Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırıldı

00:05 - 19 Mart
    323865 oxunma

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması bu gündən dayandırılıb.

Bizimxeber.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qərara əsasən, martın 19-u saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.

Eyni zamanda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

Operativ Qərargah Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin və sərinişindaşıma nəqliyyat vasitələrinin qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməkdən və sərnişin daşımaqdan çəkinməyə çağırıb.

Həmçinin Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərinişin daşınması dayandırılıb.

Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilib.

"Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları isə sərbəstdir.

Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq", - Qərargahdan bildirilib.




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00