Azərbaycanda müxalifət kimdir? - Siyasi səhnədə köhnə oyun...

15:53 - 07 Sentyabr
    2500 oxunma

2018-ci ildə keçirilən prezidenti seçkilərindən sonra hakimiyyət komandası əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayıb. İqtidar nümayəndələri dəyişiklikləri Prezident İlham Əliyevin elan etdiyi islahatlar kursu ilə izah edirlər. İctimai müzakirələrdə isə komandanın yenilənməsini iqtidardaxili qruplaşmalar arasında gedən mübarizənin təzahürü kimi də qiymətləndirənlər var. Hər halda artıq hakimiyyət yeni kadrlarla zəngindir və iqtidar Azərbaycan üçün çox həssas dövrə faktiki olaraq yeni komanda ilə qədəm qoyub.

Bəs müxalifət düşərgəsində vəziyyət necədir? Uzun illər Azərbaycan müxalifətində iki partiya dominantlıq edib. Bunlar Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarıdır. Müxalif cameədə təmərgüzləçmə əsasən bu partiyaların ətrafında baş verib.

2005-ci ildən isə AXCP Müsavatı da üstələyərək ölkənin bir nömrəli müxalif partiyası adına iddia edib. AXCP-nin qərargahından çıxarılması, yerli strukturlarının faktiki olaraq dağıdılması, fəaliyyətinin iflic edilməsi, sədri Əli Kərimliyə pasport verilməməsi, xeyli sayda üzvünün həbs olunması bu partiyanı digər müxalif təsisatlardan önə çıxarıb. Digər tərəfdən, Müsavat Partiyasının 2005-ci ildə parlamentə getməsi bu təşkilatın prinsipiallığına kölgə salan olay oldu.

Bu isə AXCP-nin hakimiyyətlə ardıcıl və prinsipial mübarizə aparması barədə ictimai rəyi bir qədər də gücləndirdi. Hazırda AXCP Azərbaycan hakimiyyətinə qarşı barışmaz mövqe sərgiləyən yeganə müxalif təşkilat kimi tanınır. Elə bu səbəbdən digər müxalifət partiyalarının onunla əməkdaşlıq etməsi, yaxud müttəfiq olması müşkülə çevrilib.

Çünki AXCP ilə yanaşı dayanmaq iqtidarın qəzəbinə tuş gəlmək kimi bir təhlükə yaradır. Bu isə onsuz da zəif olan digər müxalif partiyaların tamamilə sıradan çıxarılmasına gətirib çıxa bilər. Hətta Müsavat Partiyası belə artıq AXCP ilə təmaslara ehtiyatla yanaşır. Halbuki, hər iki partiya Rəsulzadə-Elçibəy siyasi platformasından çıxış etməsi səbəbindən bu təşkilatların əməkdaşlığı, yaxud birliyi o qədər də müşkül məsələ olmamalıdır. Lakin iqtidarın da AXCP və onun sədrinə qarşı barışmaz mövqeyi Müsavatı, eyni zamanda digər müxalif siyasi təşkilatların bu partiyadan uzaq salıb.

Müxalifət düşərgəsinə yeni nəfəs gətirəcəyi gözlənilən Respublikaçı Alternativ Partiyası (REAL) da özünü doğrultmayıb. REAL sədri İlqar Məmmədovun həbsdən çıxdıqda sonra əvvəlki radikal mövqe nümayiş etdirməməsi, digər müxalif partiyalarla əməkdaşlığa meylli görünməməsi, əksinə, açıqlamarında onları hakimiyyətin maraqlarına xidmət etməkdə suçlaması onunla bağlı müəyyən şübhələrə yol açıb. 9 fevral 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra isə müxalif cameədə REAL-a qarşı ittihamlar daha da sərtləşib. Artıq açıq şəkildə bu partiyanın hakimiyyətlə işbirliyində iddia olunur.

Doğrudur, REAL-çılar bu iddiaları israrla təkzib edir. Partiyanın qurucu üzvlərindən olan deputat Erkin Qədirli REAL-ın sadəcə acı həqiqətləri “şirin dillə” diqqətə çatdırdığını və bu baxımdan, hakimiyyətin də onlara loyal yanaşdığını bildirir. Lakin müxalif camedə təmsil olunanların əhəmiyyətli hissəsi bu yanaşmanı qəbul etmir. Beləliklə, hazırda müxalif düşərgəsinin əsas müxalif partiyaları arasında hakimiyyətlə mübarizəyə fərqli baxışlar var və bəzi hallarda mövqelərin ziddiyyət təşkil etməsi konyuktur maraqlardan doğur. Bu isə müxalif düşərgənin bir araya gələrək cəmiyyəti toparlamasını əngəlləyir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84