Bakıda 17 bina plana düşdü - SÖKÜLƏCƏK

17:04 - 26 Yanvar
    10680 oxunma


Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 31 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının sakinləri böyük çətinliklərlə üzləşiblər.  Bu barədə bina sakinləri BAKU.WS-in “qaynar xətt”inə şikayətlərində bildiriblər. Vurğulanır ki, binanın zirzəmisini su basıb.

Qış vaxtı olmasına baxmayaraq, bloklar, mənzillər ağcaqanad və digər həşəratlarla dolub. Üfunət iyindən dayanmaq mümkün deyil. Ən təhlükəli vəziyyət isə binada dağıntıların baş verməsidir. Mənzillərin çoxunun eyvanında uçqun baş verib.

Məsələni araşdırmaq üçün Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə verilən məlumata görə, həmin bina xüsusitəyinatlıdır. Bu səbəbdən yaşayış binası 2 saylı xüsusi təyinatlı MKTB-nin 113 saylı mənzil-kommunal istismar sahəsinin balansındadır.

“Bu bina xüsusitəyinatlı binalardandır. Onların problemi ilə birbaşa olaraq 113 saylı mənzil-kommunal istismar sahəsi məşğul olmalıdır”, - deyə qurumdan bildirildi.

2 saylı xüsusi təyinatlı MKTB-nin 113 saylı mənzil-kommunal istismar sahəsinin sədri Məhəmməd Qasımov BAKU.WS-ə açıqlamasında bildirdi ki, əslində həmin bina Bakı meriyasının balansındadır.

“Bu binalar Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Qurumun balansında 11 minə yaxın bina var. Binaların 80 fiazi istismar müddətini başa vurub.

Hər il 500-ə yaxın binanın dam örtüyü təmir edilir. Bu işlər əsaslı ardıcıllıq əsasında həyata keçirilir. Natavan 1, Q. Süleymanov 9 , N.Həşimli 7 ünvanlarında yerləşən binalar əsaslı təmir edildi.

İşlər sıralama qaydası ilə həyata keçirilir. Bu il də Asəf Zeynallı küçəsi 31 ünvanında yerləşən bina təmir ediləcək”.

Qeyd edək ki, bu problemdən təkcə Asəf Zeynallı küçəsi 31 ünvanında yerləşən binanın deyil, paytaxtdakı bir çox tikililərində məskunlaşan sakinlər də əziyyət çəkirlər. Ekspertlərin fikrincə hazırda Bakı şəhərində “Xruşovka”ların çoxu istismar müddətini bitirmiş və istismara yararsızdırlar. Bəziləri isə istismar müddətini bitirsə də, hələlik onlardan istifadə etmək mümkündür.

Memarlıq Bürosunun əməkdaşı Çingiz Ağarzayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, Sovet dövründə tikilən yaşayış binalarının (“Xruşovka”) ömrü 50 il nəzərdə tutulur. “Bu binaların sökülüb, yerində yeni bina tikilməsi isə müəyyən proses keçməlidir. Həmin binalara Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirməlidir. Baxışdan sonra tikiliyə qəzalı olub-olmaması barədə rəy verilməlidir. Bu rəydən sonra aidiyyatı quruma məlumat verilməlidir və binanın sökülməsi barədə qərar çıxarılmalıdır.

Söküntüdən sonra binanın yerinə relyefə və normalara uyğun tikinti aparılmalıdır. Azərbaycan standartlarının normaları var. Bir hektara 4 min kvadrat metr düşür. Bu bölgənin sıxlığından asılı olur”, - deyə ekspert bildirib.

Çingiz Ağarzayevin sözlərinə görə, Bakıda elə binalar var ki, FHN rəy bildirib, lakin hələ də sökülməyib.

Bakı şəhər İcra Hakimiyyətindən isə BAKU.WS-ə bildirilib ki, 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin müəyyə etdiyi və Nazirlər Kabinetinə təqdim etdiyi istismara yararsız olan qəzalı binaların sayı 17-dir.

“Bu 17 binanın çoxu Sabunçu rayonu ərazisindədir. Bundan başqa, Xətai, Səbail, Nərimanov, Yasamal rayonu ərazisindədir. 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı hələlik qeydiyyat olmayıb. Söküntü işləri həyata keçiriləcək. Söküləcək bina hansı rayondadırsa, onun söküntüsü və tikintisi həmin rayon icra hakimiyyətinə tapşırılır.
Elə bina var ki, istismar müddəti bitsə də, onun vəziyyəti yaxşıdır. Lakin vaxtından əvvəl istismara yararsız vəziyyətə düşən tikililər də var”, - qurumdan bildirilir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84