların olması mümkündür”.

İlham İsmayıl deyir ki, bəzi icra başçılarının arxalandıqları qüvvələr olduğundan əvvəl keçirilən əməliyyatlardan nəticə çıxarmırlar: “İcra başçılarını o posta irəli çəkən mütləq bir arxa, qüvvə olur. O arxa, böyük qüvvə fəaliyyətdədirsə, bunlarda bir illüziya yaranır ki, filan nazir mənim arxamda dayanıbsa, filan general mənim üçün lobbiçilik edibsə, deməli, mənə toxunmazlar. Ona görə də rüşvətxor, korrupsioner fəaliyyətlərini davam etdirirlər. Amma  baş verənlər onu deməyə əsas verir ki, durum dəyişib, toxunulmazlıq immuniteti əvvəlkitək işlək deyil. Nazirin  də, generalın da yeri gələndə sözünü geri çevirə bilirlər. Bu cür həbslər həm də arxada dayananlara da bir mesajdır. İcra başçılarının həbslərdən nəticə çıxarmamalarının bir səbəbi də pulun, rüşvətin şirinliyidir. Bu adamlar özləri də yeyir, bir az da arxalarında olan və yuxarıda dayananlara da ötürülər. Düşünürlər ki, vəssalam, kabinetdə oturub köhnə qaydalarla işləyəcəyəm. O dövrlər tədricən aradan qalxır”.

İlham İsmayıl çox maraqlı bir informasiyaya malik olduğunu da açıqladı: “DTX-nın bu əməliyyatlarından sonra Qarabağ zonasında olan bir neçə rayonla bağlı şəxsən bilirəm ki, icra başçıları rüşvəti 2 qata qaldırıblar. Və bunu vəziyyətin ağırlığı - yəni icra başçılarının həbsi ilə əlaqələndirilər. Təsəvvür edirsiniz, bu adamlar qəsdən belə işlər görür. Guya ki, bunlardan pul tələb olunur. Hətta bu əməliyyatlardan istifadə edib rüşvəti 2 qata qaldıran icra başçıları var”.

İlham İsmayıl perspektivdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də funksional fəaliyyətinə qayıdacağını düşündüyünü deyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84