Bayden Ağ evdəki iş otağını necə dəyişib?

17:46 - 24 Yanvar
    6560 oxunma


Loading...

Yanvarın 20-dən ABŞ prezidenti kimi fəaliyyətə başlayan Cozef Bayden Ağ evdəki iş otağının – Oval kabinetin dekorasiyasını dəyişib. Novator.az bununla bağlı Böyük Britaniyanın “The Guardian” qəzetində çap olunmuş yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Yazının müəllifi Lük Hardinqdir.

Oval kabinet ABŞ prezidentlərinin gücünü və əzəmətini simvolizə edir. Bir qayda olaraq Ağ evə daxil olan hər yeni prezident Oval kabinetin dekorasiyasını öz idarəetmə üsuluna uyğun dəyişir. ABŞ-ın 46-cı prezidenti Cozef Bayden sələfinin (45-ci prezident Donald Trampın) qurduğu dekorasiyada nəzərəçarpacaq dərəcədə dəyişikliklər edib.

Pərdələr

Bayden pərdələrə toxunmayıb. Bu pərdələr ABŞ-ın 42-ci prezidenti Bill Klintonun vaxtında asılıb. Sonradan çıxarılıb. Amma 45-ci prezident Donald Trampın dövründə yenidən pəncərədən asılıb. Yerə sərilmiş xalça isə dəyişdirilib. İndiki göy xalça Trampın vaxtındakından bir az tünddür. Hazırkı xalça depodan (saxlanc yerindən) çıxarılaraq Oval kabinetə gətirilib.

Sesar Çavesin büstü

Bayden masasının düz arxa tərəfinə işçilərin sosial hüquqları uğrunda mübarizə aparmış amerikalı hüquq müdafiəçisi Sesar Çavesin (1927-1993) büstünü qoyub.

Otaqda Martin Lüter Kinq (1950-60-cı illərdə ABŞ-da insan haqları hərəkatının liderlərindən biri), Roza Parks (ABŞ-da qaradərili vətəndaşların hüquqları uğrunda mübarizə hərəkatının bünövrəsini qoyanlardan biri), Eleanora Ruzvelt (ictimai xadim, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin həyat yoldaşı, 26-cı prezident Teodor Ruzveltin qohumu) və Robert Kennedinin (amerikalı dövlət xadimi, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı) də büstləri yer alır. XX əsrin ortalarında İngiltərənin baş naziri olmuş Uinston Çörçillin büstü isə Oval kabinetdən götürülüb.

Bencamin Franklinin portreti

Divardan – kitab rəfinin yanından ABŞ-ın qurucu atalarından biri, hərtərəfli şəxsiyyət Bencamin Franklinin portreti asılıb. Aydaşından düzəldilmiş bu portret Baydenin elmə marağını göstərir.

Bayden ABŞ-ın 7-ci prezidenti, populizmi, irqçi fikirləri ilə hətta Trampı geridə qoyan Endrü Ceksonun portretini kabinetdən kənarlaşdırıb. Baydenin masasının düz qarşısında 32-ci prezident Franklin Ruzveltin böyük portreti asılıb.

Ruzveltin şəklinin yanında keçmiş prezidentlər Corc Vaşinqton (ABŞ-ın ilk prezidenti), Tomas Cefferson (3-cü prezident), Abraham Linkolnun (16-cı prezident) və Corc Vaşinqtonun prezidentliyi dövründə ABŞ-ın ilk maliyyə naziri olmuş Aleksandr Hamiltonun da portetləri asılıb.

Qərar masası

Məşhur “Qərar masası”nın üzərində Baydenin işə başladığı gün (andiçmə günü, yanvarın 20-si) imzaladığı fərmanlardan ibarət bir qalaq yaşıl qovluq yığılıb.

İmzalanmış fərmanlar arasında Paris İqlim Sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına yenidən qoşulma haqda qərarlar da yer alır. Vaxtilə Tramp bu saziş və təşkilatdan çıxmağa fərman vermişdi.

Qələmlər

Adətən ABŞ prezidentləri mühüm qərarları imzalamaq üçün bir neçə qələmdən istifadə edirlər. Sonra bu qələmlər məşhur şəxslərə xatirə kimi hədiyyə olunur.

Büstləri hazırda Baydenin Oval kabinetində yer alan Roza Parks və Martin Lüter Kinq ABŞ-ın 36-cı prezidenti Lindon Consonun 1964-cü ildə insan haqları ilə bağlı qanuna imza atdığı qələmləri Consonun özündən hədiyyə almışdılar.

Ailə fotoları

Prezidentin masasının arxa tərəfində bəzəkli masanın üstünə müxtəlif ailə fotoları, o cümlədən Baydenin mərhum oğlu Bounun şəkli qoyulub.

Şəkillərin arasında prezidentin anası Katerin Eucenia Fineganın, hazırkı birinci xanım Cill Baydenin, Baydenlərin övladlarının, eləcə də digər ailə üzvlərinin fotolarını görmək mümkündür. Məlum olduğu kimi, Bayden katolikdir. Onun Roma Papası Fransisklə çəkdirdiyi bir şəkil də ailə fotolarının arasında diqqəti çəkir.

Harri Trumen

Masadan sağda Ruzveltin xələfi, ABŞ-ın 33-cü prezidenti Harri Trumenin büstü qoyulub.

 

 

 

 

 

 

 

 

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84