“Bakı sülh prosesinin bərpa olunmasına hazırdır” - Birinci vitse-prezidentin köməkçisi

16:05 - 09 Oktyabr
    2140 oxunma

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrədə çıxan məşhur “La Tribune de Genève” qəzetinə müsahibə verib. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Azərbaycanın yaşayış məntəqələrinin hər gün Ermənistan ərazisindən raket atəşinə tutulmasını “müharibə cinayətləri” və “beynəlxalq hüququn hiddətləndirici şəkildə pozulması” kimi səciyyələndirərək, beynəlxalq birliyi Ermənistanın bu hərəkətlərini pisləməyə çağırır. O, Azərbaycanın heç bir təqsiri olmayan mülki vətəndaşlarının bundan sonra da həlak olmasının qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırıb.

E.Əmirbəyovun sözlərinə görə, döyüş meydanında çıxılmaz vəziyyətə düşdüyünü anlayan Ermənistan Azərbaycanı Ermənistan ərazisinə cavab zərbələri endirməyə təhrik etməyə çalışır ki, üçüncü ölkələrin, xüsusən Rusiyanın bu münaqişəyə Ermənistanın tərəfində qoşulması üçün “tutarlı əsas” olsun.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi müsahibədə qeyd edir ki, bu günə qədər Azərbaycan ordusu 20-yə yaxın kəndi və bir şəhəri erməni işğalından azad edib.

E.Əmirbəyov Türkiyənin bu münaqişədə Azərbaycanın tərəfində iştirakı barədə sualın cavabında qəti şəkildə bildirib ki, Yerevanın yaydığı yalan məlumatlara rəğmən, Türkiyə döyüş əməliyyatlarına əsla qoşulmayıb.

Müsahibədə vurğulanır ki, Ermənistan öz qonşusunu “erməni əhaliyə qarşı soyqırımı” törətməkdə təqsirləndirir. Bakı isə bunu təkzib edir və xatırladır ki, 1980-ci illərin axırlarında 200 min azərbaycanlı Ermənistandan qaçmağa məcbur olub. Azərbaycan tərəfi Ermənistanı öz ölkəsində və işğal edilmiş ərazilərdə “etnik təmizləmə” aparmağa görə qınayır.

Yüksək vəzifəli Azərbaycan diplomatı hərbi əməliyyatların dayandırılması və danışıqların bərpa olunması perspektivlərindən söhbət açaraq bildirib ki, heç nə, o cümlədən “Bakının istəmədiyi halda” münaqişənin regional miqyas alması istisna olunmur. Bakı Minsk qrupunun həmsədrləri olan ABŞ-ı, Rusiyanı və Fransanı da təqsirləndirir ki, onlar 30 il ərzində vasitəçilik fəaliyyətini həyata keçirir, lakin bu müddətdə Ermənistanın çoxsaylı provokasiyalarına göz yumub, gözləmə mövqeyi tutub və beləliklə təcavüzkarın cəzasız qalmasına şərait yaradıblar.

E.Əmirbəyov deyib: “Atəşkəs yaxşı niyyətdir, lakin o, möhkəm sülhün bərqərar olması üçün kifayət deyil, atəşkəs konkret nəticələr əldə edilməsinə, daha dəqiq desək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb edildiyi kimi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tamamilə çıxarılmasına yönəlmiş substantiv danışıqlarla müşayiət olunmalıdır.

Bakı sülh prosesinin bərpa olunmasına hazırdır və biz bəzi görüşlərə ev sahibliyi etmək təkliflərinə görə İsveçrə tərəfə minnətdarıq, lakin əvvəlcə bilməliyik ki, bu danışıqlardan nə gözləyirik, dəqiq gündəlik nədən ibarətdir və bizi hansı nəticələr gözləyir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84