Azərbaycanda Türk şəhid məzarları - Nəsiman Yaqublunun araşdırması...

16:45 - 14 Sentyabr
    1370 oxunma

1918-ci ildə yalnız Bakını deyil, Azərbaycanın çoxlu sayda ərazilərini xəyanətkar ermənilərdən azad etmiş qəhrəman Türk əsgərlərinin məzarlarını insanlarımız sayğılarla qoruyub saxlasa da, sovet rejimi dövründə bu mümkün olmamışdır.

Hətta həmin məzarları təmir edənləri də həbs edərək sürgünə göndərmişlər.Lakin bu təhlükələrə baxmayaraq Azərbaycanın bir çox bölgələrində vətənimizi xilas etmiş Türk şəhidlərinin məzarları qorunub saxlanılmışdır.

GÖYÇAYDA İZLƏR

1. Bura Göyçayın simasında yerləşən Ərvan (bəzən Arvan da deyirlər) dərəsidir. Burada 1918-ci ildə ermənilərlə döyüşlər olub. Bu yerə “Qısa dərə” də deyilir. Həmin döyüşlərdə həlak olan bir türk əsgərinin məzarı burada qorunub saxlanılır.

2. Bura da tarixi bir yerdir. Göyçayın Rəsulzadə küçəsində yerləşir. Rəsulzadə 140 ünvanlı bu ev də bir zamanlar Sadıq bəyə məxsus olub. Bu şəhəri ermənilərdən azad edən Nuru Paşa 5gün bu evdə yaşayıb, döyüşlərə rəhbərlik edib.

3. Göyçay, Nəriman Nərimanovküçəsi 52. Burada hazırda səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmət İdarəsi yerləşir. 1918-ci ildə isə bu yer Sandro adlı bir erməniyə məxsus olub. Erməni hərbi quldur dəstələri də bu evi özlərinə qərargah edib, Qafqaz İslam Ordusuna qarşı vuruşublar.

4. Göyçaydakı bu çinar ağacının da maraqlı tarixi var. Ermənilərin atdığı bir mərmi çinarı parçalasa da, sonradan o pöhrə verib. Sakinlər bu gün də o fikirdədirlər ki, Nuru Paşa həmin çinarı da düşmənlərdən azad edib, qoruyub, yaşadıb.

5. Rayondakı M. Ə. Rəsulzadə-72 ünvanda yerləşən 11 saylı uşaq bağçası. Bu yerdə vaxtilə türk şəhidlərinin çoxlu sayda qəbirləri olub. Bəziləri 11, bəziləri isə 30 sayda məzarın olduğunu bildirirlər. Sovet hakimiyyəti dövründə bu qəbirləri yox etmişlər. 1961-ci ildə burada uşaq bağçası salınıb.

6. Uşaq bağçasının tərbiyəçisi Sədaqət Quliyeva deyir: “Bura qəbir yeridir. Buradakı əsgər Zabit əfəndi olub. İndi biz buraya Zabit Piri deyirik. Rayon camaatı buraya müqəddəs yer kimi baxır.

7. Bu güllər isə türk qəbirlərinin üstündə bitib.

8. Buraların çoxu batır, çökür, çünki qəbir yerləridir. Sovet hakimiyyəti illərində asfaltlamışdılar. İndi həmin asfalt zəiflədikcə qəbir yerləri olduğu üçün çökür.

9. Bura Göyçayın Bığır kəndidir. Nuru Paşa ermənilərə qarşı olan ən ağır döyüşlərdən birini burada aparıb.

10. Bu isə türk zabit və əsgərlərinə qarşı qoyulan abidədir. Göyçayın azad edilməsində 12 zabit, 235 çavuş və əsgər döyüşüb, əbədiyyətə qovuşub.

11. Göyçayın Qarabaqqal, Qarayazı kəndlərində, “Bərk dərə” deyilən yerlərdə qanlı döyüşlər olub.

12. Bura Qaraməryəm kəndidir. Qafqaz İslam Ordusunun və Nuru Paşanın ermənilərə qarşı döyüş apardığı kəndidir. Bu kəndi türk əsgərləri qəhrəmanlıqla döyüşüb azad etmişlər.

13. Bura Qaraməryəm – Müsüslü şosse yoludur. Qəhrəman türk əsgərləri bu yolla keçərək Bakıya doğru irəliləmişlər.

UCARDA İZLƏR

1. Müsüslü dəmiryolu stansiyasında ağır döyüşlər gedib. Türklərə qarşı savaşan erməni quldur dəstələri məğlub olduqlarını görüb, bu dəmiryolu ilə geriyə - Bakıya çəkiliblər.

2. Bu yer Müsüslü kəndinin ərazisidir. Ucar-Bakı şosse yolunun sağında yerli əhali tərəfindən “ermənibatan yer” adlanır. Bura bir zamanlar bataqlıq, nohur yeri olub. Qəhrəman türk əsgərləri buradakı ağır şəraitdə gedən döyüşlərdə erməni-daşnak qüvvələrini məhv edib, bu bataqlığa doldurmuşlar. O zamandan buranın adı “ermənibatan yer” adlanır.

HACIQABULDA İZLƏR

1. Hacıqabulun azad edilməsi də qanlı döyüşlərlə başa çatıb. Burada yaşayan insanlar ata-babalarından eşitdikləri hadisələri, türk əsgərlərinin fədakarlığı haqqında bilgilərini yaddaşlarında bu gün də yaşadırlar. Hacıqbul həm də strateji əhəmiyyəti olan bir yer olub. Odur ki, buranı “Bakının qapısı” adlandırırlar.

2. Bura Qarasu kəndidir. Bu ərazilərdə ermənilərə qarşı döyüşlər olub. Şamaxı istiqamətindən gələn türklər burada erməniləri məğlub ediblər. Döyüşlərdə türklərin də itkiləri olub. Sakinlər danışırlar ki, bu məzarıstanlıqda onlar dəfn ediliblər. Sovet hakimiyyəti illərində o məzarların yeri yox edilib. Amma onlar burada dəfn ediliblər.

3. Bura isə türklərin 1918-ci ilin iyulun 4-də azad etdikləri Qarasu stansiyasıdır. Bu stansiya 1883-cü ildə tikilib. Erməni-daşnaklar buradan qatarla geriyə çəkilməyə məcbur olublar.

4. Bura isə Qarasu kəndinin ümumi görüntüsüdür.

5. Hacıqabulun Padar inzibati ərazisindəyik. Padar kəndini də türklər döyüşərək azad etmişlər. Burada da döyüşlərdə həlak olmuş türklərin qəbirləri olub. Yerli sakin bu qəbir daşının onlara məxsus olduğunu bildirir.

6. Hacıqabulun ən böyük kəndlərindən biri Nəvaidir. 550 ev olub burda. Ermənilər bu kənddə 955-ə qədər insanı qətlə yetiriblər. Onlardan 555-ə qədəri kişi, 260-a qədəri qadın, digərləri isə azyaşlı uşaqlar olub. Dəmiryol xəttinə yaxın olduğundan ermənilər tez-tez bu kəndə girib qırğınlar törədirmiş. Qəhrəman türk əsgərləri 1918-ci ilin iyulun 31-də Nəvaini düşmənlərdən azad ediblər.

7. Nəvai qəbirstanlığındayıq. Burada 3 türk əsgərinin də qəbri qorunub saxlanılır. Nəvaililər Sovet rejiminin ağır təqiblərinə baxmayaraq bu məzarları qoruyub saxlaya biliblər.

8. Bura isə Hacıqabul stansiyasıdır. Strateji əhəmiyyətli dəmiryol stansiyası olan bu yeri türk əsgərləri qanlı döyüşlərlə azad ediblər. Hacıqabul stansiyası 1918-ci ilin iyulun 26-da azad olunub.

XOCAHƏSƏN

1. Bura Xocahəsən kəndidir. Bakının lap yaxınlığındadır. Nuru Paşa sentyabr ayının 13-də saat 17:11-də Xocahəsən kəndinin qərbindəki müşahidə məntəqəsində Bakının azad edilməsi üçün hücuma başlaması barədə əmr imzaladı.

“QURD QAPISI”NDA QANLI DÖYÜŞLƏR

Nuru Paşa 1918-ci ilin sentyabrında məhz buradan – “Qurd qapısı” yüksəkliyində dayanan düşmənin müqavimətini qırıb Bakıya daxil olmağı planlaşdırırdı. Düşmən qüvvələrinin diqqətini buradan yayındırmaq üçün o, şimal istiqamətindən də hücuma keçməyi planlaşdırırdı. “Qurd qapısı” yüksəklikdə olduğundan buradan düşmənə qarşı savaşmaq çox ağır idi. Lakin, Nuru Paşanın başçılıq etdiyi qəhrəman türk əsgərləri bunu bacardılar.

1918-ci ilin sentyabrın 15-də saat 10:30-da Bakı azad edildi. Bakıdakı qüvvələrin nümayəndələri İran Konsulluğunun nümayəndəsi ilə 5-ci birgə cəbhəsinə gələrək danışıqlar aparmağı təklif etdilər. Bu məlumat Nuru Paşaya çatdırıldı və onun razılığı ilə 5-ci birgə rəhbərliyi Bakıdakı xarici konsulluqların nümayəndələrinin iştirakı ilə heç bir şərt qoymadan şəhərin təslim olmasını təklif etdilər. Sentrokaspi və daşnak liderləri Bakını tərk etmək məcburiyyətində qaldılar.

1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri, başda Nuru Paşa olmaqla qəhrəman Türk əsgərlərinin fədakarlığı ilə azad edildi.

Əlavə 1. Bura “Qurd qapısı”na daxil olan yoldur. Məhz bu yolla Nuru Paşanın komandirlik etdiyi qəhrəman türk əsgərləri hərəkət edib, ağır döyüşlərdə qalib gələrək Bakıya daxil olmuşlar.

GÜZDƏKDƏ QƏRARGAH YERLƏŞİB

1. Nuru Paşanın qərargahı Güzdəkdə də olub. Güzdəklilər onun hansı evdə yaşadığını unutmayıblar, o yeri tanıyırlar. Yerli camaat buraya Hacı Baxşəlinin evi deyirlər, Nuru Paşa da məhz burada yaşayıb.

2. Buradan Nuru Paşa çıxış edib və üzünü döyüşən əsgərlərə tutub deyib: “Çalışın ki, güllə Sizə arxadan dəyməsin, dəyəndə isə qarşıdan dəysin”. Yəni, Nuru Paşa əsgərləri və döyüşə qoşulan yerli insanları savaş meydanını qoyub qaçmamağa çağırırdı.

3. Bura isə silah ambarı olub. Türklər silah-sursatları burada saxlayırdılar. Bu isə ambarın deşikləridir. İçəriyə hava daxil olması üçün qoyulub.

NURİ PAŞA QOBUDA OLUB

1. Qobu Bakıya yaxın kəndlərdən biridir. Qafqaz İslam Ordusunun əsgərləri və komandir Nuru Paşa burada olub.

2. Yerli sakinlər kəndin yaşlı sakinlərindən eşitdiklərini bu gün də xatırlayırlar. Danışırlar ki, Nuru Paşa Qobulu Salman kişinin evində qalıb. İndi burada onun nəvəsi Tofiq yaşayır. Bu ev türklərin qərargahı olub, Nuru Paşa isə burada yaşayıb.

3. Bu evin ikinci mərtəbəsindən isə dəniz görünür. Türk komandirləri buradan həm də dənizi müşahidə edirmişlər.

QOBUSTAN

Qobustan rayonunun Acıdərə ərazisində (Qeyd edək ki, bura bir vaxtlar Şamaxının inzibati ərazisi olub) türk əsgərinin məzarı qorunmaqdadır.

Əraziyə daxil olarkən ilk olaraq abidə görünür. Bu abidədən 15-20 metr aralıda isə şəhid məzarıdır. Bu məzar haqqında çox yazılıb və şeirlər ithaf olunub. Qeyd edilir ki, bu türk məzarının üstünü düzəltdirən və qoruyan Şamaxının Təklə kəndində yaşamış Məlikməmməd kişi olub.

ŞAMAXI TƏKLƏ KƏNDİNDƏYİK

Təklə kəndinin sakinləri türk əsgərinin məzarını qorumuş Məlikməmməd kişi haqqında rəğbətlə danışırlar.

Məlikməmməd kişinin evindəyik. Nəvəsi Məmmədağa Məlikov deyir: “Babam Məlikməmməd Tağıyev 1880-ci ildə anadan olub. 1937-ci ildə həbs edilib, Sibirə - Maqadana göndərilib. Təxminən 1940-1941-ci illərdə orada həlak olub.

Acıdərədə şəhid olan türk əsgərinin məzarını o düzəltdirib. Əsgərin adı İzzət əfəndi olub. Bəzi mənbələrdə Qədir Əfəndi də adlandırırlar. Babam Məlikməmməd Şamaxının Sündüllü kəndindən olan usta Bala Məhəmməd kişiyə bir inək pay verib. O qəbri düzəltdirib, 1937-ci ildə isə babamı və kəndimizdən olan digər 60 nəfəri (bizim ailədən ümumilikdə 4 nəfər) həbs etdilər. Amma babam həmişə o türk əsgəri ilə fəxr edirdi. Çünki o türklər bizi erməni quldurlarından xilas ediblər”.

ƏRƏBŞABAŞ KƏNDİNDƏ TÜRK MƏZARLARI

Bu kənd Şamaxının rayon mərkəzindən xeyli aralıdır. Dağlıq ərazidə yerləşən bir kənddir. Kəndin girəcəyində bir ağ künbəz var. Künbəzin içərisində türk qəbirləri qorunub saxlanılır. Daşların üstündə yazılar olmasa da, yerli sakinlər bu məzarların türk əsgərlərinə aid olduğunu bildirirlər. Bu künbəzi isə kənd sakini Nisə xanımın tikdirdiyini söyləyirlər.

Kənddəki bu türk məzarı haqqında məlumatı bizə axund Famis Quliyev verir. Onun məlumatına görə, bu qəbirin üstünü götürüb abadlaşdıran kənd sakini hazırda Bakıda yaşayan Hacı Yarağanın oğlu Famildir. 2 il əvvəl o, bu xeyirxah işi görüb. Kənd sakinləri isə onların xilaskarı olan bu qəhrəman əsgərə böyük rəğbətlərini bildirirlər.

Qeyd edək ki, Türklərin ermənilərə qarşı savaş apardığı bu yerlərdə dəqiqləşməyən məzarlar çoxdur. Kənd sakini 9 yaşlı Zahid Teymurov deyir: “Biz bura müqəddəs yer kimi baxırıq. Bu qəbirlərə ehtiram əlaməti olaraq heç kimi qoymuruq onun üstünə çıxsın”.

Kənd orta məktəbinin müəllimi Muğanşah Əzimov isə fəxrlə bu sözləri deyir: “O Türklər bizim xilaskarımızdır. Bu torpaqları onlar azad ediblər”.

VI sinif şagirdi Nizami Əzimli isə daha bir qəbri bizə göstərib, yaşlı qocaların: “Bu Türk qəbridir” söylədiyini bizə xatırladır.

ŞAMAXIDA TÜRKLƏRİN QALDIĞI YER

Bura Şamaxıda “Kür-Araz” qəsəbəsi adlanır və Zoğalabay çayının yanındadır. Şamaxını azad edən qəhrəman türk əsgərləri müvəqqəti olaraq burada, çadırlarda yaşayırdılar.

BU MƏZAR ŞAMAXI SAKİNİNDİR

1918-ci ildə ermənilər yüzlərlə günahsız şamaxılını qətlə yetiriblər. Bu məzar onlardan birinindir. Qəhrəman türk əsgərləri ermənilərin dinc vətəndaşlara qarşı olan qətliamının qarşısını aldılar.

“NARINQALA”DAYIQ

Şamaxı rayonunun “Narınqala” ərazisindəyik. Ermənilər ən çox şamaxılını 1918-ci ildə burada qətlə yetiriblər. Bu yerdə onların xatirələrinə abidə ucaldılıb. Abidənin lövhəsində bildirilir ki, ermənilər Şamaxının 80-dən çox kəndində 12 000 (on iki min) insan qətlə yetiriblər. Nuru Paşanın başçılıq etdiyi qəhrəman Türk əsgərləri gəlməsəydilər, bu öldürülənlərin sayı daha çox olacaqdı.

BAKIDA İZLƏR

1. Bura M. Maqomayev adına Dövlət Filarmoniyasıdır. Məşhur Bakı milyonçusu M. Nağıyevin 1912-ci ildə tikdirdiyi bu binada Nuru Paşanın şərəfinə böyük bir ziyafət verilmişdi. 1918-ci ilin noyabrın 10-da keçirilən bu ziyafətdə Azərbaycanın görkəmli dövlət xadimləri M. Ə. Rəsulzadə, F. Xoyski, N. Yusifbəyli, H. Ağayev çıxış edərək Nuru Paşanı salamlamış, onun haqqında dəyərli fikirlər söyləmişlər.

Görkəmli şəxsiyyət olan Üzeyir Hacıbəyli isə “Azərbaycan” qəzetinin 1918-ci il 11 noyabr sayında bu tədbiri geniş şəkildə işıqlandırmışdı.

2. Bura da tarixi bir yerdir. Bura vaxtilə “Qırmızı Qışla” adlanırdı. Bu yer indiki BDU-nun ərazisindən Biləcəriyədək olan sahəni əhatə edirdi. Nuru Paşanın əmri ilə 1918-ci ilin sentyabrın 16-da Xilaskar ordunun – Qafqaz İslam Ordusunun ilk rəsmi hərbi keçidi burada olmuşdu.

3. Bura da tarixi bir yerdir. Keçmiş “İsmailiyyə” binası ilə(İndiki Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binası) üzbəüz olan bu ikimərtəbəli ev “mehmanxana” idi. Nuru Paşa Bakıda olduğu müddətdə məhz burada yaşayırdı.

4. Bura isə məşhur “Metropol” mehmanxanasıdır. Qafqaz İslam Ordusunun zabit və əsgərləri əsasən burada yaşayırdılar. Bu tarixi binada hazırda Nizami adına Ədəbiyyat Muzeyi yerləşir.

5. Bura Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin yeməkxanası idi. “Metropol” mehmanxanasının yaxınlığında yerləşən bu bina indi “Azərbaycan” kinoteatrı kimi fəaliyyət göstərir.

6. Bu teatr binasını məşhur Bakı milyonçusu H. Z. Tağıyev tikdirib. 1888-ci ildə tikilən bu binada 1918-ci ildə, M. B. Məmmədzadənin “Bakı uğrunda müharibə”, böyük dramaturq C. Cabbarlının “Bakı müharibəsi” pyesləri tamaşaya qoyulub. Hər iki əsər Nuru Paşanın və Qafqaz İslam ordusunun fədakarlığına həsr edilmişdi.

7. Burada Azərbaycan Tarix Muzeyi yerləşir. Bina məşhur Bakı milyonçusu H. Z. Tağıyevin mülkü olub. H. Z. Tağıyev bu mülkünü 1888-ci ildə inşa etdirib. 1918-ci ildə Bakının azad edilməsi münasibəti ilə Nuru Paşanın şərəfinə böyük bir ziyafət verib. Ziyafətdə Nuru Paşa və türk zabitləri, eləcə də Azərbaycanın tanınmış dövlət xadimləri və ziyalısı iştirak edir.

8. Bura Sahil bağıdır. 1918-ci ilə qədər Birja meydanı olub. Sonradan Azadlıq Meydanı adlanıb. Sovet hakimiyyəti illərində isə Azərbaycan xalqına düşmən mövqedə olmuş “26-lar” dəfn edilmişdir.

1918-ci ildə Bakı azad edildikdən sonra buraya toplaşan şəhər sakinləri böyük izdiham və təntənə ilə Nuru Paşanı salamladılar.

9. Bura vaxtilə “Çəmbərəkənd” qəbirstanlığı adlanıb. Bakını azad edərkən şəhid olmuş türk əsgərləri burada dəfn edilmişdi. Sovet hökuməti illərində bu qəbirstanlıq dağıdılmış və yerində park salınmışdı. “Çəmbərəkənd” qəbirstanlığının bir hissəsi olan bu yerdə hazırda Şəhidlər Xiyabanı salınıb və burada 20 Yanvarda qətlə yetirilmiş şəhidlərimiz uyuyur.

10. Hacıqabul-Nəvai-Bakı şosse yolu. 1918-ci ilin avqust-sentyabr aylarında, isti və qızmar günəş altında, olduqca ağır hava şəraitində qəhrəman Türk əsgərləri bu yolla gedərək Bakını azad etmişdilər.

11. Biləcəri yüksəkliyinə və buradan da Bakıya daxil olan yol budur. Qəhrəman türk əsgərlərinin bir hissəsi də burada döyüşüb şəhərə daxil olmuşdular.

12. Kürdəmir-Kərrar stansiyası. Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam ordusu burada qanlı döyüşlər aparıb, düşməni geri oturtdular. Erməni daşnakları bu məğlubiyyətdən sonra geriyə - Hacıqabula tərəf gediblər.

MƏRDƏKANDA MƏZARLAR

Bakını azad etmiş qəhrəman Türk əsgərlərindən ikisinin məzarı Mərdəkanda qorunub saxlanılır. Mərdəkandakı 23 saylı məktəbin həyətində olan bu məzarlara yerli sakinlər və məktəblilər böyük ehtiram göstərirlər.

NOVXANI QƏBİRSTANLIĞINDA

Novxanıdan olan çoban Əliisgəndər Əsəd oğlu və Seybəl əmi “maralan düzü” deyilən əkin sahəsində dəfn olunmuş iki türk əsgərinin cənazələrini ümumi qəbirstanlıqda dəfn etmək qərarına gəlirlər. Kənd camaatının köməyi ilə “aşağı qəbirstanlıq” deyilən yerdə türk şəhidlərini dəfn edirlər. Onlar Novxanı kəndinin əhalisini erməni qəsbkarlarından qoruyarkən həlak olmuşdular. Qəbirlərin üstündə Şıxəli Qurbanovun bu misraları həkk edilmişdi:

Eşidib fəryadın Azərbaycanın,

Tərəddüd etmədən dada yetişdim.

Xalqımın yolunda keçib canımdan,

Əbədi şöhrətə - şana yetişdim.

1949-50-ci illərdə, bağlar şəhərlilərə paylanarkən Balamirzə Hacımirzə oğlu bağ sahələrində dəfn edilən iki türk əsgərinin cənazələrini kənd qəbirstanlığına köçürüb.

Bundan əlavə Şəkidə, Neftçalada, Qazaxda da Azərbaycanı azad etmiş Türk əsgərlərinin məzarları vardır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84