Azərbaycanın dəmir yolları faşizm üzərində qələbədə hansı rolu oynayıb?

12:04 - 09 May
    3295 oxunma

Bu gün faşizm üzərində qələbədən 75 il ötür. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Faşizm üzərində qələbədə ölkənin dəmir yolları da həlledici rol oynayıb. 

Bununla bağlı tarixçi Elmin İmanov açıqlama verib. Onun sözlərinə görə, II Dünya müharibəsi zamanı ön cəbhəni yanacaqla təmin edən əsas mərkəzlərdən biri də məhz Bakı şəhəri olub: "Həmin dövrdə bir nömrəli nəqliyyat növü dəmir yolu xətti idi. Həm yaralıların arxa cəbhəyə daşınmasında, həm də ərzaq məhsullarının, silah-sursat ehtiyat hissələrinin cəbhəyə daşınmasında, xüsusilə neft və neft məhsullarının daşınmasında qatarların müstəsna xidməti olub.

1941-ci ildə Azərbaycanda Salyan-Neftçala, Culfa-Mincuvan, Şirvan-Papanin arasında dəmir yolu xətti istifadəyə verilmişdi". E.İmanov qeyd edib ki, həmin vaxt Azərbaycanda arxa cəbhəni təmsil edənlər bu işdə xüsusi fədakarlıq göstərirdilər: "Polad magistralın əməkçiləri cəbhəyə daşımaların vaxtlı-vaxtında çatdırılması, qatarların təhlükəsiz şəraitdə və yüksək sürətlə idarə olunması üçün bütün qüvvələrini səfərbər edirdilər. Ön cəbhədə qələbəni təmin etmək üçün arxa cəbhədə güclü təminat lazım idi.

1941-1945-ci illərdə Bakıdan cəbhəyə 75 milyon ton neft yanacağı göndərilib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizi Bakı nefti sayəsində ödənilib. Müharibənin ilk günlərində, hər şeyin cəbhə üçün səfərbər olunduğu bir vaxtda, 1941-ci il iyun ayının 23-də qatarların xüsusi hərbi qrafik üzrə hərəkətə keçirilməsi barədə əmr verildi. Hazırlıq işləri bir sutka ərzində başa çatmalı idi.

Çünki belə məqamda ləngimək uduzmağa bərabər idi. Bu işin həyata keçirilməsinə yardım etmək məqsədi ilə Azərbaycanın partiya orqanları, siyasi şöbələri və dəmiryol idarəsinin mütəxəssisləri iri stansiyalara toplaşırdılar. Birinci növbədə, hərbçilər və hərbi texnika ilə yüklü vaqonların hərəkət qrafiki müəyyənləşdirildi.

Elə müharibənin ilk günlərindən etibarən, sərnişindaşıma işi məhdudlaşdırıldı. Sərnişin qatarı vaqonlarının profilləri dəyişdirilərək sanitar qurğular quraşdırıldı. Dəmiryolçuların bu işə fəal cəlb olunması ilk gündən öz bəhrəsini verməyə başladı. Bir faktı demək lazımdır ki, Azərbaycandan Zaqafqaziya hüdudlarından kənara göndərilən qatarların sayı təkcə iyun ayında 10% artmışdı. Ümumiyyətlə, ölkənin dəmir yolları faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84