.
.

Azərbaycanda Türkiyə hərbi bazası yaradıla bilərmi?

11:36 - 19 İyun
    1931 oxunma


Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradıla biləcəyi barədə məlumatları "şayiə" adlandırıb. "Biz bu məsələni müzakirə etməmişik, biz şayiələri şərh etmirik" deyə Lavrov Belarusdan olan həmkarı Vladimir Makeylə görüşünün yekunlarına dair mətbuat konfransında mümkün hərbi bazalar barədə sualı cavablandırarkən deyib.

Eyni zamanda "Rusiya bu məsələyə ''böyük əhəmiyyət'' verir" deyən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Ankaranın bu istiqamətdəki qərarının Kreml üçün "qırmızı xətt" olub-olmadığı barədə sualına cavab verərkən deyib.

O deyib ki, NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun yaradılması Moskvanın xüsusi diqqət yetirməsi və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün addımlar atması üçün bir səbəb ola bilər.

Bu arada xatırladaq ki, ötən həftə Azərbaycana səfərdən Türkiyəyə qayıdan Prezident Rəcəp Tayyib Ərdoğan Azərbaycanda Türkiyə bazalarının yaradılmasını istisna etməyib. Jurnalistlərin "Şuşa bəyannaməsi daxilində hərbi bazaların yaradılması mümkündürmü, Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi" sualına cavabında cənab Ərdoğan "...bu, açıqladığımız maddələrin xaricində deyil. Burada daha sonra inkişaf, genişləmə ola bilər. Hələ ki, burada daha çox xüsusilə sərhəd xətlərinin qarantiya altına alınması, təminat altına alınması əsas olandır" deyə ərdoğan deyib. Ancaq o qeyd edib ki, "xüsusilə cənab İlham Əliyevin Putin ilə keçirəcəyi görüşlər bu məsələni fərqli inkişaf etdirə bilər. Bizim keçirəcəyimiz görüşlər bu işi fərqli şəkildə inkişaf etdirə bilər".

Xatırladaq ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinə görə, sənədi imzalamış tərəflərin hər hansı bir üçüncü dövlətin təhdid və ya təcavüzünə məruz qalacaqları təqdirdə, birlikdə hərəkət edəcəyi qeyd olunur. Bəyannamədə tərəflərin "iki qardaş ölkənin silahlı qüvvələrini müasir tələblərə uyğun" modernləşdirmək üçün birgə səylərinin davam etdirəcəyi qeyd olunub.

P. Vaqifqızı
Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84